100 ildən artıq bir müddətdir ki, Şimal qütbünün Kuk, yoxsa Piri tərəfindən kəşf edilməsi ətrafında gərgin müzakirələr davam etdirilməkdədir. Amma əsl həqiqətin Piri, yoxsa Kukun tərəfində olması barədə indiyə kimi təqiqatçılar arasında ortaq məxrəcə gəlmək mümkün olmayıb.
Məşhur tədqiqatçı Kukun Şimal qütbünü kəşfi ilə bağlı ilk məlumat 1909-cu il sentybar ayının 1-də yayıldı. Həmin vaxt “Nyu-York-Herald” qəzetinin redaktoru Qordon Bennetə vurduğu teleqramda Kuk 1908-ci il aprel ayının 21-də Şimal qütbünə çatdığını bildirimişdi. Beynəlxalq aləmdə bomba təsiri bağışlayan bu xəbəri Qordon dərhal dərc etdirdi. Qəzetin bütün sayları bir andaca satılaraq Bennetə böyük həcmdə gəlir gətirdi. Amma “Nyu-York-Herald”da dərc edilən bu xəbərdən bir həftə sonra sentyabrın 8-də “Nyu-York Tayms” qəzetinə Robert Piridən Kuku təkzib edən teleqram daxil oldu: “Mən Şimal qütbünə çatdım və ora ulduz sancdım. Burada səhv ola bilməz. Kuka inanmayın. Kuku müşayiət edən eskimoslar Kukun materikdən şimala getmədiyini söyləyirlər”. Bu da nəticədə beynəlxalq səviyyədə böyük qalmaqala səbəb oldu.
Həqiqət burulğanı…
Əslində Kukun və Pirinin şimal qütbünə səyahəti onların 1891-ci ildə Arktikada görüşündən sonra başlamışdı. O dövrdə Kuk Bruklində həkim işləyirdi. Pirinin Şimal qütbünə ekspedisiyada təcrübəli həkimə ehtiyac olduğu barədə verdiyi elanı oxuyan Kuk dərhal onun yanına gələrək xidmətini təklif etmişdi. 1891-1892-ci illərdə baş tutan Şimali Qrenlandiyaya ekspedisiya Pirinin komandası üçün ağır sınaq olmuşdu. Ekspedisiyaya çıxan gün yolda Piri yıxılaraq qıçını sınmışdı. Qütb soyuğunda bu, Pirinin ayağından məhrum olmasına gətirib çıxara bilərdi. Lakin Frederik Kuk Pirini müalicə edərək ona ekspedisiyanı sona kimi başa çatdırmasına imkan verdi. Sonralar Piri etiraf etmişdi ki, o soyuqqanlılığına, həkim peşəkarlığına, dözümlülüyünə görə Kuka borcludur. Amma ekspedisiya başa çatandan sonra Kuk Piri ilə işləməkdən imtina etdi və bunu onun başqasının uğuruna dözməməsi ilə izah etdi. Qeyd edək ki, Kuk hələ 1886-cı ildə Arktikanı tədqiq etməyə başlamışdı. O bununla da dünyanın məşhur adamlarından birinə çevrilməyi arzulayırdı. Piri ilə çıxdığı ekspedisiya zamanı Kuk yerli eskimoslar haqqında böyük material topladı və geriyə qayıtdıqdan sonra onların mədəniyəti barədə mühazirələrlə çıxış etməyə başladı. Lakin Piri dərhal ona bunu qadağa etdi. Çünki ekspedisiya üzvləri tədqiqatla bağlı materialları bir il ərzində çap etməmək barədə öhdəlik götürmüşdülər. Buna dözməyən Kuk isə Piridən ayrılaraq Şimal qütbünə təşkil ediləcək növbəti ekspedisiyada iştirak etməkdən imtina etdi. O dövrdə Piri faktiki olaraq Arktikanın tədqiqini özünün monopoliyasına almışdı və heç kimə oraya müdaxilə etməyə imkan vermirdi. 1888-ci ildə Qrenlandiyaya ekspedisiya təşkil edən gənv Fritof Nansen də Arktikanın tədqiqi məsələsində Pirinin müqaviməti ilə üzləşmişdi.Ona görə də Kuk cənub qütbündə çalışan Amundsen, Sverdrup və Skottla işləmək qərarına gəldi. 1897-ci ildə Belçikadan olan ekspedisiya ilə Cənub qütbünə gedən Kuk orada Amundsenlə görüşdü. Onlar birlikdə çalışmağa başladılar. Ekspedisiya zamanı Kuk komanda üzvlərinin yemək rasiyounu elə təşkil etmişdi ki, heç kim o dövrdə təqiqatçılar arasında vitamin çatışmazlığı nəticəsində çoxsaylı ölümlərə yol açan sınqa xəstəliyinə tutulmadı. Cənub qütbünə ekspedisiyadan qayıdandan sonra Kuk yenidən Qrenlandiyaya səfərlərdə iştirak etdi, Alyaska ilə tanış oldu. 1906-cı ildə o ilk dəfə Amerika qitəsinin ən hündür zirvəsi olan Mak-Kinliyə çıxmağı bacardı. 1907-ci ildə milyoner Con Bredli Arktikada ov etmək istəyirdi. Kuk bu işdə ona kömək etdi. Əvəzində Bredli Kukun Şimal qütbünə ekspedisiyasını maliyyələşdirməni öz üzərinə götürdü. Kuk Arktikaya ekspedisiyaya Piridən fərqli yolla getdi. Təbii ki, onun bu hərəkəti Pirini əsəbiləşdirdi və o Kuku vicdansızlıqda günahlandırdı. 1908-ci il mart ayının 18-də Kuk 13 it qoşulan iki qoşqu arabası, iki eskimos və minimum həcmdə ərzaqla qütb səfərinə çıxdı. Ekspedisiya olduqca ağır şəkildə keçdi. Soyuq, dondurucu Arktika küləkləri ekspedisiya üzvlərini çətin vəziyyətə salmışdı. Buna baxmayaraq Kuk səfər zamanı gördüklərinin hamısını qeydə alırdı. Aprelin 2-də Kuk yazırdı ki, qütbdə diqqəti cəlb edən elə şey yoxdur və onlar çox yorulublar, istirahatə ehtiyacları var. Piri isə fərqli yol seçmişdi və onun başçılıq etdiyi ekspedisiya üzvləri yolda rast gəldikləri hər şeyi elmi baxımdan tədqiq edirdilər. 1909-cu ildə Piri 23 xizək və onlarla adamla Arktikaya sonuncu ekspedisiyaya çıxdı.
Kukun səhvindən Piri istifadə edir
Kuk da ekspedisiyanı başa çatdırmaq və istirahət etmək üçün Devon adasında qışlamalı oldu. 1909-cu ilin aprel ayında Kuk qütbü yaxşı tanıyan eskimos ovçu Harri Uitni ilə tanış olur. Nəticədə Uitninin yardımı ilə Kuk Şimal qütbünə gedən yolu tapır və onu kəşf edir. O tələsik bu barədə ABŞ qəzetlərinə məlumat verməyi qərara alır. Yolu tez qet etsin deyə Kuk özünün yol qeydlərini və maddi sübutlarını Uitninin yanında qoyur və sonra geriyə qayıdaraq onları götürməyi planlaşdırır.
Bir təsadüf nəticəsində Piri ekspedisiyası ilə geri dönərkən Kukun qışladığı yerdə dayanır. Onunla söhbət zamanı Uitni Kuka Şimal qütbünün yolunu göstərdiyini və ona bələdçilik etdiyini söyləyir. Bunu görən Piri Kuku yalançı elan edir və onun əleyhinə mətbuatda böyük təbliğat maşınını işə salır. Həmin vaxt Kukun Şimal qütbünə gedib çıxması barədəki qeydləri və sübutları Uitninin əlində idi. Bunu eşidən Piri sadəlövh eskimosu aldadaraq Kukun Şimal qütbü barədəki qeydlərini və maddi sübutlarını onun əlindən alır. Nəticədə Piri Kukun qeydlərini öz adına çıxarır və onun maddi sübutlarından istifadə edərək Şimal qütbünü kəşf etdiyinə beynəlxalq ictimaiyyəti inandıra bilir. Kuk isə yalançı elan edilir. 1910-cu ildə Kukdan müsahibə götürən “Hemptons” jurnalı onun dediklərini redaktə edir. Nəticədə məlum olur ki, Kuk özünün yalançı olduğunu etiraf edib və Pirinin Şimal qütbünü kəşf etdiyini boynuna alıb. Halbuki Kuk Pirinin yaxşı tədqiqatçı olduğunu, onun Şimal qütbünü kəşf etməyə gücü çatdığını söyləmişdi. Nəticədə müsahibədə Piri haqqında Kukun söylədiyi ayrı-ayrı fikirləri bir neçə cümlədə bir araya gətirmişdilər. Bununla da guya Pirinin Şimal qütbünü kəşf etdiyi barədə Kukun etiraf etdiyi barədə rəy formalaşdırılmışdı.
Nəticədə 1911-ci ildə ABŞ Konqresinin alt palatası Pirinin Şimal qütbünü kəşf etməsi barədə qərar qəbul etdi. Piiryə kontr-admiral rütbəsi verildi və ona ən yüksək təqaüd kəsildi. Kuk isə qeydləri və maddi sübutları yoxa çıxdığından haqqını tələb edə bilmədi. Çünki ona dediklərini sübut etmək üçün Uitnini tapmaq lazım idi. O Uitninin isə harada olduğunu bilmirdi. Yenidən ekspedisiya ilə eskimos olan yerə getməyə onu axtarıb tapmağa isə Kukun vəsaiti yox idi.
Nəticədə Kuk bir daha Şimal və Cənub qütblərinə ekspedisiyalarda iştirak etmədi. Bununla belə Şimal qütbünün Kukun, yoxsa Pirinin kəşf etməsi barədə mübahisələr indinin özündə belə davam etməkdədir. Kukun Şimal qütbünü kəşf etməsi tərəfdarları o dövrdə onun Piridən əvvəl Uitni vasitəsi ilə Şimal qütbünə çatdığını deyirlər. Buna sübut kimi isə Pirinin ondan bir həftə sonra geriyə qayıdarkən Uitnidən bunu öyrəndiyini göstərirlər. Hər halda Pirinin Kukdan bir həftə sonra Uitni ilə görüşdüyü, onu aldadaraq bəzi əşyalarını aldığı barədə kifayət qəqər faktlar var. Sadəcə olaraq Kukun səhvi Piridən əvvəl Şimal qütbünə çatdığını bəyan etmək üçün yol qeydlərini və maddi sübutlarını Uitninin yanında qoyaraq tələsik geriyə dönməsi və bu barədə məlumat vermək istəməsi olub.
Hər halda Kukun tərədarı olan tədqiqatçılar əllərində olan ehtimalların doğru olduğunu iddia edirlər. Pirinin Kukdan bir həftə sonra Uitninin yanında olması və ondan sonra Şimal qütbünü kəşf etdiyi barədə vurduğu teleqram da Kukun xeyrinə işləyən sübutlardan hesab edilir. Lakin Kolumbun Amerikanı kəşf etdiyi zaman olduğu kimi bu dəfə də Şimal qütbünün kimin kəşf etməsi Kuk və Piri tərəfdarları arasında mübahisə obyekti olaraq qalmaqda davam edir.
Əziz Mustafa