Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə qanunsuz səfər edən Ermənistan lideri Serj Sərkisyan separatçı qurumun əldəqayırma “rəsmiləri” ilə görüşəndən sonra hərbi hissədə də olub.
Axar.az erməni mediasına istinadla xəbər verir ki, Xankəndi yaxınlığındakı Ermənistan ordusuna aid hərbi hissədə olan Sərkisyan açıq ərazidə işğalçı muzdlu silahlıları təltif edib və bir sıra bəyanatlar verib. O bildirib ki, lazım gələrsə, Ermənistan Silahlı Qüvvələri tərəddüd etmədən “İsgəndər” raket kompleksindən istifadəyə icazə verəcək.
Bir daha Aprel savaşındakı ağır məğlubiyyəti kompensasiya etmək üçün uğursuz cəhd edən Sərkisyan vurğulayıb ki, ötən ilin aprel savaşında “Azərbaycanın planını pozmağı və informasiya müharibəsində qalib gəlməyi” bacarıb (?). Qarabağ separatçılarının muzdlu silahlılarına bir daha Aprel savaşındakı ağır və acınacaqlı zərbə almayacaqlarına əminlik yaratmaq istəyən Sərkisyan həmçinin bildirib ki, artıq “düşmənə cavab verə bilmək üçün” “İsgəndər” raketləri istifadə edilə bilər.
Qeyd edək ki, seçkiyə Aprel savaşının ağır nəticələri ilə gedən Ermənistan lideri Serj Sərkisyanın hazırkı Qarabağ səfəri məğlubiyyətin acısını unutdurmağa və seçicilərin inamını qaytarmağa hesablanıb. Sərkisyan Xankəndindən erməni seçicilərinə bu mesajı verir: yalnız onun sayəsində Rusiya “İsgəndər” raketini Ermənistana bağışlayıb, o olmasa, Qarabağ işğaldan azad edilə bilər.
Ermənistanda Qarabağın qaytarılması barədə siyasi partiyaların, xüsusilə keçmiş prezident Ter-Petrosyanın aktiv siyasətinə qarşı Sərkisyan bir daha müharibə faktından yararlanmağa çalışır. Fırıldaqçıların son sığınacaq yeri kimi, “vətənpərvərliyə” sığınan Sərkisyan iqtisadi baxımdan acınacaqlı duruma saldığı və hər il yüzminlərlə insanın tərk etdiyi bir ölkədə öz hakimiyyətini qorumağın yeganə yolu kimi Qarabağ kartından bir daha istifadə edir.
Əslində, onun qanunazidd və beynəlxalq hüquqa hayqırı olan bu bəyanatlarının və ümumiyyətlə, Sərkisyan hakimiyyətinin Azərbaycanın maraqlarına uyğun olduğunu düşünməyə kifayət qədər əsas var. Sərkisyan hakimiyyətdə olduğu müddətcə defolt səviyyəsinə yüksələcək Ermənistan az müddətdən sonra bütün portnyorlarını, o cümlədə iqtisadi sanksiyalar səbəbindən iqtisadiyyatı getdikcə ağırlaşan Rusiyanı itirəcək. Rusiya büdcəsinə kifayət qədər yük olan Ermənistanı illərlə saxlamaq imkanında olmayacaq. Nəzərə alaq ki, hazırda Ermənistanın xarici borcu ümumi daxili məhsulun 57 faizini üstələyir, 2018-ci ilə qədər isə bu borcun ÜDM-nin 62 faizinə bərabər olacağı gözlənilir.
Ermənistanı hər il yüzminlərlə insan tərk etmək məcburiyyətində qalır. Yalnız 2011-ci ildən üzü bəri ölkəni yarım milyonadək insan birdəfəlik tərk edib.
Üstəlik, bu ölkədə insanlar artıq yad torpaqlarda – Azərbaycan ərazilərində ölməmək üçün hakimiyyətə dirəniş göstərməyə başlayıblar.