Rusiyanın artan hərbi gücü Bakı üçün təhlükədir

0
629

Rusiyanın gücü son illərdə artıb. Bunu artıq dünya da etiraf etməyə başlayıb. Rusiyanın güclənməsi və dünya siyasətində söz sahiblərindən birinə çevrilməkdə olması, bu gücün Suriyada xüsusilə özünü göstərməsi onu özünə rəqib kimi görən ABŞ-ı belə, ciddi narahat etməkdədir. Bəs dünyanın ərazicə ən nəhəng dövlətinin güclənməsindən onun ətrafında olan qonşu dövlətlər narahat olmalıdırlar, yoxsa arxayınlaşmalıdırlar? Qonşularına Rusiyanın güclü, yoxsa zəif olması sərf edir?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, təkcə hərbi güc amili həlledici deyil. Dövlətin rəhbər tutduğu ideologiya, dövlətin büdcəsi, əhalisinin yaşayış səviyyəsi, müasir texnoloji inkişaf səviyyəsi, ətraf qonşularına yanaşma tərzi və digər amillər də dövlətin gücünü göstərir: “Rusiya hərbi cəhətdən güclənib. Orduda modernləşmə aparılıb, hərbiyə əlavə sərmayə yatırmaqla bəzi sahələrdə modernləşmə aparıb və şəxsi heyət arasında da mənəvi-psixoloji durumu yaxşılaşdırmaq istiqamətində tədbirlər həyata keçirməklə ordunun döyüş hazırlığını artıra bilib. Rusiyanın Suriyaya tərəddüdsüz daxil olmasının səbəblərindən biri də həm ordunun gücünü yoxlamaq, yeni yaradılmış silahları sınaqdan çıxarmaq, xüsusən də strateji hücum silahlarını və onları daşıyan təyyarələri sınaqdan çıxarmaq idi. Bir sözlə, Rusiya öz ordusunu çökməkdən tamamilə xilas etdi və müəyyən güc səviyyəsinə gətirə bildi. Amma məncə, yuxarıda qeyd etdiyim digər amillər haqda bunu söyləmək olmur”.

Politoloq qeyd etdi ki, Rusiyaya qarşı fevralda daha öldürücü sanksiyaların tətbiq edilməsi gündəmdədir. Bu, artıq ABŞ Konqresində təsdiq olunub. Həmin təsdiq olunan sanksiyaların fevraldan Rusiyaya qarşı tətbiq edilməsinə başlanacaq: “Rusiyanın beynəlxalq bank sistemindən çıxarılması da nəzərdə tutulub. Əgər bu baş verərsə, Rusiya iqtisadiyyatı çox acınacaqlı günə düşəcək, orada çox böyük iqtisadi xaos, maliyyə xaosu meydana çıxacaq. Bu yaxınlarda ABŞ-ın təhlükəsizlik proqramı açıqlandı. Orada Rusiya bütün dünya və ABŞ üçün təhdid hədəfi kimi göstərildi. Yəni bu gün Qərb dövlətlərinin əsas diqqəti Rusiyanı dayandırmağa və rejim dəyişikliyinə nail olmağa yönəlib. Bax bu kontekstdə mən deyə bilərəm ki, Rusiyada seçkilər o qədər asan keçməyəcək. Vladimir Putin əsas rəqibi Aleksey Navalnını seçkiyə buraxmasa da onun əlinə yeni bir ”kozır” verdi. Navalnı boykot çağırışını genişləndirsə, ölkədə seçicilərin 40-50 faizi seçkiyə getməkdən imtina edəcək. 50 faizdən aşağı sayda seçicinin iştirak etdiyi seçkini saxtalaşdırmaq yolu tutulsa, Vladimir Putinin legitimliyini dünya dövlətləri tanımayacaq. Hətta ölkənin öz içindəki müxalifət qüvvələri də tanımayacaq. Nəticə etibarilə Putinin hakimiyyəti üçün qorxulu bir vəziyyət yaranacaq. O, bu cür vəziyyətə çətin ki, uzun müddət davam gətirə bilsin. Hər halda, ya güzəştə getmək məcburiyyətində qalacaq, yəni məsələn, Ukrayna məsələsində ciddi güzəştə getməli olacaq, hətta postsovet məkanındakı münaqişələr məsələsində də güzəştə getmək məcburiyyəti qarşısında qalacaq. Mən baş verən və getməkdə olan proseslərin çox az hissəsini sadaladım. Dediyim odur ki, Rusiyanın qonşuları bu ölkənin heç kimi saya salmayacaq qədər güclü olması yox, nisbətən zəif, güzəştlərə gedə bilən durumda olması sərf edir”.

Image result for Qabil hüseynli

Q.Hüseynli vurğuladı ki, Azərbaycan qonşu Rusiya ilə yaxın münasibətlərin tərəfdarıdır və bunu daim nümayiş etdirir. Amma bu yaxın münasibətlər bərabər qonşuluq, bərabər hüquqluq əsasında olmalıdır: “Prezident İlham Əliyevin dediyi kimi, beynəlxalq normalara əsaslanmalıdır”.

Q.Hüseynli hesab edir ki, Rusiyanın hərbi gücünün artması qonşuları üçün narahatçılıq yaradır: “Məndə olan məlumata görə, Rusiyanın köhnə SSRİ məkanını bərpa etmək haqqında planları var və o planları tədricən həyata keçirmək niyyətindədir. Onlar haqqında açıq danışılmasa da,  Rusiya dayandırılmasa bu plan işə salınacaq. Orta Asiya respublikalarından tutmuş əvvəllər sovet ittifaqına daxil olan respublikaların hamısı Rusiyaya ehtiyatla yanaşmaq və tədbirli olmaq məcburiyyətindədirlər”.

Etibar SEYİDAĞA,
Yeni Müsavat

BIR CAVAB BURAXIN