Rusiya xüsusi xidmət orqanlarına bağlı olduqları ehtimal edilən məşhur telefon xuliqanları “Vovan” və “Leksus” Yeni il axşamı Ukrayna prezidenti Pyotr Poroşenkonu doladıqlarını iddia edir.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, xuliqanlar Ukrayna prezidentinə NATO Baş katibi Yens Stoltenbergin adından zəng vurub. Əvvəlcə söhbət xoş məcrada keçir, Ukrayna prezidenti həmsöhbətini Yeni il münasibətilə təbrik edir və zəngə görə təşəkkür bildirir. Lakin birdən prankerlər gülməkdən özlərini saxlaya bilmir və Poroşenkoya bildirir ki, gərək bu axşam çox içməsin. Bu vaxt Poroşenko ona zəng vuranın NATO baş katibi olmadığını başa düşərək dəstəyi atır. Söhbət təxminən bir dəqiqə davam edir.
“Vovan” ləqəbli Vladimir Kuznetsov sosial şəbəkə hesabında yazıb ki, Poroşenko deyəsən içkili idi və telefonla danışanda Yeni il süfrəsinin başında oturmuşdu.
Bundan əvvəl də rusiyalı telefon xuliqanları dəfələrlə müxtəlif xarici ölkə liderlərinin adından Ukrayna prezidentinə zəng vuraraq ələ salıblar. “Vovan” və “Leksus” bir qayda olaraq Kremlin xoşlamadığı xarici siyasətçilərə zəng vurub dolayır.