Sirri açılmayan yoxaçıxmalar (4)

0
749
OLYMPUS DIGITAL CAMERA

Sirli şəkildə yoxaçıxmalar son 200 ildə demək olar dünyanın bütün ölkələrində baş verir. Ancaq nə qədər qəribə olsa da, belə sirli yoxaçıxmalar ən çox Amerikada baş verir. Hələlik tədqiqatçılar bütün bunların səbəblərini açmaqda çətinlik çəkməkdədirlər.

Əlbəttə, ayrı-ayrı adamların müəmmalı şəkildə yoxa çıxmalarına hansısa səviyyədə müxtəlif ehtimallarla haqq qazandırmaq mümkün olsa da, insanların, kəndlərin kütləvi şəkildə yoxa çıxmasını izah etmək mümkün deyil. İş orasındadır ki, nəinki kəndlərin, qəsəbələrin, həm də əsgərlərin kütləvi şəkildə yoxa çıxmaları məlumdur. Yəni müəmmalı şəkildə yoxaçıxmalar qorxulu xəstəlik kimi yalnız ayrı-ayrı insanları və insan kütlələrini deyil, həm də hərbçiləri “yoluxdurmaqda” idi. Ola bilsin ki, bunun arxasında hansısa anolmal hadislər dayanırdı.

İngilis əsgərlər haraya yox oldular?

İnsanların kütləvi şəkildə yoxa çıxmalarının ardınca analoji hadisələrin hərbçilərlə müqayisədə də özünü göstərməsi olduqca düşündürücü idi. I Dünya müharibəsi zamanı əsgərlərin kütləvi şəkildə yoxa çıxması da bunun daha bir sübutu hesab edilə bilər. 1915-ci ildə I Dünya müharibəsinin qızğın çağında İngiltərənin yaxşı təlim görmüş Norfolk batalyonunun 145 əsgəri Balkanlarda düşmən üzərinə hücuma atılmışdılar. Onların ardınca digər əsgərlər də hücuma keçməli idilər. Amma səngərlərdə dayanıb düşmən üzərinə hücum əmrini gözləyən ingilis əsgərlərinin gözləri qarşısında qeyri-adi bir hadisə baş verdi. Gözlənilmədən hücuma keçən Norfolk batalyonunun 145 əsgəri qatı dumana büründülər. Halbuki əsgərlər hücuma keçən anda hava günəşli, göy üzü də tər-təmiz idi. Səngərdə dayananlar baş verən hadisədən yerlərində donub qalmışdılar. Heç kim günəşli havada qəfildən dumanın haradan peyda olduğunu anlaya bilmirdi. Duman çəkildikdən sonra əsgərlər yoxa çıxmışdılar. Onların düşmən tərəfindən məhv edilməsindən söhbət belə gedə bilməzdi. Çünki qarşı tərəfdən atəş səsləri gəlmirdi. Amma duman özü ilə əsgərləri haraya isə aparmışdı… Onları bir daha görən olmadı. İngilis ordu komandanlığı dərhal baş verənlərin yoxlanılması barədə göstəriş verdi. 145 əsgərin haraya yoxa çıxmasını aydınlaşdırmaq üçün İngiltərənin ən yaxşı kəşfiyyatçıları, hərbi tədqiqatçıları bu işə cəlb edilmişdilər. Bununla bağlı həmin an səngərlərdə olan yüzlərlə əsgər sorğu-sual edildi. Ancaq onların istintaqa verdiyi ifadələrin hamısı demək olar eyni idi: Havadan bulud gəldi və 145 əsgər bundan sonra yoxa çıxdı. İngilis kəşfiyyatı müxtəlif yollarla qarşı tərəfin baş verən hadisəyə münasibətini öyrənmək üçün həm rəsmi, həm də qeyri-rəsmi kanallarını işə saldı. Məlum oldu ki, qarşı tərəf (Osmanlı əsgərləri) də baş verənlərin şahidi olublar və onlar da bundan çaş-baş düşüblər. Bununla belə İngiltərə Müdafiə Nazirliyi I Dünya müharibəsi başa çatandan illər sonra da 145 əsgərin müəmmalı şəkildə yoxa çıxmasını araşdırmaqda davam etdi. Lakin heç yerdə onların izləinə rast gəlmək mümkün olmadı.

İngilis əsgərlərinin müəmmalı şəkildə yoxa çıxmasından təqribən 1 il sonra hadisə yerindən minllərlə kilometr uzaqda, Fransanın kiçik Amyen kəndinin yaxınlığında daha bir analoji hadisə baş verdi. Həmin vaxt fransızlarla döyüşə hazırlaşan alman əsgərlərinin bir rotası müəmmalı şəkildə yoxa çıxdı. Alman əsgərlərlə üzbəüz səngərdən hücuma keçən ingilis əsgərlər düşmənin hər hansı müqavimətinə rast gəlmədən qarşı tərəfin mövqelərinə daxil oldular. Səngərdə gördüklərindən isə ingilis əsgərləri heyrətə düşdülər. Alman əsgərlərinin silahları döyüşə hazır vəziyyətdə səngərlərdə atılıb qalmışdı. Ətrafdakı ocaq üstündə əsgər paltarları, əsgər çəkmələri qurudulurdu, qazandakı yemək iyi hər yeri bürümüşdü. Amma hansısa hadisənin təsiri altında alman əsgərləri yoxa çıxmışdı. İngilis əsgərləri əvvəlcə elə zənn etdilər ki, düşmən sadəcə olaraq qorxudan vahimə içərisində hər şeyi ataraq səngərləri tərk ediblər. Lakin buna da inanmaq çətin idi. Çünki cəbhənin bu hissəsində alman əsgərləri ilə ingilislər arasında hər qarış topraq uğrunda ölüm-dirim savaşı gedirdi. Ona görə də, baş verən hadisənin arxasında hansısa düşmən tələsinin ola biləcəyini düşünən ingilis əsgərləri komandanlığın əmri ilə dərhal düşmən səngərlərini tərk edərək geriyə öz mövqelərinə qayıtdılar. İngilis əsgərləri 3-4 gün öz səngərlərində dayanaraq alman səngərlərində baş verənləri müşahidə etməyə başladılar. Lakin düşmən tərəfdə hər hansı bir hərəkət nəzərə çarpmırdı. Ona görə də, səbri tükənən ingilis komandanlığı yenidən düşmən səngərləri üzərinə hücum əmri verdi. Əsgərlər səngərlərə ehtiyatla yaxınlaşdılar. Yenə də onlar eyni mənzərə ilə rastlaşdılar. Səngərlər analoji vəziyyətdə, yəni bom boş idi. İngilis əsgərləri yeni mövqedə döyüşə hazır vəziyyətdə dayandılar. Bu arada alman komandanlığı ingilis komandanlığına müraciət edərək səngərlərdəki alman əsgərlərin taleyi ilə maraqlandılar. Onlar elə zənn edirdilər ki, alman əsgərləri könüllü şəkildə döyüşmədən qarşı tərəfə əsir düşüblər. Lakin alman komandanlığı baş verən hadisədən xəbər tutanda uzun müddət buna inana bilmədi. Əvvəlcə alman komandanlığı bunu ingilis kəşfiyyatının oyunu hesab etdi. Ona görə də, kəşfiyyata əmr edildi ki, alman əsgərlərinin olduğu səngərlərdəki ingilis əsgərlərindən bir neçəsi tutularaq dindirilsin. İki gün ərzində alman kəşfiyyatı 12 ingilis əsgərini tuta bildi. Onlar sorğu-suala tutularkən bir-birilərindən xəbərsiz eyni ifadə verdilər: Səngərlərə hücum edərkən ora bom-boş idi. Hətta silahlara belə əl dəyilməmişdi, yemək qazanda isti idi. Paltar və ayaqqabılar belə qurudulmaq üçün ocaqların ətrafından asılmışdı.

Buna baxmayaraq alman komandanlığı digər yollarla da baş verənləri öyrəndi. İngiltərə Müdafiə Nazirliyində çalışan alman casus da analoji hadisədən ingilislərin şoka düşdüyünü və bunun almanların hansısa hiyləsi olması barədə düşündüklərini bildirdi. I Dünya müharibəsi başa çatandan sonra belə yenə almanlar dəfələrlə ingilislərə müraciət edərək əsgərlərinin taleyi barədə məlumat vermələrini xahiş etdilər. Ancaq İngiltərə Müdafiə Nazirliyi israrla baş verən məsələdən xəbərləri olmadığını və onların da bunun səbəblərini anlamaqda çətinlik çəkdiklərini bəyan etdilər. Beləliklə, bu günə kimi alman əsgərlərin Amyen ətrafında müəmmalı şəkildə yoxa çıxmasının səbəbləri məlum deyil…

Çin hərbi komandanlığı da analoji hadisə ilə üzləşir

Digər analoji hadisə 1937-ci ildə çinli əsgərlər ilə baş verdi. 1937-ci ilin dekabr ayında Yaponiya ilə müharibə vəiyyətində Çin generalı Li Fuşi Yantszı çayı ətrafında düşmən hücumunun qarşısını almaq üçün oraya 3 min nəfər əsgər göndərdi. Ancaq əsgərlər təyinat yerinə gedib çıxa bilmədilər. Belə ki, Çin kəşfiyyatı ertəsi gün məlumat verdi ki, əsgərlər təyinat yerinə gedib çıxmayıblar. Hadisə yeri qarış-qarış yoxlanıldı. Lakin orada döyüş baş verməmişdi. Bəs onda çinli əsgərlər haraya yoxa çıxmışdılar? Çin komandanlığı heyrətə düşmüşdü. Ola bilməzdi ki, bu qədər əsgər özlərindən sonra hər hansı bir iz buraxmadan yoxa çıxsınlar. General Li Fuşi Yaponiya tərəfindən məsələ ilə bağlı izahat istədi. Onlar da öz növbələrində çinli əsgərlərlə qarşılaşmadıqlarını və hətta qarşı tərəfin nə üçün hücum edən yapon əsgərlərdən müdfiə olunmadıqlarının səbəblərini anlaya bilmədiklərini və bundan heyrət içində olduqlarını bəyan etdilər. Çin komandanlığının bütün cəhdlərinə baxmayaraq çinli əsgərlərin müəmmalı şəkildə yoxa çıxmasının səbəblərini müəyyən etmək mümkün olmadı. II Dünya müharibəsində Yaponiyanın məğlub olmasından sonra Çin hökuməti müttəfiq komandanlığına müraciət edərək Yaponiyanın gizli arxivində yoxa çıxan əsgərlərin taleyi barədə məlumatların olub-olmamasının aydınlaşdırılmasını xahiş etdilər. Lakin Yaponiyanın gizli arxivlərində də bu barədə məlumat yox idi. Belə güman edilir ki, çinli əsgərlər də I Dünya müharibəsi dövründə müəmmalı şəkildə yoxa çıxan ingilis və alman əsgərlərinin taleyini yaşayıblar. Analoji hadisələr yalnız yerdə deyil, havada da baş verməkdə idi. Məsələn, 1944-cü ildə Almaniyanı bombardman edən Amerika hərbi hava aviasiyası təyyarəçiləri də onları işıqsaçan obyektlərin izlədiklərinin şahidi oldular.

Əziz Mustafa

BIR CAVAB BURAXIN