Sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus Göyçaydakı 20 hektardan artıq bağ sahəsi və orada inşa etdirdiyi villa əlindən alınıb. Bu barədə müsavat.com məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda Ziya Məmmədovun regionlarda ələ keçirmiş olduğu böyük mülklərin ondan geri alınması prosesi sürətlənib: “Belə ki, Ziya Məmmədov nazir olduğu vaxtlarda Göyçayın Potu və Hüngütlü kəndləri arasında yerləşən 20 hektardan artıq səfalı bir yeri zəbt eləmişdi. Həmin vaxtlar onun qohumu, hazırda Ucarın icra başçısı olan Mənsur Məmmədov Göyçayın icra başçısı idi. Ziya Məmmədov Mənsur Məmmədovun vasitəsilə Göyçayda 20 hektardan artıq ərazini kəndlilərin əlindən aldı və orada böyük bir villa tikdirdi. Hətta həmin mülkdə vertolyot meydançası ilə inşa etdirmişdi.
Meşənin, Yuxarı Şirvan kanalının kənarında yerləşən bu ərazilər ən məhsuldar torpaq sahəsi sayılır. Z.Məmmədov oranı kəndlilərin əlindən alıb, şəxsi mülkünə çevirmişdi”.
Məlumatda həmçinin bildirilir ki, Ziya Məmmədov nazir vəzifəsindən azad ediləndən sonra rayon camaatı həmin yağmalanmış ərazilərin Ziya Məmmədovdan geri alınması üçün müraciətlər edib: “ Bu günlərdə çox heyrətamiz bir olay baş verib: Ziya Məmmədovun həmin möhtəşəm villasını əlindən alıblar! Sözügedən mülkün giriş qapısına fotoda gördüyünüz bu lövhə yerləşdirilib: “AZNAR Qapalı Səhmdar Cəmiyyətinə məxsus Nar Bağı”. Rayon sakinlərinin məlumatına görə, Ziya Məmmədov uca hasara aldığı 20 hektar ərazidə nar bağı salıbmış”.
Bu mülkün “AZNAR”ın balansına necə keçməsi prosesi ilə bağlı məlumat da olduqca maraqlıdır. Məlumata görə, adıçəkilən müəssisə həmin bağı öz balansına keçirmək üçün 4,5 milyon manat pul ödəyib. Amma Ziya Məmmədova yox, dövlətə : “Belə ki, Ziya Məmmədovun nazirliyi ləğv edildikdən, daha doğrusu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə birləşdirildikdən sonra təhvil-təslim zamanı Ziya Məmmədovun nazir olduğu dövrdə burada yüz milyon manatdan çox yeyintiyə yol verildiyi aşkarlanıb. Ziya Məmmədova isə tapşırılıb ki, mal-mülkünü satıb, həmin vəsaiti dövlət büdcəsinə qaytarsın, yoxsa həbs olunacaq. Məmmədovun ölkədən çıxışı yasaqlanıb … Göyçaydakı mülkü də hərraca çıxarılıb və “AZNAR” həmin ərazini alıb. Pul isə, dediyimiz kimi, dövlətə ödənilib”.
Məlumatda həmçinin bildirilir ki, şirkət bu ərazini aldıqdan sonra orada nar bağına xüsusi qulluq edilməyə başlanılıb. Hazırda həmin bağda işləmək üçün 50-dən çox şəxsin işə götürüldüyü və müəssisənin əsas nar tədarükü zonası kimi çalışdırıldığı qeyd edilir.
Bununla yanaşı, musavat.com-u məlum mənbə qeyd edib ki, Ziya Məmmədovun Ucardakı müəssisələri, obyektləri, Göyçay, Goranboy və Tərtər ərazisindəki daş-çınqıl karxanaları da eyni qaydada əlindən alınıb.