Son günlər “Sədərək” Ticarət Mərkəzində ciddi gərginlik yaşanır. Burada mağaza işlədən sahibkarlarla ticarət mərkəzinin rəhbərliyi arasında bəzi səbəblərdən yaranmış narazılıqlar getdikcə artır. Arazinfo.com-un verdiyi xəbərə görə,“AzPolitika.info”ya bu barədə məlumat ticarət mərkəzindən daxil olub.
Məlumatda bildirilir ki, devalvasiyadan sonra bir çox ticarət mərkəzlərində olduğu kimi, “Sədərək”də də alver xeyli zəifləyib. Bu səbəbdən ötən müddətdə burada işləyən 100-lərlə sahibkar mağazasını bağlamalı və ya başqasına dövr etməli olub. Qalanların da əksəriyyəti bir çox ayları ziyanla işləyib. Buna baxmayaraq, ticarət mərkəzinin rəhbərliyi “yer pulu” deyilən aylıq ödənişi aşağı salmayıb.
Hazırkı gərginliyin əsas səbəbi isə ticarət mərkəzində icarə haqlarının, “yer pulu”nun artırılması cəhdidir. Ticarətçilərin bildirdiklərinə görə, rəhbərlik, gələn aydan başlayaraq, sahibkarlardan hər kv metr üçün əlavə 5-10 manat tələb etməyə başlayıb. Yəni, 40 kvadratmetrlik ortabab bir mağazanın icarə haqqı 200 manat həcmində artırılıb ki, bu da təbii ollaraq, sahibkarlarda ciddi narazılıq yaradıb.
Ancaq narazılığı artıran yalnız bu deyil. Rəhbərlik, son 2-3 ayda sahibkarlardan köhnə borclarını da tələb edib və alıb. Bu borcun yaranmasının isə maraqlı tarixçəsi var. Ticarətçilərin dediklərinə görə, 2015-ci ilin payızında keçmiş MTN-də aparılan səs-küylü həbslərdən sonra bazar rəhbərliyi 2-3 ay sahibkarlardan icarə haqqı yığmayıb.Səbəbi izah edilməsə də, bunu “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin keçmş MTN rəhbərliyi ilə yaxın münasibətlərilə bağlayanlar da olub.
Səbəbi hər nə olsa da, bir neçə ay icarə haqqının alınmaması ilin əvvəli baş verən qəfil devalvasiyadan sonra ciddi zərbə alan sahibkarların ziyanını az da olsa kompensasiya edib. Ancaq indi bazar rəhbərliyi 2 il əvvəl sahibkalara icarə haqlarında edilmiş həmin güzəştləri geri tələb etməyə başlayıb. Bu da son illər gəlir əldə etməkdə çətinliklə üzləşən, bəzi ayları ziyanla başa vuran sahibkarlar üçün əlavə problemlər yaradıb.
Qeyd edək ki, ticarət mərkəzinin rəhbərliyinin birdən-birə 2 əvvəl sahibkarlara edilmiş güzəştləri geri istəməsinin və icarə haqlarını artırmasının bu yaxınlarda “Sədərək”da həyata keçirilmiş irimiqyaslı vergi yoxlamaları ilə bağlılığı olduğu istisna olunmur. Görünür vergi əməkdaşları Yusif Qədimbəylini elə “sıxıblar” ki, belə tədbirlərə ciddi zərurət yaranıb.