Sergey Markedonov Moskvanın torpaqları qaytarmaqda maraqlı olmadığını bildirib

0
682

Rusiya siyasi və hərbi analiz institunun şöbə müdiri, politoloq Sergey Markedonov bildirib ki, Moskva özünü Qarabağ münaqişəsinin həllinin tərəfdarı kimi göstərsə də, əslində bunda maraqlı deyil.

ANS PRESS-in məlumatına görə, həm də ABŞ-ın Vaşinqtonda yerləşən strateji və beynəlxalq araşdırmalar mərkəzinin əməkdaşı olan rus politoloq Ermənistanın “1in.am” portalına verdiyi müsahibəsində Rusiyanın Qarabağ ətrafı rayonları  Azərbaycana qaytarmaq fikri olmadığını bildirib: “Əgər bu rayonlar Azərbaycanın nəzarətinə verilərsə, Rusiya Ermənistanı itirə bilər. Azərbaycanın buna görə sağ ol deyib-deməyəcəyi də hələ ki, sual altındadır”.

“Əgər bu rayonlar Azərbaycanın nəzarətinə verilərsə, Rusiya Ermənistanı itirə bilər”.

Sergey Markedonov iddia edib ki, rayonların verilməsi yeni toqquşmalara səbəb ola bilər ki, bu, Moskvaya lazım deyil. Rus politoloq həm də münaqişənin həlli ilə bağlı ermənilərin ümid etdiyi hansısa Vyana prosesinin də olmadığını bildirib. Ermənistan tərəfi qoşunların təmas xəttində xüsusi mexanizmlər yerləşdirməklə status-kvonu əbədiləşdirmək istəyirlər və Vyanada bu məsələ ilə bağlı razılıq əldə edildiyini iddia edirlər. Markedonov isə münaqişənin həlli üzrə baza prinsiplərinin olmadığını bildirib.

Onun fikrincə, qərb ölkələri də bu münaqişəni həll etməyə ciddi maraq göstərmirlər: “Vaşinqton, ola bilər ki, problemin hansısa siyasi həllinə hazırdır, buna görə də status-kvonun müəyyən qədər dəyişməsi Birləşmiş Ştatlar üçün prioritetdir. Moskva da deyir ki, status-kvo ləğv edilməlidir, amma bunu könülsüz deyir. Bunu eləməyin mümkünsüz olduğunu anlayaraq, xüsusi həvəs olmadan deyir”.

Rus politoloqun fikrincə, Qarabağ münaqişəsinin həlli bundan sonra 50-60 il çəkə bilər: “Keyfiyyətli dəyişikliklər baş verməyənə qədər indiki “nə müharibə, nə sülh” vəziyyəti hələ 50-60 il də davam edə bilər. Atəş açacaqlar, görüşəcəklər, sonra yenidən atəş açacaqlar, sonra danışıqlar aparacaqlar”.

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı, politoloq Fikrət Sadıqov ANS PRESS-ə müsahibəsində Sergey Markedonovun fikirlərində müəyyən qədər həqiqət olduğunu vurğulayır:

“Markedonov Rusiyanın müəyyən şovinist dairələrinin fikirlərini ifadə edir. Ola bilər ki, həmin dairələr üçün doğrudan da önəmlidir. Rusiyanın Ermənistanda hərbi bazası var, hava hücumundan müdafiə sistemi üzrə sazişə qol çəkilib və s. Həmin dairələr iki yüz ilə yaxındır ki, Ermənistanı Rusiyanın əlində bir alət sayırlar”.

Lakin bununla belə, Fikrət Sadıqovun fikrincə, indi vəziyyət dəyişib və Azərbaycan Rusiyanı Ermənistanla müqayisədə daha lazımlı olduğuna inandırmalıdır: “Ermənistan Rusiya üçün getdikcə əlavə yükə çevrilir. Bu ölkənin ordusu, yanacaq sektoru və s. Rusiyadan daima güzəşt tələb edir. Azərbaycan isə Rusiya ilə bir sıra əlverişli layihələr çərçivəsində əməkdaşlıq  edir. Buna görə də Moskvanın Ermənistana baxışı dəyişə bilər və Qafqazda strateji tərəfdaş kimi Azərbaycan seçilə bilər. Onda Rusiya Ermənistanı itirməkdən qorxmaz”.

“Azərbaycan Rusiyanı Ermənistanla müqayisədə daha lazımlı olduğuna inandırmalıdır”.

Münaqişənin 25 illik tarixini araşdırdıqda anlamaq olur ki, bu, baş verməzsə belə, Qarabağda apardığı işğalçılıq siyasəti Ermənistanı məhvə doğru aparır.  Apardığı işğalçılıq siyasəti üzündən  blokadaya düşmüş Ermənistan iqtisadi cəhətdən həddindən zəifləyib, bu isə ölkədən böyük miqrasiyaya səbəb olub.  Əgər 1990-cı ildə Ermənistan əhalisinin sayı 3,6 milyon nəfər olubsa, 2015-ci ildə bu rəqəm 2,9 milyona düşüb.

Yəni rəsmi statistikaya görə, Ermənistanda qeydiyyatda olan ermənilərin sayı müstəqillik illərində 0,7 milyon azalıb. Erməni diasporunun verdiyi məlumatlara görə, Ermənistan əhalisi əslində müstəqillik illərində 2 milyon nəfər azalaraq 1,4 milyon nəfərə enib. Ermənilərin Cənubi Qafqazda ümumi saylarının isə 2,6 milyon azaldığı düşünülür. Çünki vaxtilə Gürcüstan və Azərbaycanda yaşayan 0,9 milyon ermənidən yalnız  170 min nəfər qalıb.

Ermənistan kəndlərində tənha qalmış qadınlar (Fotoqraf Aleksey Şutov)

Ermənistan kəndlərində tənha qalmış qadınlar (Fotoqraf Aleksey Şutov)

Erməniləri öz evlərini tərk etməyə vadar edən əsas səbəb Qarabağ münaqişəsidir. Sirr deyil ki, Birinci Qarabağ müharibəsində 75 minə yaxın erməni həlak olub. 1993-1994-cü illərdə baş vermiş hərbi əməliyyatlar  zamanı həlak olmüş on minlərlə erməni əsgər itkin kimi göstərilir. Əksəriyyəti iş yerindən cəbhəyə məcburi göndərilmiş bu insanların xeyli hissəsinin ailəsinə övladlarının Rusiyaya ezamiyyətə getdiyi bildirilib.

Əhali isə bu yalanlara inanmayıb və kütləvi şəkildə ölkədən getməyə başlayıb. 1994-cü ildə bağlanmış atəşkəs  recimi bu meyli dayandırmayıb, çünki müharibə sülh sazişi ilə başa çatmayıb. Bunun nəticəsidir ki, Ermənistanın əyalətləri boşalmağa başlayıb, hətta 100-ə yaxın kənd yerli-dibli ləğv edilib. Atəşkəs rejimi davam etdikcə bu vəziyyət dəyişməycək və ləğv olunan erməni kəndlərinin sayı artacaq. Zaman gələcək ki, Ermənistan orduda minimal əsgər sayını təmin etmək iqtidarında olmayacaq.

Həmin vaxt Rusiya da Ermənistandan dəstəyini tam kəsə bilər. Həmin vaxt isə işğal edilmiş torpaqlarda  əhalisi ildən ilə artan Azərbaycanın ordusunun  qarşısına  çıxa biləcək qüvvə olmayacaq. Bunu əksər ekspertlər, o cümlədən erməni analitiklər də başa düşürlər, amma bu cür fəlakətli sondan xilas ola biləcəklərinə ümid edirlər.

BIR CAVAB BURAXIN