Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasının əsas girişi sentyabrın 15-də sərnişinlərin istifadəsinə veriləcək.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin “APA-Economics”ə verdiyi məlumata görə, bu ilin aprel ayının 15-dən “Elmlər Akademiyası” stansiyasının birinci vestibülü təmirə bağlanıb: “Təmirdə əsas məqsəd istifadə müddəti bitmiş “ET-3” tipli 3 eskalatorun dəyişdirilməsi idi. Eyni zamanda vestibüldə təmir işləri aparılmalı idi. Artıq işlər yekunlaşmaq üzrədir. Hazırda son tamamlanma işləri gedir. Birinci vestibül plan üzrə oktyabrın 10-da açılmalı idi. Ancaq biz qış qrafikinə keçid və sərnişin sıxlığını nəzərə alaraq stansiyanın əsas girişini sentyabrın 15-də istifadəyə verməyi planlaşdırırıq”.
Qeyd edək ki, Azərbaycan prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi üçün tərtib olunmuş tədbirlər planının 2.4 bəndinə uyğun olaraq metropolitenin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub.
Xatırladaq ki, təmir işləri aparılan müddətdə stansiyanın II vestibül (BDU tərəf) giriş-çıxışı üçün açıq olub.