Səhiyyə Nazirliyi: Ölkədə kişilərin 40-60, qadınların isə 2-10 faizi siqaret çəkir

0
665

Azərbaycanda kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutunun direktor müavini İradə Axundova jurnalistlərə açıqlamasında deyib ki, bu vərdiş 20 yaşından 60 yaşına kimi insanlar arasında daha geniş yayılıb. Bu vaxtın daha aktiv, işlək yaş dövrü olduğunu deyən İ.Axundova qeyd edib ki, tütün çəkmə insanlarda xroniki xəstəliklər yaradır və onlar çətin sağalır: “Tütün son zamanlar sağalmayan xərçəng kimi xəstəliklərin yaranmasına səbəb olur. Bunun nəticəsində insanlar sağlamlığını, iş fəaliyyətini itirir, əlilliyə məruz qalır, həyatlarını itirir. Bir statistik fakt da var ki, siqaret çəkən insanların 90 faizdən çoxu buna məktəb yaşından başlayır. Azərbaycanda da yeniyetmələr, uşaqlar arasında tütün çəkmə halları var”.

 

İ.Axundova qeyd edib ki, Azərbaycanda ölüm göstəricisinin 82%-i tütün çəkmə ilə əlaqədardır. Onun sözlərinə görə, siqaret istifadəsi 25-dən çox ciddi xəstəliyin yaranmasına səbəb olur: “Siqaret çəkən analarda hamiləlik zamanı uşaq orqanizminə qan vasitəsilə ona mənfi təsir edən nikotin daxil olur ki, bu da onun inkişafına mənfi təsir edir. Həmin uşağın əsasən baş beyni və qara ciyəri zərər çəkir. Siqaret çəkən qadınlar arasında anadangəlmə uşaq patologiyalarına  2 faizdən çox rast gəlinir”.

 

BIR CAVAB BURAXIN