Sirli qitə: Antarktida

0
1108

 

Yer kürəsinin 6-cı və olduqca unikal, təkraredilməz qitəsi hesab edilən Antarktida sivilizasiyamız üçün hələ də kəşf edilməmiş bir ada olaraq qalmaqdadır. Coğrafi baxımdan həm Atantik, həm Hind, həm də Sakit okeana birbaşa çıxışı olan və əbədi buzlaqlar qitəsi kimi tanınan Antarktida digər qitələrdən daha bir özünəməxsusluğu ilə seçilir. Bu qitədə bütün saat qurşaqları mövcuddur və bununla da digər 5 qitədə olan zaman ölçülərini özündə qovuşdurmaqla sanki bir daha özünün unikallığını bəşər oğluna nümayiş etdirir. Antarktida qitəsi həm də ən gec kəşf edilən qitələrdən biridir. 1820-ci ildə məşhur dəniz səyyahı Bellinsqauzen tərəfindən aşkar edilən əbədi buzlaqlar qitəsi bundan sonra sanki unuduldu. Lakin ötən əsrin 30-cu illərindən başlayaraq Antarktida tədqiqatçıların diqqətini yenidən özünə cəlb etdi. İkinci dünya müharibəsindən sonra isə bu sirrli və müəmmalı qitəyə dünya ağalığı uğrunda mübarizə aparan SSRİ və ABŞ tərəfindən yeni ekspedisiyalar təşkil edilməyə başladı. Nəticədə əvvəlcə Antarktidada müvəqqəti, sonra isə il boyu işləyən elmi ekspedisiyalar fəaliyyətə başladı.

Qeyd edək ki, Antarktida Yer kürəsinin ən soyuq qitələrindən biridir və burada hətta yayda temperatur sıfır dərəcədən yuxarı qalxmır. Qitənin 99 faizi 5 kilometr qalınlığı olan buzla örtülüdür və burada ilin bütün fəsillərində güclü qasırğalar və küləklər ağalıq edir. Məhz bu səbəbdən də bu qitə insanlar tərəfindən məskunlaşdırılmayıb. Bununla belə hər il yayda Antarktidaya turist kimi gedənlərin sayı artmaqdadır. Turistləri və tədqiqatçıları Antraktidaya cəlb edən bir məsələ də qitənin açılmamış sirrləridir. Bu baxımdan da Antarktida ətrafında çoxlu sayda əfsanələr və rəvayətlər dolaşmaqdadır.

Antarktida, yoxsa Atlantida?

Əbədi buzlaqlar qitəsi ilə bağlı son 50-70-ildə irəli sürülən ən maraqlı ehtimallardan biri də adı əfsanələrdə yaşayan və Yer kürəsinin hər nöqtəsində izi axtarılan Atlantida ilə bağlıdır. Hələ yarım əsr bundan əvvəl İtaliyada nəşr edilən “Europeo” jurnalında Amerika alimləri tərəfindən Atlantidanın izlərinin Antarktidada tapılması barədə məlumat getmişdi. Bu məlumat o vaxt bütün dünyada, o cümlədən tanınmış alimlər və tədqiqatçılar arasında bir şok effekti əmələ gətirmişdi. Atlantidanın izlərinin məhz Antarktidaya gedib çıxması barədə Amerika alimlərinin səsinə səs verən italiyalı tədqiqatçı Barbiyero Flavio dünya alimləri tərəfindən Atlantida və Antarktida barədə deyilənləri toplayaraq və inkişaf etdirərək “Buzlaqlar altındakı sivilizasiya” adlı kitab nəşr etdirdi. Barbiyero Flavionun fikrincə əfsanəvi atlantların dövləti və vətəni olan Atlantida indiki Antarktidanın buzlaqları altındadır. Alimin fikrincə Antarktida 10-15 min il bundan əvvəl mülayim iqlimə malik olub. Atlantlar məhz bu qitədə yaşayaraq dünyanın bu günə kimi həsəd apara biləcəyi yüksək sivilizasiya qurublar.

Başqa planetlərə də uçub getməyi bacaran atlantların ana vətənlərinin məhvinə səbəb kimi isə italiyalı tədqiqatçı nəhəng göy cismini göstərir. Onun ehtimalına görə naməlum göy cisminin, çox güman ki, meteoritin Atlantida ilə toqquşması nəticəsində bu əfsanəvi qitə Yer üzərindən silinib. Barbiyero Flavio bu hadisənin eramızdan təxminən 10-12 min ilə əvvəl baş verdiyini iddia edir. Barbiyeri Flavio diqqəti həmçinin Antraktidanın coğrafi baxımdan olduqca əlverişli məkanda yerləşdiyinə və onun Afrika, Asiya və Avropanın həmçinin Atlantik, Hind və Sakit okean arasında yerləşdiyinə diqqəti cəlb edib. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, vaxtı ilə şimal maqnit qütbü Asiyanın şərqində yerləşib. Nəticədə Antarktida qədim sivilizasiya məskənləri hesab edilən Mərkəzi Amerika, Mespotamiya (İki çay arası- Dəclə-Fərat), Hindistan və Misirlə eyni iqlim qurşağında yerləşib. İtaliyalı tədqiqatçı belə hesab edir ki, baş verən dəhşətli hadisədən sonra şimal maqnit qütbü yerini dəyişməyə məcbur olub və bu da nəticədə Atlantidada havaların kəskin soyumasına gətirib çıxarıb. Bunun ardınca qədim sivilizaisya mərkəzi buzlaqlarla örtülüb. Sağ qalan atlantlar isə digər qitələrə köç etməyə məcbur olublar. Hələlik Antarktidanın məhz əfsanəvi Atlantida olmasını sübut etmək mümkün olmasa da, adı çəkilən qitədə baş verən hansısa hadisə nəticəsində şimal qütbünün öz yerini dəyişməyə məcbur olması alimlər tərəfindən qismən sübuta yetirilib.

Şimal maqnit qütbünün öz yerini dəyişməsinə bir səbəbin də vaxtı ilə Antarktidada baş verən dəhşətli təbii kataklizmlərin, hətta nüvə müharibəsinin ola bilməsi də istisna edilmir. Çünki Yer kürəsinin oxunun yerini birdən-birə dəyişməsi ağlabatan görünmür. Adətən belə hallar nüvə müharibəsi və ya təbii fəlakətlər nəticəsində baş verə bilər. Yeri gəlmişkən xatırladaq ki, ötən il əvvəlcə Haitidə, sonra isə Çilidə baş verən zəlzələlər nəticəsində yerin oxunun yerini azacıq dəyişdiyi məlumdur.

Əziz Mustafa

BIR CAVAB BURAXIN