Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə Azərbaycanda yüksək vəzifə təklif edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Komitə sədri A.Rəhimzadə deyib ki, yayılan məlumatlar doğru deyil:
“Bütün bunlar cəfəngiyatdır və yalan söhbətdir. Yəni, burada söhbət ondan getmir ki, Mixeil Saakaşvili bacarıqlı və yaxud bacarıqsız şəxsdir. Söhbət ondan gedir ki, bu gün Azərbaycanın kifayət qədər yaxşı kadrları var.
Azərbaycanın belə adama ehtiyacı yoxdur. Mixeil Saakaşvili isə Ukraynada vətəndaşlıq alıb və orada çalışmaq niyyətindədir. İndi kimlərsə onun Azərbaycanda vəzifəyə təklif olunması barədə xəbəri ortaya atıblar. Ancaq bütün bunlar doğru deyil.
Saakaşviliyə Azərbaycanda vəzifəyə təklif olunması barədə xəbərlərin Rusiya ilə münasibətlərə necə təsiri məsələsinə gəldikdə isə deyim ki, buna görə Azərbaycan-Rusiya münasibətləri korlana bilməz.
Birincisi, bu qeyri-real məsələdir. Digər tərəfdən isə Saakaşvili Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilməz”.
Xatırladaq ki, bu yaxınlarda Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verən Mixeil Saakaşviliyə Azərbaycanda yüksək vəzifə təklif olunması barədə xəbərlər yayılıb.
Ölkə.Az