Gəncədə sələmçiliklə məşğul olan qadın qətlə yetirilib.
“Kəpəz TV” xəbər verir ki, izi itirmək istəyən cinayətkarlar daha sonra mənzili yandırıblar.
Yanğın hadisəsi ötən gecə saat 05 radələrində Gəncənin Üzeyir Hacıbəyov küçəsi, bina 81, ev 36-da baş verib. Yanğından xəbər tutan qonşular Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşlarına xəbər veriblər.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər mənzilə daxil olarkən orada 47 yaşlı Pərvanə İsmayılovanın qolu bağlı meyitini aşkar ediblər. Dərhal hadisə yerinə mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin ehtimala görə, hadisə soyğunçuluq məqsədilə törədilib.
Hadisə yerində Gəncə Şəhər Baş Polis İdarəsinin və şəhər prokurorluğunun əməkdaşları araşdırmalar aparırlar. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
Xatırladaq ki, bir müddət əvvəl Gəncədə daha bir sələmçi qadın da bu şəkildə qətlə yetirilərək evi yandırılmışdı.