Şah bu beyti deyib və özündən gedib – Rəvayət

0
946


 

 

Sufi fəlsəfəsində insanın bəqa aləmindən fəna aləminə keçidi bahariyyə kimi təsvir olunur. Şah İsmayıl Xətaidə daha çox rast gəlinən bu rəmzi keçid əslində böyük Nizamidə özünün ən gizli tərəflərini açıb göstərə bilmişdi. Füzulinin “Leyli və Məcnun” əsərində də qəzəllər biri bahariyyəyə həsr olunub. Orada Məcnunun Leyliyə olan simvolik sevgisi artıq onun üzərinə fəna aləminin qapılarını açır. O öz baharına qovuşmağın həsrətini çəkir. Poemada əsas məntiq də bu həsrətdədir. Məcnun səhrada Leylidən məhz buna görə imtina etmişdi ki, illuziv olaraq ruhunda yaratdığı “Leyli baharına” qovuşa bilsin. Bu mərhələ sırf elmi-fəlsəfi mahiyyət kəsb edir. Belə ki, real həyatda mart ayının sonlarında bahar gəldikdən sonra təbiət qış yuxusundan ayılır, ağaclar çiçək açır və s. İnsanın ruhi aləmində də bu hallar baş verir. Fəna məqamına çatandan sonra insanda qəflət yuxusundan ayılma, bu ayılmadan sonra bədəninə yayılan enerji və bu enerjinin dövri hərəkəti nəticəsində ruhun cavanlaşması, bədənin gərginlikdən xilası halları baş verir. Bir sözlə, İlahi aspektə doğru hərəkət edərək insan bioloji varlığı ilə ruhi varlığının inteqrasiyasını həyata keçirərək onları vahid nöqtədə birləşdirir. Məhz bu vahid İlahi nöqtədə birləşmə prosesi klassik ədəbiyyatda və Şərq fəlsəfəsində bahariyyə adlanır.

Rəvayətə görə, Təbrizdə özünü şah elan etmiş İsmayıl (1501-ci il – red.) öz hücrəsinə qapanaraq, uzun müddət kimsə ilə ünsiyyət qurmazmış (Şah İsmayılın şahlıq dönəmində Səfəvi sarayında sufilər, şeyxlər üçün hər zaman gizli hücrələr olub. Şah İsmayılın özünə aid olan gizli hücrələrin sayı isə bir neçəyə çatırmış. Şah xüsusən də 1514-cü ildə qanlı Çaldıran döyüşündəki məğlubiyyətdən sonra ömrünün qalan 10 ilini daha çox həmin hücrələrdə keçirib). Gənc şahın hücrədən çıxandan sonra qeyri-adi fikirlər səsləndirməsi, şahdan çox bir hal əhlinə xas olan anlayışları ifadə etməsi hətta dövrün ən öncül şeyxlərini də təəccübləndirib. Xətainin Ələst məclisindən bəhs edən və dünyaya Alim Qasımovun ifasında sevilən misraları həmin sirli görüşmələrdən sonra meydana gəlib:

Yer yox ikən, göy yox ikən ta əzəldən var idim
Gövhərin yektanəsindən irəli pərgar idim.
Girdim Adəm cisminə bir kimsə bilməz sirrimi
Mən bu beytullah içində ta əzəldən var idim.

Xətainin bir misraları səsləndirəndən sonra özündən getdiyini deyənlər də var.

Yuxarıda Ələst məclisinin adını çəkdik: Təsəvvüf aşiqlərinin sözlərinə görə, dünya var olunmamışdan əvvəl Allahla mələklərin böyük məclisi keçirilib. Fəna aləmində bu dünyanın bir növ eskizləri cızılıb, inkişaf tarixi planlaşdırılıb. İnsanın həmin məclisdə iştirakı onun kainatdan da əvvəl var olduğuna bir işarədir. Şah Xətai də yuxarıdakı misralarında buna işarə vurub. Onun ruh davamçısı olan Aşıq Ələsgərin “Ələstdən “bəli” dedim, nə xoş kamaldı yüküm” misraları da bu sirli məclisə işarədir.

Deyilənlərə görə, Şah İsmayıl İraqı işğal etdikdən sonra Kərbəlaya ziyarətə gedər. Kərbəlada HəzrətHüseynlə bir yerdə şəhid olmuş Hürrün məzarını açır. Görür ki, Hüseynin Hürrün yarasına basdığı dəsmal yerindəcə durmaqdadır! Dəsmalı çıxardığında qan axmağa başlayır! Sonra dəsmalı nə qədər yerinə qoysa da, qan durmaq bilmir! İŞah smayıl xəta etdiyini anlayıb, təxəllüsünü “Xətai” qoyur.

Tarixçilərin danışdığı bu hekayəti ürfan alimləri inkar edir. Onların fikrincə, “xəta” sözü əslində heç bir məna daşımır. Yəni ərəb əlifbasında olan “ta” ilə yox nöqtəli “te” ilə yazıldığından konkret ifadə etdiyi anlam yoxdu. Bu sözü təşkil edən həriflərin əbcəd hesabı ilə cəmi 1001-ə bərabərdir. Bu rəqəmin də islam fəlsəfəsində sonsuzluq ifadə etməsi hər kəsə məlumdur. Moderator.az

 

BIR CAVAB BURAXIN