SOCAR “Azəriqaz” İB-də şəhidlərimizin əziz xatirəsi yad edildi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarix yazmağa başladığı gündən 2 il ötür. Hərbi dərsliklərə salınacaq Vətən müharibəsini 44 günə qazanan Azərbaycan xalqı bu gün şəhidlərini hörmətlə anır, qazi və müharibə iştirakçıları ilə qürur duyur.
Qanunla.Az xəbər verir ki,bu məramın davamı kimi SOCAR “Azəriqaz” İstehsalat Birliyində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. O veteranlar ki, hazırda Birlikdə əmək fəaliyyəti ilə məşğuldurlar. Tədbirə başlamazdan öncə vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra qurumun rəhbər şəxsləri ilə birgə müharibə iştirakçıları şəhidlərimizin xatirə lövhəsi önünə gül dəstələri qoyublar. Anım mərasimi çərçivəsində Birlik rəhbərliyi “Azəriqaz” İB-də çalışan qazi və müharibə iştirakçılarının əmək şəraiti ilə maraqlanıblar. Ölkə başçısının şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açan Birliyin baş direktorunun istismar üzrə müavini Cahid Hüseynov onlardan problemlərini rahat şəkildə səsləndirmələrini xahiş edib. Vətən müharibəsində şücaət göstərən əməkdaşlarımızdan Şəhriyar Hüseynov, Surac İsgəndərov, Amid İmanov və başqaları iş yerlərinin dəyişdirilməsi, tarif dərəcələrinin artırılması və s. ilə bağlı fikirlərini bildiriblər. Birlik rəhbərliyi qaldırılan məsələlərin həll olunması və onlara tezliklə köməklik göstərilməsi üçün Birliyin İnsan Resursları Departamentinin rəisinə göstəriş veriblər.