“Dörd gündür ki, İrəvanda Xorenasi küçəsində polis patrul alayının binasında girovların azad olunması prosesi gedir. Rejim “Təsisedici parlament”in tərəfdarlarını binadan qovmaq niyyətindədir. Buna paralel olaraq, cəmiyyətdə gərginlik də artmaqdadır. Artıq hər kəs bilir ki, hakimiyyət girovların azad olunması üçün danışıqlar aparmaq qabiliyyətində deyil. Əslində binanı tutanlar da bizim hamımız kimi Ermənistan vətəndaşlarıdır və hakimiyyət öz vətəndaşları ilə dialoq aparmaqdan imtina edərək, öz simasını bir daha sübut edir”.
Publika.az xəbər verir ki, bu barədə “armenianreport” saytı yazıb.
Tevos Arşakyanın müəllifi olduğu məqalədə qeyd olunur ki, binanı tutanların tələbləri ictimai-siyasi vəziyyətlə assosiasiya olunur.
“Girovları saxlayan “Təsisedici parlament” tərəfdarlarının tələbləri birbaşa prezident və hökumətə qarşı yönəlib. Onlar tədricən ictimai-siyasi dəstək əldə edirlər. Müxalifət qruplarının onları dəstəkləməyə gəlməsi də bunu göstərdi və getdikcə tərəfdarların sayı çoxalır. İnsanlar anlayırlar ki, “Təsisedici parlament”in üzvləri ona görə belə ümidsiz addım atmağa qərar verdilər ki, hakimiyyət onlara başqa yol qoymadı. Hamı bilməlidir ki, Sefilyan və Safaryan nə üçün həbs olunub. Hər kəs hakimiyyəti onları azad etməyə çağırırdı, lakin qulaq asan yox idi. Ermənistan vətəndaşları daha inanmır ki, mövcud hakimiyyətlə ölkədə müsbət dəyişikliklər olacaq. Buna görə də küçələrə çıxırlar”, – deyə müəllif qeyd edir.
Sayt bildirir ki, Ermənistan vətəndaşlarının Sarkisyan rejiminə qarşı çıxan “cinayətkarları” dəstəkləməsi faktiki olaraq inanılmaz olub: “Onların bu ümidsiz, intihara bərabər hərəkəti yüz minlərlə insanın şüurunda nəyisə dəyişdirdi. Hətta polis binasının tutmaqla qanunu pozsalar da, hər kəs ürəyində onlara rəğbət bəsləyir”.
Sayt artıq İrəvan hakimiyyətində ciddi təşvişin yarandığına diqqət çəkib.
“Artıq belə məlumatlar yayılıb ki, hakimiyyət girovları tutan silahlı qrupa qarşı əməliyyat keçirmək üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) “Alfa” xüsusi təyinatlılarını göndərmək xahişi ilə Moskvaya müraciət edib. “Alfa” həm girovları azad edəcək, həm də başlayan etiraz kütləsini boğacaq. Əgər bu doğrudursa, deməli hakimiyyət ölkənin xüsusi təyinatlılarına etibar etmir. Qorxur ki, xüsusi təyinatlılar girovları tutanlarla, həmçinin, xalqla həmrəylik nümayiş etdirə bilərlər. Ümumiyyətlə hazırkı situasiyanın inkişafı gərginləşmənin şiddətlənəcəyini göstərir və bu zaman yəqin ki, Sarkisyan hakimiyyətinə “Alfa” qrupu lazım olacaq. Sarkisyan “dəfn olunmaq” niyyətində deyil”, – deyə məqalədə bildirilir.