“Rusiyadan alınan silahlarla bağlı narahatlığa əsas yoxdur”

0
759

 

Bu gün əvvəllər iki ölkə arasında hərbi-terxniki əməkdaşlıq çərçivəsində əldə edilən razılığa əsasən Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirilib. Müdafiə nazirliyindən verilən məlumata görə, bu hərbi texnika cəbhəyanı zonaya göndəriləcək. Şübhəsiz ki, Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanın xaricdən aldığı hərbi texnika ordumuzun gücləndirilməsi baxımından vacibdir. Bununla belə Ermənistanın müttəfiqi olan Rusiyadan aldığımız hərbi texnika ilə bərabər ölkəmizə rusiyalı hərbi mütəxəssislərin də gəlməsi müəyyən qədər narahatçılıqla qarşılanmaqdadır. Bu məsələ, həmçinin Rusiyadan aldığımız hərbi texnikanın nə qədər yararlı ola bilib- ilməməsi ilə bağlı məsələ isə ara-sıra mətbuatda gündəmə gəlməkdədir. Hər halda bu da təsadüfi deyil. Çünki Rusiyanın hərbi sənaye komplekslərinin əksəriyyətinin rəhbərləri ermənilərdir və onların bu baxımdan Azərbaycana yararlı hərbi texnka sata biləcəyi barədə istər-istəməz çoxsaylı şübhələr ortaya çıxmaqdadır. Eyni sözləri Rusiyadan alınan hərbi texnikanı öyrədəcək rusiyalı hərbi mütəxəssislər barədə də demək olar. Rusiyanın Ermənistanla hərbi-strateji müttəfiq olduğunu nəzərə alanda, rusiyalı hərbi mütəxəssislərin hansısa məqamda sirrmizi düşmənə satması və ya təxribatla məşğul ola bilməsi ehtimalı ortaya çıxır. Buna paralel olaraq Rusiyanın ali dairələrini təmsil edənlərin bəziləri, o cümlədən tanınmış politoloqlar və hərbi ekspertlər Azərbaycana Rusiya silahının satılması ilə bağlı Ermənistanda əmələ gələn narahatlığa cavablarında açıq şəkildə: “Rusiya Azərbaycana silah satmaqla həm də Ermənistana kömək etmiş olur. Çünki silah satışından əldə edilən gəlirlə həm də Ermənistanı analoji hərbi texnika ilə təmin etmək imkanı əldə edirik”-deyirlər. Yəni Rusiya bizə satdığı silahdan əldə etdiyi gəlirlə Ermənistana pulsuz hərbi texnika vermək imkanı əldə edir. Belə çıxır ki, biz Rusiyadan silah almaqla həm də Ermənistanı özümüzə qarşı silahlandırmış oluruq. Təbii ki, bu özü-özlüyündə anomal qəbul edilə bilər. Bəs belə bir vəziyyətdə Azərbaycanın Rusiyadan hərbi texnika alması nə qədər məntiqə uyğundur və bu ölkəmizin təhlükəsizliyinə xələl gətirə bilərmi? Məsələ ilə bağlı “Yeniavaz.com”a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Azərbaycanın hazırda aldığı hərbi texnika ilə bağlı bir neçə ilə əvvəl müvafiq anlaşma imzalandığını söylədi: “Bu gün Azərbaycana gətirilən hərbi texnikadan daha çox minatəmizləmədə, şəxsi heyətin aparıb gətirilməsində, istehkam qurğularında və digər işlərdə istifadə ediləcək. Hər halda bu da ordumuzun hərbi texniki gücünün artırılmasına öz töhfəsini verəcək. Qaldı ki, məsələnin digər tərəfinə, bu hərbi texnikanın yararlı olub-olmaması barədəki şübhələrə, mən bunu da əsassız sayıram. Çünki bizdə bu hərbi texnikanı idarə etməyi bacaran mütəxəssislər var. Üstəlik bu hərbi texnika ordumuzun sərəncamına verilməzdən əvvəl sınaqdan çıxarılacaq və hər hansı defekt müəyyən edilsə dərhal bununla bağlı tədbir görüləcək. Belə hesab edirəm ki, Rusiyadan alınan silahlarla bağlı narahatlığa əsas yoxdur”.

Hərbi ekspert qeyd etdi ki, Azərbaycan yalnız Rusiyadan deyil, digər ölkələrdən də hərbi texnika alır: “Rusiyadan aldığımız hərbi texnikanın sayında artıq azalma hiss olunur. Son dövrlərdə xarici ölkələrdən daha çox hərbi texnika almağa başlamışıq. Buna paralel olaraq Azərbaycanın hərbi sənayesi də uğurla inkişaf etdirilir. Bu isə olduqca sevindiricidir”.

Ermənistanın hərbi-strateji müttəfiqi olan Rusiyadan olan hərbi instruktorların düşmənə hər hansı sirrimizi satmasına və ya təxribat törədə bilməsi ehtimalına gəlincə, Üzeyir Cəfərov bunun mümkün olmadığını söylədi: “Azərbaycanın təhlükəsizliyi kifayət qədər yüksək səviyyədə təmin olunur və vəziyyət nəzarət altındadır. Buna qoy heç kəs şübhə etməsin”.

Azərbaycana satılan silahlardan əldə edilən gəlirlərlə Ermənistanın silahlandırılması barədə bəzi rusiyalı hərbi ekspertlər və siyasi analitiklərin dediklərinə də münasibət bildirən hərbi ekspert: “Rusiya özünün hərbi arsenalını müntəzəm olaraq yeniləyir, onu müasir silahlarla təmin edir. Bu çərçivədə də köhnəlmiş hesab edilən hərbi texnika Ermənistana verilir və ya Gümrüdəki 102 saylı hərbi bazaya göndərilir. Yəni Rusiya Ermənistana heç də Azərbaycana satdığı silahlardan əldə etdiyi gəlirlə yeni müasir hərbi texnika vermir. Rusiyalı hərbi ekspertlərin və siyasi analitiklərin Azərbaycana silah satışı ilə bağlı dedikləri sadəcə olaraq Ermənistanı sakitləşdirmək niyyətlərinə, onların bundan narazı olmalarının qarşısını almağa xidmət edir”,-dedi.

Əziz Mustafa

BIR CAVAB BURAXIN