Bu gün korifey müğənni Sara Qədimovanın doğum günüdür.
Arazinfo.com kult.az-a istinadən xəbər verir ki, o, 1922-ci il mayın 31-də Bakıda anadan olub. 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışan Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb.
Onun sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu “Bayatı-Şiraz”, “Şur”, “Şahnaz”, “Qatar”, “Mahur-hindi”, “Xaric segah” muğamları, müxtəlif Azərbaycan xalq mahnıları tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında “Qarabağ şikəstəsi” isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur.
Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müasirləri deyir ki, Sara xanım gözəl müğənni olmaqla yanaşı, həm də qorxmaz vətənpərvər idi. Sənətkarın irsinin tədqiqatçısı Çingiz Fərəcov yazır ki, onun necə cəsarətli olmasını xalq yazıçısı Mirzə İbrahimovun xatirəsini oxumaq kifayətdir:
“1944-cü ildə Sovet ordusu İrana daxil olmuşdu. Azərbaycan radiosu həmin ilin may ayından Türkiyə və İran üçün verilişlər verməyə başlayır. Bu verilişlərin keyfiyyətinə, siyasi durumuna şəxsən Mircəfər Bağırov səviyyəsində nəzarət olunurdu.
Birinci verilişdə Sara xanım və Xan Şuşinski çıxış etməliydilər. Sara xanım “Kürdün gözəli” mahnısını ifa etdikdən sonra Mircəfər Bağırov onu yanına çağırır. “Qızım, daha nəyi oxuyacaqsan”, – deyə ondan soruşur. Sara “Qubanın ağ alması” mahnısını” cavabını verir. Bu cavab Mircəfər Bağırovun xoşuna gəlir və ona deyir:
– Qızım, sənin adın əcnəbi adlarına oxşayır. Deyəcəklər ki, yəqin, bu qız yəhudidir. Bəlkə, adını dəyişək? 22 yaşlı Sara çəkinmədən, fikirləşmədən hamının yanında “Ata-babanın qoyduğu adı dəyişməzlər” deyə cavab verir.
Üzeyir Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Mirzə İbrahimov Saranın əvəzinə pərt olurlar. Sara isə heç bir şey olmayıbmış kimi “Qubanın ağ alması” mahnısını oxuyur və bu söhbət xoş sonluqla başa çatır. Mircəfər Bağırov orada olan rəhbər işçilərə bu barədə heç bir söz demir”.
Qastrollarda, konsertlərdə böyük uğurlar qazanan Sara Qədimova SSRİ səviyyəsində tanınan, sevilən sənətkar idi. Daim konsertlərində anşlaq olurdu, yüzlərlə insan onu gül-çiçək yağışına tuturdu.
Sara Qədimova 2005-ci il mayın 12-də, 82 yaşında vəfat etdi. Onunla vida mərasimi də konsertləri kimi izdihamlı keçdi. Sevənləri unudulmaz sənətkarı son dəfə gül yağışına tutdular.