“Sevgili”si tərəfindən zorlanmış 16 yaşlı qızın acı həyat dramı…

0
788

..Sevda anasını çoxdan itirib. Yaddaşının səhifələri arasında canlı surətini xatırlamır. Anasının ölümündən sonra atası içkiyə qurşanıb. Onu nənə-babasının himayəsinə veriblər. Beləliklə də, narkotik satışına görə həbsdə yatmış dayısı və əsəb xəstəliyindən müalicə olunan xalası ilə birgə yaşamağa məcbur olub.

16 yaşlı Sevda Babayeva ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında görüşdük. O, 3 ay əvvəl polislər tərəfindən bura gətirilib. Təşkilatın sədri Mehriban Zeynalovanın təklifi ilə müsahibə verməyə razı olur. Amma həyəcanlı olduğu hər hərəkətindən hiss edilir. Danışdıqca əlləri titrəyir, tez-tez qapıya boylanır. Səbəbini belə izah edir:

– Babam öləndən sonra o evdə yaşaya bilmirdim. Hər gün xalam məni döyürdü. Dayım həbsdən çıxandan sonra isə evdə tez-tez dava baş verirdi. Dayım xalamla, nənəmlə də yola getmirdi. Nənəmi evdən qovurdular, o da bəzən gecələr çöldə otururdu. Evdə bütün işləri mən görürdüm. Amma yenə də xalam, dayım məni döyürdü. Dayım məni məktəbdən də çıxardı. Dedi ki, qız uşağının oxumasına ehtiyac yoxdur. O qədər kəmərlə döyülmüşdüm ki, utandığımdan çölə çıxa bilmirdim. Sonuncu dəfə qəflətən qolumdan yapışıb məni divara çırpdı. Heç nəyə görə döyüldüyümün səbəbini də bilmirdim. Bir onu bilirdim ki, narkotik çəkib, buna görə də, nə etdiyini bilmir. Mən də evdən qaçdım.

– Sonra sığınacağa gəldin?

– Yox, yeni tanış olduğum oğlanla görüşdüm. Mənə deyirdi ki, səninlə evlənəcəm, bir də o evə qayıtmayacaqsan. Mən də onunla birgə getdim. Sonra…

Yenidən qapıya boylanır. Heç kimin gəlmədiyinə əmin olandan sonra ağlamağa başalayır. Sakitləşməsini gözləyirəm.

– Biz bir evə getdik. Axşam məni zorladı. Dedi ki, onsuz da sənin heç kimin yoxdur. Ona görə də, küçələrə düşəcəksən, pozğun olacaqsan. Amma mənim dediklərimlə razılaşsan, bu evdə qalarsan. Ağlamağıma baxmayaraq iki gün ərzində məni bir neçə dəfə zorladı. Sonra dayımgil bizi tapdı.

– Məktəbə də getmirdin. O oğlanla harada tanış olmuşdun?

– Məktəbin yanında görmüşdüm. Bir neçə dəfə telefonla danışmışdıq. Məni sevdiyini, evlənmək istədiyini demişdi. O deyirdi ki, evlənəndən sonra dayıngili bir də görməyəcəksən. O evdən xilas olacaqdım. Sonuncu dəfə döyüləndən sonra ona zəng vurdum, qaçmaq istədiyimi dedim. O da razılaşdı. Axşam bildim ki, o məni zorlayandan sonra fahişə olmağımı istəyir. Deyirdi ki, sən bu yolla çoxlu pul qazanacaqsan. Özünə maşın, ev ala biləcəksən. Bilirsiniz, xalam pis yolun yolçusudur. O da məni əvvəl-axır bu yola salacaqdı. Amma sevdiyim oğlan da məni aldatdı, məqdəsi pul qazanmaq olub.

– Dayıngil tapandan sonra nə baş verdi?

– Dayım polisə müraciət edibmiş. Məni evə apardılar, oğlanı isə həbs etdilər. Yaxın günlərdə məhkəməsi olmalıdır. Ailəsi evlənməyimizi təklif etdi. Amma mənimlə evlənsə belə, azyaşlı olduğum üçün onu cəzalandıracaqlar. Mən şikayətçi deyiləm. Onunla evlənməyə razı olmadım, amma izahatımda şikayətçi olmadığımı yazdım.

– Niyə, səni nə qorxudur?

– Bilirsiniz, dayım məni hər döyəndə özümü öldürmək istəmişəm. Azyaşlı olduğum üçün polis şikayətimə baxmırdı. Dayım, xalam polislərin yanında mənimlə yaxşı rəftar edirdilər. Amma evə gedəndə yenidən döyürdülər. Bu dəfə də məni evə apardılar, dayım yenə döydü, öldürmək istədi. Buna görə də, polislər mənim o evdə qalmağımı istəmədilər. Məni sığınacağa gətirdilər. O oğlan mənə pislik etdi. Amma o, məni cəsarətləndirməsəydi, evdən qaça bilməzdim. Mən o cəhənnəmdən xilas oldum. Həm də məhkəməyə getmək, yenidən xalamla, dayımla görüşmək istəmirəm. O günləri yenidən yaşamaq istəmirəm. İstəyirəm ki, bir daha onların üzünü görməyim.

– Bəs atan? Onunla görüşürsənmi?

– Dayım, xalam mənim üçün cəhənnəm deməkdir. Amma yenə də atamdan nifrət etdiyim qədər onlara kin bəsləmirəm. Əgər atam mənə sahib çıxsaydı, dayımın, nənəmin yanında yaşamazdım. Atam daim sərxoş olur. Araq onun üçün övladından əzizdir. Evimizi də satıb. Harada qaldığını bilmirəm. Qohumlar deyirlər ki, bu ailədə yalnız anan fərqli olub, atasına, anasına baxıb. O da ailəsindən qurtulmaq üçün atamı seçib. Amma atam ona sahib çıxa bilməyib, anamı çox incidib. Anam ürək tutmasından ölüb. Mən anamın taleyini yaşayıram. O ailə məni də məhv etdi. Amma bura gələndən sonra özümə inanıram. Sığınacaqdan çıxandan sonra işləyəcəyəm, özümə ev tutacağam. Məsələn, kim istəsə uşağına baxa bilərəm. Məktəbi bitirməsəm də əlifbanı, rəqəmləri bilirəm. Evləri yığışdıra bilərəm.

…Danışdıqca tez-tez təkrarlayır: “Hə, özümə əminəm. Sığınacaqdan sonra işləyə bilərəm”. Amma hər qapı açılanda diksinir. Mehriban Zeynalova deyir ki, Sevda ilə psixoloji iş aparılıb. Amma dayısı, xalası tərəfindən o qədər döyülüb ki, qorxu onu tərk etməyib. Hər şeydən – qapının möhkəm döyülməsindən, qışqırtıdan qorxur. 3 aydır bu qorxu onu tərk etmir. Yaşadıqlarını unutmaq üçün bəlkə də illər lazımdır…

 

 

Virtualaz.org 

BIR CAVAB BURAXIN