Rusiyadan Sarkisyana dəstək və ya yenə də ikili oyun…

0
761

 

Ötən ayın son günlərində Avropaya belə demək mümkünsə dəstək səfərinə çıxan və orada özünəməxsus şəkildə münaqişənin həll olunmamasının günahını Azərbaycanın üzərinə ataraq yardım istəyən Sarkisyan bu dəfə də Moskvada anoloji oyunlara baş vurdu. Əslində Sarkisyanın Moskvaya gözlənilən səfəri və orada aparacağı danışıqlardan əsas məqsədin qarşıdan gələn parlament seçkilərində Putinin xeyir-duasını almaq olduğu öncədən sirr deyildi. Hər halda Sarkisyanın Ermənistanı Rusiyanın quberniyasına çevirdyi məlumdur. Məhz Sarkisyanın hakimiyyəti dövründə Ermənistan de-fakto müstəqilliyini itirərək Rusiyanın ucqarlarda olan kiçik əyalətinə çevrildi. Bununla belə Sarkisyanın Rusiyanı daim qıcıqlandıran Şərq tərəfdaşlığı proqramında iştirakını yenidən gündəmə gətirməsi və AB ilə müvafiq anlaşma imzalamaq barədə razılıq əldə etməsinin Moskva tərəfindən onu cəzalandırılacağı gözlənilirdi. Lakin Sarkisyanın Moskva səfəri göstərdi ki, əvvəlki kimi Rusiya Ermənistandakı satrapına dəstək verməkdə davam edəcək. Belə ki, Putin Sarkisyanla görüşdən sonra açıq şəkildə bildirib ki, qarşıdan gələn parlament seçkilərində onun (Sarkisyanın) yenə də qələbə çalmasını arzulayır və bunun mümkünlüyünə inanır. Putinin bu açıqlması ilə əslində Erməniistanda qarşıdan gələn parlament seçkilərinin taleyinin Sarkisyan komandasının xeyrinə həll edildiyini ehtimal etmək olar. Çünkü bütün hallalrda Qarabağ münaqişəsinin həllində Azərbaycanla ortaq məxrəcə gəlmək niyyətində olduğunu gizlətməyən eks prezident Ter-Petrosyanla müqayisədə bölgədəki status-kvonu qoruyub saxlamaq istəyən Rusiya üçün problemin aradan qaldırılması arzu edilən deyil. Rusiya məhz münaqişənin həll edilməməsi faktorundan istifadə edərək tərəflər üzərində öz təsirini qoruyub saxlamağa cəhd edir. Əlbətttə Sarkisyanın Moskva görüşlərində Azərbaycan üçün ən önəmli məsələlərdən biri Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyinin necə olacağı idi. Bu baxımdan ötən ilki aprel döyüşlərindən sonra Putinin münaqişənin həlli ilə bağlı verəcəyi açıqlama maraqla gözlənilirdi. Amma Putinin münaqişənin həlli ilə bağlı verdiyi açıqlamadan məlum oldu ki, Moskva əvvəlki kimi Ermənistanın maraqlarına uyğun şəkildə bölgədəki mövcud status-kvonun qorunub saxlanılmasına tərəfdardır. Görüşün nəticəsi ilə bağlı verdiyi açıqlamada Putin deyib: “Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində, eləcə də Bakı və Yerevanla birbaşa təmaslarda Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı qəbul olunan həll yolunu tapmağa kömək etməyə davam edir”.

Bunun ardınca Sarkisyanın Moskvaya səfəri ilə bağlı qəbul edilən birgə bəyanatda da Moskva münaqişənin həllində status-kvonun qorunub saxlanılmasında maraqlı olduğunu bir daha bəyan edib. Üstəlik bəyanatda yenə də ATƏT Minsk Qrupunun yaradılmasının ilkin şərtləri, münaqişənin həllində BMT TŞ tərəfindən qəbul edilən 4 məlum qətnamənin əsas götürülməsi “unudularaq” problemin həlli yenidən tərəflərin üzərinə atılıb. Bunu bəyanatda deyilənlər də sübut edir: “Rusiya Azərbaycan ilə Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərin qəbul edəcəyi həll yoluna istər Minsk Qrupu vasitəsilə, istərsə də İrəvan və Bakı arasında birbaşa danışıqlar çərçivəsində hər cür dəstək verməyə davam edəcək”.

Bundan əlavə Putinlə Sarkisyan münaqişənin həlli üçün güc tətbiq etməmək, güc işlətməyə cəhd kimi addımlardan çəkinmək, həmçinin konfliktin ölkələrin ərazi bütövlüyü, bərabərlik və xalqların hüquqlarının tanınması prinsipləri əsasında sülh yolu ilə həll olunmasınıönə çıxarıblar. Status-kvonun qorunub saxlanılmasının yolverilməz olduğu barədə dəfələrlə beynəlxalq aləmdə fikirlərin səsləndirilməsinə baxmayaraq Rusiya yenə də bölgədə işğal rejiminin saxlanılmasında maraqlı olduğunu nümayiş etdirdi. Bütün bunlar isə göstərir ki, əvvəlki kimi Rusiyadan münaqişənin həllində nə isə gözləməyə dəyməz…

BIR CAVAB BURAXIN