Bir neçə gün bundan əvvəl böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın İrandakı büstlərindən birinə qarşı hörmətsizlik edilib.
Arazinfo.com Moderator.az-a istinadən xəbər verir ki, naməlum şəxslər şairin Məşhəd şəhərindəki büstünü küt alətlə bir neçə yerdən dağıtmağa çalışıb. Nəticədə büst yararsız hala düşüb. Büstün baş hissəsi bir neçə yerdən sındırılıb.
Güney Azərbaycan ədəbiyyatı üzrə araşdırmaçı, şəhriyarşünas professor Vüqar Əhməd Moderator.az-a açıqlamasında son iki gündə təkcə o hadisənin deyil, Təbrizdən Şəhriyarın büstünün oğurlanmasını da böyük şairinin ruhuna həqarət adlandırır. Onun ehtimalına əsasən, burada da erməni fitnəsinin izi var. Lakin səbirsizliklə cinayətin açılacağı günü gözləyir:
“Bu barədəki məlumatları bir neçə gündür izləyirəm və bunlar mənə çox pis təsir edir. Özü də tək bu fakt deyil; Təbrizdə Şəhriyarın büstü də oğurlanıb.
Şəhriyar İran və Azərbaycanın nəhəng şairidir. Adı dünya poeziyasının, ədəbiyyatının klassikləri ilə yanaşı çəkilən şəxsiyyətdir. O, məktəb yaratmış söz nəhəngdir. Onun ruhuna qarşı ard-arda iki belə hörmətsizlik yolverilməzdir. İnanıram ki, İranın hüquq mühafizə orqanları bu cinayətin izini tapacaqlar. Onu həm İan sevir-çünki yaradıcılığının səksən faizi farscadı- həm də, başda Azərbaycan olmaqla, bütün türk dünyası.
İranda ötənlərdə terror oldu. Məlum oldu ki, ermənilər törədib. Ola bilsin, bu iki hadisənin hər birində xarici qüvvələrin əli var. İranda böyükdən-kiçiyə hər kəs Şəhriyarı çox sevir. Onun Divanı, şeirlər kitabı əlbəəl gəzir.
Mən güman edirəm ki, buradan da erməni barmağı, izi çıxacaq. Çünki bu şərəfsizlik ancaq ermənilərə məxsus olar: müqəddəs ziyatərgahın yerləşdiyi Məşhəd şəhərində heykələ qarşı həqarət etmək, Təbrizdən isə büstü oğurlamaq…
Yəqin ki, bir neçə günə bu cinayətin üzü açılar. Ehtimal edirəm ki, burada siyasi məsələ var. Yoxsa, heykələ nəyə görə elə həqarət etsinlər, yaxud oğurlasınlar ki. Qarabağda Şuşada, Üzeyir bəyin, Natəvanın güllələnmiş heykəllərinin yanına biri də əlavə olundu. Xəlil Rza demiş: Davam edir 37, daha kəskin daha ciddi…
İran dövləti elə Məşhəd şəhərində Şəhriyar üçün ondan da böyük heykəl qoymalıdır. Çünki burada Şəhriyarın heykəli yox, Söz təhqir olunub. Şəhriyardı söz mülkünün sultanı” deyirdi. Burada söz mülkünün sultanı təhqir olunub, Söz aşağılanıb. İndi təkcə Şəhriyarın yox, Nizaminin, Füzulinin, Seyid Əzim, Vahid, Səməd Vurğun, Süleyman Rüstəmin də ruhu narahatdır.
Mən inanmıram ki, normal ailə qanunları ilə, xeyir-duayla dünyaya gələn adam belə bir işə əl atsın. Mən onu edənləri lənətləyirəm və səbirsiziklə onların tapılacağını gözləyirəm”.