Şah İsmayıl Xətainin əmisinin məzarı tapıldı – Şamaxıda

0
1296
XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Abdulla Padarlının (ölüm tarixi 1905) həyat və yaradıcılığını araşdırmağımız Azərbaycan tarixinə dair bir sıra qaranlıq məqamların üzə çıxmasına səbəb oldu.
Əvvəlcə onu qeyd edək ki, görkəmli şair və övliya, böyük mütəfəkkir Abdulla Padarlı Oğuz rayonunun Padar kəndində Çayqıraq məhəlləsində doğulub. Doğulduğu kənddə və arxivlərdə apardığımız araşdırmalardan məlum oldu ki, şair ilk təhsilini atası Məhəmməd Dursun oğlundan aldıqdan sonra, Ağdaş mədrəsəsinə daxil olmuşdur. Daha sonra elmi biliklərini artırmaq üçün Dəməşq şəhərinə üz tutmuş, burada Ali Ruhani məktəbini bitirdikdən sonra Həcc ziyarətinə getmişdir. Ərəbistana səfəri vaxtı İranı, Türkiyəni və digər ölkələri də səyahət etmişdir. O, Dəməşqdə tarix, fəlsəfə, məntiq, tibb, poetika və nücum elmlərinə yiyələnmişdir. Hacı Abdulla Padarlı doğma ana dilindən başqa ərəb, fars, türk və avar dillərini də bilmişdir.
Padarın Qala yeri qəbiristanlığında Şeyx Hacı Abdulla Padarlının başdaşındakı ərəbcə kitabəni AMEA Etnoqrafiya İnsitutunun Professoru Məşədixanım Nemətova  aşağıdakı kimi tərcümə etmişdir:
«Məlumdur ki, əgər dünyada bir adam qalsa belə, o dövr edəcəkdir. Dünyada peyğəmbərlər də bir-birini əvəz edərək gəlib gediblər. Dünyada ölüm olmasına baxmayaraq, biz dünyada çox qalacağıq (yəni, adımız əbədi olacaq). Şeyx Hacı Abdulla ibn Dursun əl-Padari yerini təzələyərək, fani dünyadan baqi dünyaya köçdü və 22 səfər 1323 ildə (28.04.1905) vəfat etdi».
Bu kitabədəki yazıda diqqətimizi çəkən ən maraqlı məqam Hacı Abdullanın Dursun Padar nəslindən olmasıdır. Araşdırmalarımız zamanı məlum oldu ki, Şeyx Dursun Padar məşhur övliya olmaqla, Ağsu rayonunda olan günbəzi müqəddəs ziyarətgahdır. Onun məzarı üstündəki daşda ərəbcə kitabə vardır ki, kitabənin ərəbcə mətnində aşağıdakı sözlər yazılmışdır:
«Bu xoş rayihəli müqəddəs (ziyarətgah) və işıqlı məqbərə övliyaların görkəmlisi Şeyx Dursun ibn Əhməd Padarındır. Onun vəfatı haram zilhiccə ayı, səkkiz yüz birinci ildə baş vermişdir». Miladi – 1399.
Şeyx Dursun türbəsi haqqında məlumatlara akademik B.Dornun və tarixçi C. Aleksandroviçin kitablarında da rast gəlinir. Həmçinin, Dornun kitabında təqdim olunan arayışda Şah İsmayıl Xətai nəslinin  Şamaxıda irşad etdiyi sübut olunur. Dorn bu arayışı XIX əsrdə Şamaxıda olarkən əldə etmişdir.

Şeyx Dursun türbəsi
«Vaxtilə Şamaxıda «Piri-şirvan» adıyla şöhrət tapmış bir məzar olmuşdur. Burada dəfn olunmuş övliyanın adı Şeyx Mikayıl ibn Seyid Cəbrayıl ibn Seyyid Salahdır. Ərdəbildə məzarı məşhur olan Şeyx Səfi həmin bu Şeyx Mikayılın böyük qardaşıdır. Şeyx Səfi qardaşını Şirvanşahların dövləti zamanı Şirvana irşad etməyə (dini təbliğ etməyə) göndərmişdir. Necə ki, öz övladlarından olan şeyx Cüneydi Quba vilayətinə irşad etməyə göndərib. Şeyx Mikayıl Şirvan vilayətində çox-çox irşad edib və «Piri-pirani Şirvan»- «Şirvan pirlərinin piri» adını alıb”.
Həmin arayışda daha sonra Şeyx Dursun Padar haqqında qısa və maraqlı məlumat vardır:
«Şeyx Dursunun əsli Şirvan əhlindəndir. Xançobanı mahalından, Padar tayfasındandır. Şamaxının Kalaxana qəryəsinin qərbində vaqe olan məşhur yeddi günbəzlər bu Şeyx Dursunun övladlarındandır».
(Qeyd: arayışda göstərilən Şeyx Cüneyd Şah İsmayıl Xətainin babası olmaqla, qəbri hazırda Qusar rayonunun Həzrə kəndindədir).
Tarixçi Aleksandroviç isə, Şeyx Dursun türbəsi haqda məlumat verərkən onun müctəhid olduğunu, atasının Əhməd Gilani olduğunu yazır.
Onu da qeyd edək ki, Şeyx Dursun Padarın Şamaxıda (Yeddigünbəzdə) dəfn olunan övladlarından birinin  – Şıx Mahmud babanın şəcərəsini araşdırarkən onun nəslinin  Şirvanşahlar dövlətinin şahı olmuş Şirvanşah Şeyx İbrahim Xəlilullaha (hakimiyyət dövrü: miladi 1382 – 1417) qədər uzandığı üzə çıxdı.
Yeddigünbəz deyilən yer – Şamaxı
Yuxarıda qeyd etdik ki, şair və övliya Abdulla Padarlının baş daşında həmin bu Şeyx Dursun Padarın nəslindən olduğu göstərilmişdir. Oğuzun Padar kəndində tədqiqat apararkən əmin oldum ki, onun törəmələri bu kənddə də irşad etmiş və haqqında bəhs etdiyim şair və övliya Şeyx Hacı Abdulla Padarlı da bu nəsilin törəmələrindəndir.
Abdulla Padarlının Pəri adlı bir qızı olmuş, sonrakı nəsli də bu qızın vasitəsi ilə davam etmişdir. Şair Abdulla alagöz, sarışın, uca boylu qıvraq adam olmuşdur. Gözəl nitq qabiliyyəti varmış, adi söhbətlərini də çox zaman qafiyəli nəsirlə edərmiş. O, Şeyx olaraq irşad fəaliyyəti göstərmiş və tələbələr yetişdirmişdir.
Müasirlərindən Mücrüm Kərim Vardani, Şıx Səməd (bəzi mənbələrdə Şah Səməd də deyirlər), Məlikballı Qurban və Ağdaşlı Molla Şabanla şerləşdiyi məlumdur.
 Təbiəti çox sevirmiş. Təmiz əxlaqlı, gülərüz, səxavətli, pak, vətənsevər insan olmuş, baş-qalarını da belə görmək istəmişdir. Abdulla Padarlının gözəl sənət nümunəsi olan şeirlərindən bəziləri Salman Müttazın «El şairləri» kitabında çap olunmuşdur.
Şairin əlyazmaları AMEA Əlyazmalar İnsititunda bu günədək saxlanmaqdadır.
Həmin əlyazmalardan ikisini – “Bəyənməz” şeirini və Şıx Səmədlə deyişməsini Moderator.az-ın oxucularına təqdim edirik:
Bəyənməz
Ay ağalar, bir zəmanə gəlibdir,
Həmtay olan heç həmtayı bəyənməz.
Qara qızlar sürmə çəkib gözünə,
Gözəllikdə Züleyxayı bəyənməz.
Müqəddəm bəylərə verirdi qəlyan,
Xəlayiqi quduz kimi dalayan,
Ayaq üstə sini dibi yalayan,
Qohum-qardaş, əmi-dayı bəyənməz.
Namərdlərin dolu olur, torbası,
Deyir: «Mənəm tacirlərin zorbası»,
Ya bunların artıq düşüb arpası,
Düldül kimi badpayı bəyənməz.
Kor bəyənməz mütləq gözü görəni,
Kar da qulaqları darı dələni,
Hampalar incidir çörək verəni,
İt qudurub, qaysavayı bəyənməz.
Yəqin gündüz gəzə bilməz yarasan,
Gecələr də deyər: «Mənimdir dövran»,
Çip-çip edər alacəhrə, bitdiyan.
Oxumaqda torağayı bəyənməz.
QIFILBƏND
Şıx Səmədin Abdulla Padarlı ilə deyişməsi
Şıx Səməd:
Səndən xəbər alım Abdulla qardaş,
Hansı yerin bulaqları yeddidi?
Hansı şair hansı yeri vəsf edib,
Kəlməsi min, varaqları yeddidi?
Abdulla:
Al cavabın deyim Şıx Səməd qardaş,
O üzdür ki, bulaqları yeddidi.
Əbu Nəvvas Məkkə şəhrin vəsf edib,
Kəlməsi min, varaqları yeddidi.
Şıx Səməd:
Nə heyvandır əsil-nəsil yetirməz?
Nə ağacdır bəhər-meyvə gətirməz?
Hansı adam yaxşılığı itirməz,
Hansı yerin ocaqları yeddidi?
Abdulla:
O qatırdı-əsil-nəsil yetirməz,
O söyüddür-bəhər-meyvə gətirməz,
Əsil adam yaxşılığı itirməz,
O Kəşmirdi, ocaqları yeddidir.
Şıx Səməd:
O nədir ki, payız olur, yaz olur?
O nədir ki, orda işvə-naz olur?
O nədir ki, min də olsa az olur?
O kimdir ki, otaqları yeddidi?
Abdulla:
Göbələkdi – payız olur, yaz olur,
Eşq bağında işvə, qəmzə, naz olur,
O ömürdür – min il olsa az olur,
O İmrandı – otaqları yeddidi.
Şıx Səməd:
O nədir ki, doymaq olmaz buyundan;
O nədir ki, çatı olmaz muyundan?
Nə bulaqdır-içmək olmaz suyundan,
Nə millətdir daraqları yeddidi?
Abdulla:
O övladdır – doymaq olmaz buyundan,
O ceyrandı – çatı olmaz muyundan.
O gözdür ki, içmək olmaz suyundan
Taciklərdir – daraqları yeddidi.
(Qeyd: “O üzdür ki, bulaqları yeddidi” ifadəsi üzdə olan 7 dəliyə – 2 burun, 2 qulaq, 2 göz, 1 ağız – işarədir)
Paşa Yaqub – tədqiqatçı-yazıçı
Oğuz – Ağsu – Şamaxı – Bakı

BIR CAVAB BURAXIN