Şəkidə fəlakət yaşanır: köməyə FHN-in helikopteri gəldi

0
688

Şəkinin dağlıq ərazilərinə yağan yağışlar Kiş çayının daşmasına səbəb olub.

Anspress-in məlumatına görə, çayın daşması nəticəsində Kiş kəndini şəhərlə birləşdirən körpü tamamilə dağıldığından kəndin Şəki şəhəri ilə əlaqəsi kəsilib. Çay özü ilə sel suları ilə bərabər lil təbəqəsi də gətirdiyindən ərazidə gediş-gəliş demək olar ki, məhdudlaşıb.

Hadisə baş verdikdən sonra rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər aidiyyəti qurumlar da əraziyə gəliblər.

Körpünün uçması nəticəsində şəhərlə əlaqə kəsildiyindən Kiş kəndinin yuxarı hissəsində 50 nəfər adam qalıb. Onların 20-si çayın yaxınlığında olan istirahət mərkəzlərinin birində qalan turistlər olub. İstirahət mərkəzində qalan insanları təxliyə etmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. İnsanlar ərazidən helikopterlə təxliyə ediliblər.

300 metrə yaxın əsas daşıyıcı qaz xəttinin boruları sıradan çıxıb, kəndə elektrik enerjisinin verilməsi kəsilib, telefon xətləri də zədələnib.

Aidiyyəti qurumlarının iştirakı ilə ərazilərə baxış keçirdiyini deyən icra başçısı Elxan Usubov bildirib ki, ilk olaraq kəndlə əlaqənin bərpa olunması üçün rayonun Qoxmuq kəndi ərazisindən alternativ yol salınacaq.

Açıq havada qərargah yaradıldığını deyən icra başçısı Kiş kəndinə qaz və elektrik verilişinin təhlükəsizlik səbəbindən dayandırıldığını deyib.

Sel suları ərazidə yerləşən bir neçə istirahət mərkəzinə ciddi ziyan vurub. Ərazi hidrometrologiya idarəsindən bildiriblər ki, yağış nəticəsində Kiş çayının Damarçın qolu ərazisindən gələn sel suları daşqına səbəb olub. Yüksəklikdə yerləşən dərələrdən axan çayların meyllilik dərəcəsi yüksək olduğundan boyük sürət axını yaranıb. Bu zaman dərələrdə erroziya nəticəsində əmələ gələn yığıntılar isə lil təbəqəsi şəklində sel sularına qarışıb.

Hidrometrologiya idarəsindən onu da bildirdilər ki, iyulun 1-dən 4-dək yağıntılı hava barədə əvvəlcədən aidiyyatı qurumlara məlumat verilib.

Bu arada “Azəravtoyol” ASC-dən milli.az-a təsdiqləyiblər ki, ötən gecə təxminən saat 24 radələrində Şəki rayonu ərazisində yerləşən yerli əhəmiyyətli Şəki-Kiş avtomobil yolunun 1-ci kilometrliyində, Kiş çayı üzərində yerləşən ikiaşırımlı avtomobil körpüsünün orta dayağını dağlardan gələn lil-sel kütləsi yuyub aparıb, nəticədə körpünün hər iki aşırımı uçduğundan Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi tamamilə kəsilib. Kiş çayında dağlardan gələn lil-palçıq tullantılarının qalınlığı təxminən 1-1,5 metrdir.

Təbii fəlakətin baş verdiyi əraziyə “Azəravtoyol” ASC-nin və digər aidiyyəti qurumların mütəxəssisləri cəlb olunublar. Qısa müddət ərzində alternativ yolun salınması ilə körpünün bərpası istiqamətində addımlar atılacaq. Hazırda isə avtonəqliyyat vasitələrinin rayon mərkəzi ilə əlaqəsi Oxud yolundan istifadə etməklə təmin olunur ki, bu yolun da uzunluğu təxminən 10 kilometrdir.

Qeyd edək ki, iki aşırımlı (2 x 31m) avtomobil körpüsünün ümumi uzunluğu 74 metr, qabariti isə 8,4 metrdir.

BIR CAVAB BURAXIN