ABŞ-ın Putin və onun ətrafındakı oliqarxlara qarşı tətbiq etdiyi sanksiyalar kifayət qədər ciddidir və təkcə ölkəyə gediş-gəlişlə əlaqəli deyil, həm də sözügedən şəxslərin Qərb ölkələrindəki var-dövlətlərini əhatə edir.
Bu sözləri Axar.az-a ABŞ-ın Rusiyaya qarşı növbəti sanksiyaları ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.
“Rusiya ABŞ-ın sanksiyalarına qarşı əks tədbirlər görəcəyini, hətta bu prosesdən ABŞ-ın zərərli çıxacağını bildirirdi. Ancaq bunun əksi baş verdi. Rusiyaya qarşı sanksiyalar hələ getdikcə ciddiləşəcək və yeniləri qəbul olunacaq. ABŞ-ın Putin və onun ətrafındakı oliqarxlara qarşı tətbiq etdiyi sanksiyalar kifayət qədər ciddidir və təkcə ölkəyə gediş-gəlişlə əlaqəli deyil, həm də sözügedən şəxslərin Qərb ölkələrindəki var-dövlətlərini əhatə edir. Üstəlik, İçveçrə banklarındakı rus oliqaxların pulları haqqında da məlumatlar leqallaşacaq. Britaniya isə artıq öz ərazisində olan rus əmlaklarının gəlir mənbələrini araşdırmaqla məşğuldur. Gəlir mənbələrini sübut etməyən şəxslərin əmlakı mənimsəniləcək və dövlətin xeyrinə keçiriləcək”, – politoloq bildirib.
Politoloq bütün bunlarla yanaşı, Rusiyaya qarşı sanksiyaların yeni mərhələsinin hazırlandığını da qeyd edib:
“Söhbət Rusiyaya qarşı daha ciddi maliyyə sanksiyalarından gedir. Bu maliyyə sanksiyalarına görə, Rusiyanın beynəlxalq SWIFT sistemindən çıxarılması da istisna deyil. Bu, Rusiyanın maliyyə sistemini tamamilə çökdürə bilər. Belə olan halda Rusiya dünyanın heç bir ölkəsi ilə elektron maliyyə əlaqələri saxlaya bilməyəcək, nəticədə isə nə xaricə pul göndərib mal ala biləcək, nə də xaricə göndərdiyi pulunu geriyə qaytara biləcək. Getdikcə ciddiləşən sanksiyalardan belə görünür ki, Almaniya və Fransa da bu məsələdə ABŞ və Britaniya ilə həmrəydirlər və digər ölkələri də prosesə qoşulmağa səsləyirlər. Məsələn, Qərbi Avropa ölkələri xeyli rus diplomatı ərazilərindən çıxarmalarına rəğmən bu məsələnin davamlı olması yönündə fikir mübadiləsi aparırlar. Çünki ABŞ və Britaniya belə hesab edir ki, bəzi ölkələr bir və ya iki rus diplomatı qovmaqla ümumi işə o qədər də kömək etməyib. Qərb Rusiya ilə diplomatik münasibətləri ən minimal səviyyəyə endirməyi hədəfləyir. Bir sözlə, Rusiya-ABŞ münasibətləri getdikcə gərginləşir və sanksiyalar prosesi nəinki Rusiyaya yeni texnologiyaların gətirilməsinin qarşısını alır, həmçinin Moskvanın xarici ticarət əlaqələrini zəiflədir, xarici diplomatik səylərini bloklayır. Bütün cəbhə boyu Rusiyanın mühasirəyə alınması prosesi davam edir və biz gələcəkdə Rusiyaya qarşı yeni məhdudlaşdırma tədbirlərinin şahidi olacağıq”.
Qeyd edək ki, ötən gün ABŞ Maliyyə Nazirliyi Rusiyanın 38 biznesmeni, rəsmi şəxsi və şirkətinə qarşı sanksiyalar tətbiq edib.