Sorğuya görə müsəlmanların əksəriyyəti Clinton-a səs verəcək

0
654

Müsəlman seçicilərin 86 faizi Hillary Clinton-a səs verməyi düşünür

Yeni sorğu çoxdankı şübhələri təsdiqləyib: Amerika müsəlmanlarının böyük əksəriyyəti Demokratlar Partiyasının namizədi Hillary Clinton-u respublikaçıların namizədi Donald Trump-dan üstün tutur.

Amerika-İslam Münasibətləri Şurasının (CAIR) bütün ölkəni əhatə edən sorğusunun ötən gün dərc edilmiş nəticələrinə görə, qeydiyyatdan keçmiş müsəlman seçicilərin 86 faizi noyabrın 8-də səs verməyi düşünür. Rəyi soruşulanların 72 faizi Clinton-a səs verəcəyini deyir.

 

Cəmi 4 faiz Trump-ı seçir?

Sorğuya qatılan 800 nəfərin cəmi 4 faizi Trump-a səs verəcəyini söyləyib. Respondentlərin 3 faizi Jill Stein-a, 2 faizi də Gary Johnson-a səs verməyə hazırlaşır.

Rəyi soruşulanların 91 faizi müsəlmanları ölkəyə buraxmamaq barədə Trump-ın təklifini yanlış sayır.

Respondentlərin 85 faizi islamofobiyanın artdığını düşünür. Onların 30 faizi isə ötən il ayrıseçkiliyin qurbanı olduğunu bildirib.

 

Sorğu nəticələrinə görə…

Respublikaçılar Partiyasının müsəlmanlara mənfi yanaşdığını düşünən respondentlərin nisbəti 62 faizə yüksəlib. 2012-ci ildəki sorğuda bu nisbətin 51 faiz olduğu üzə çıxmışdı. Müsəlman respondentlərin 6 faizi Respublikaçılar Partiyasının tərəfdarıdır. Əvvəlki seçkilərdə (2008 və 2012-ci illərdə) bu göstərici 8 və 9 faiz olub.

CAIR rəsmisi Robert McCaw-nun sözlərinə görə, Respublikaçılar Partiyasını dəstəkləyən müsəlmanlar öz vətəndaş hüquqları yox, daha çox iqtisadi maraqları barədə düşünürlər.

“Respublikaçı müsəlmanların hələ də partiyanın yanında olmasının səbəbi partiyanın iqtisadi platformasının onların maraqlarına cavab verməsidir”, McCaw deyir.

 

Sorğunun nəticələri göstərir ki…

Amerika müsəlmanlarını təlaşlandıran başlıca problemlər vətəndaş hüquqları, təhsil, iş yerləri və iqtisadiyyat, şagirdlərin hücumlardan qorunması, Trump-ın təklif etdiyi ölkəyə giriş qadağası, terrorizm və milli təhlükəsizlikdir.

“Sorğumuzun nəticələri onu göstərir ki, Amerikanın müsəlman seçicilərini razı salmağa namizədlərin vaxtı var. Vətəndaş hüquqlarının aşınması və artmaqda olan islamofobiya kimi problemlərə toxunmaqla, onlar bunu edə bilərlər”, – Robert McCaw belə deyib.

BIR CAVAB BURAXIN