Müsahibim-həmkarım şair-jurnalist və müğənni Sevinc Akifqızıdır. Sevinc xanım uzun illər televiziya və jurnalistika sahəsində böyük işlərə və uğurlara imza atıb. Sevinc xanımın səmimi açıqlamaları ilə gəlin birlikdə tanış olaq.
Sevinc xanım salam, necəsiniz?
– Salam. Çox sağ olun, yaxşıyam, siz necəsiniz?
Təşəkkür edirəm, yaxşıyam. Həm həmkarımsınız, jurnalistika sahəsində fəaliyyət göstərirsiniz, aparıcısınız və eyni zamanda müğənnisiniz. Bütün bunları bir arada idarə etmək çətin deyilmi sizə?
– Sözsüz ki, həyatda çətin olmayan heç nə yoxdur, ancaq o yükü layiqincə dartmaq, daşımaq gərəkdir. Sənət aləmi çox ağırdır, keşməkeşli yolları var. İllərin yazarı olmuşam, dəfələrlə mənə öz müsahiblərim deyirdi, kök altında izah etməyə çalışırdılar, sonralar anladım ki, bu sahə doğurdan da çətindir. Gərək həddindən artıq ağıllı və dünyagörüşlü olasan ki, hamısını idarə edəsən.
Neçə il olar televiziya sahəsində fəaliyyət göstərirsiniz?
– Televiziya sahəsində azı 20 ilə yaxındır ki, varam. Sevinc Akifqızı imzası bir yazar kimi, bir şair kimi, bir jurnalist kimi hamıya tanışdır. Ancaq ifaçı kimi heç kəsə tanış deyildi, çünki mən o addımı hələ atmamışdım. Baxmayaraq ki, musiqi təhsilim var, pianino sinfini bitirmişəm. Ailəmdən icazə yox idi musiqi ilə məşğul olmağıma. Mən müəllim ailəsində doğulmuşam, uşaqlıqdan valideynlərim qoymadı. Məktəbi bitirəndən sonra və nəhayət ailə qurdum, həyat yoldaşım izn vermədi davam etdirməyə.
Ailəniz dəstəkləyirmi sizi?
– Əlbəttə ki, dəstəkləyir, yoxsa bu gün burada olmazdım.
İncəsənətdə çalışan peşəkar aparıcı jurnalist kimi istedadlı bir xanımın media sahəsindəki uğurları ilə bağlı ailənin dəstəyini necə dəyərləndirirsiniz?
– Əla. Kim deyirsə ki, ailəylə sənət uzlaşmır, səhv fikirdir. Əslində təbii ki, bu iradəsi çatan insanlara aiddir. Əgər bir insanın iradəsi çatarsa niyə də daşımasın ikisini bir arada. Bax sizin də gözəl ailəniz, iki gözəl övladınız var, buna baxmayaraq o yükü siz də daşıyırsınız. Demək ki, sənət qurban tələb edir.
İstər xanım olsun, istər bəy, bir-birinin incəsənət hislərini boğmağa çalışan cütlüklərə məsləhətiniz nə olardı?
– Üzr istəyirəm ifadəmə görə, əgər bir insanın düşüncəsi, səviyyəsi aşağıdırsa, orta, ahıl vaxtına çatıbsa, mən ona sonradan ağıl verə bilmərəm. Ancaq onu deyə bilərəm ki, Allah heç kəsin ağlını, düşüncəsini, əqidəsini əlindən almasın. Biz həyata bir dəfə gəlmişik, hər birimiz ömrü bir dəfə yaşayırıq. Çalışaq ki, geriyə baxanda bulaşıqlı ləpirlər qoymayaq. Barmaqla sayıla biləcək qədər az xanım sənətçilər var ki, qürurla yaşayırlar. Mən həmin xanımların qarşısında şəxsən baş əyirəm.
Tez-tez kanallarda da izləyirik, ən uğurlu mahnılarınız sırasında “Gəlmə daha” mahnısı dayanır ki, əvvəlki saylarımızda müsahibim olmuş xalq ulduzu Abdul Azərinin ifasında da eşitmişik bu mahnını. Bununla bağlı açıqlama verərdiniz.
– Təbii ki, bu sənətə çoxdan gəlmək istəyirdim. Bayaq qeyd etdiyim kimi narazılıqlar oldu, istər ata ocağında, istərsə də yoldaşımgildə, narazılıqlar edirdilər. Ancaq bir misal da var ki, o istedadı boğmaq olmaz, nə olur olsun, nə vaxtsa qaynayıb çıxır üzə. “Gəlmə daha” mahnısını qeyd elədiniz. O mahnının musiqisi də, sözləri də mənə məxsusdur, aranjemanı Teymur Huseynogluna məxsusdur, onların böyük əziyyəti var. “Dünya” televiziyasında bir verilişin içində şou xəbər aparıcısı idim, xalq ulduzu və muğam festivalının qalibi Abdul Azəri və ansamblı həmişə canlı musiqiylə əyləşirdilər orada və mən müşahidə edirdim həmişə. Bir gün Abdul bəyə müraciət etdim ki, mən oxumaq istəyirəm. O da sağ olsun ki, pis qarşılamadı. Düzdür, öz evimdə məşqlərimizi etdik, öyrəndim, mənə təmənnasız dəstək oldu. Bu gün toylara gedib çörək qazanıramsa onun sayəsindədir. Və halal xoşu olsun mən öz mahnımı ona vermişəm ki, harada istəsə oxusun və sağ olsun hər yerdə də qeyd edir adımı.
Radiodakı efirinizin formatıyla bağlı nə deyə bilərsiniz?
– Bəli, 3 ildir ki, “Bestfm.az” radiosunda həftədə iki dəfə bir saatlıq efirimiz olur, “Sevinclə sevincli dəqiqələr” verilişinin aparıcısıyam. Şükürlər olsun Tanrının yazısına, artıq özümün izləyicilərim, dinləyicilərim var. Böyük bir reytinq qazanmışam radiodan mən özümə. Həm aparıcılıq, həm ifaçılıq, ikisi birlikdə daha gözəl olur. Veriliş sevincli dəqiqərdirsə sözsüz ki, qonaqlarım mənimlə birgə maraqlı sevincli anlar yaşayır. Və inşallah noyabr ayından mahnımın klipi yayımlanacaq. Məni sevənlər izləyə bilərlər. Ümumiyyətlə, seriallarda da rol almaq istərdim. Azərbaycan mentalitetinə uyğun rol olarsa sevə-sevə oynayaram. Mən sənət aləmində olsam da, başqa dünyanın insanıyam. Bayaq qeyd etdiyim kimi, o xanımların qarşısında baş əyirəm ki, bu sənəti qürurla yaşada bilsinlər. Bu sənət çox kirli sənətdir, çalışıb təmiz və dəyanətli qalmaq lazımdır.
“Oxu Məni” qəzetinə və “Mediainfo.az” saytına sonda ürək sözləriniz?
– Vaxtilə mən də “Oxu Məni” qəzetinin əməkdaşı olmuşam, Sevinc Akıfqızı imzasıyla. Hətta mənim çalışdığım illərdə 30 min tiraj buraxılırdı və qoyduğum başlıq əsasında köşklərdə bir dənə də qəzet qalmırdı, hamısı satılırdı. Vaxtı ilə internet yox idi, saytlar yox idi, hamı məlumatı qəzetdən aldığı üçün bu daha maraqlı gəlirdi insanlara. Allahımdan ona görə razıyam ki, bir yazar kimi, şair kimi nə qədər mükafatlar var, hamısını almışam. Ancaq həmişə sadəliyə üstünlük verdiyimçün heç vaxt özümü təbliğ etməmişəm. Heydər Əliyev adına mükafata layiq görülmüşəm, “Həsən bəy Zərdabi”, “Xurşidbanu Natəvan”, “Qızıl qələm”, “İlin şairəsi” və daha sadalamaqla bitməyən mükafatlara layiq görülmüşəm. Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika fakültəsinin radio televiziya jurnalistikasını bitirmişəm. O vaxt universitetə 693 balla girmişəm, o vaxtlar məni bütün telekanallar göstərdi. Orta məktəbi də əla qiymətlərlə bitirmişəm.
Və arzum odur ki, Qarabağımızı geri qaytaraq və həsrətində olduğumuz torpaqlarımıza geri qayıdaq. Çox arzusundayam Şuşaya getməyin. Uşaq vaxtı Şuşaya getmişdim, çox keçmədi ki, Şuşa işğal olundu. Mən işğal olunmuş torpaqlarımızın geri qaytarılmasını və Şuşada sevincimdən doyunca ağlamağı istəyirəm. Sizə və “Oxu Məni” qəzetinə, eyni zamanda “Mediainfo.az” saytına minnətdarlığımı bildirirəm.
Günay Fuadqızı