Rusiyada qəribə paranormal hadisələr – FOTOLAR

0
835

 

Rusiya dünyada yalnız zəngin təbii sərvətləri ilə tanınmır. Bu ölkə həm də özünəməxsus olan sirli və müəmmalı paranormal hadisələrlə də dünyanı heyrətləndirməkdə davam edir. Təbii ki, belə paranormal hadisələrin saysız-hesabsız şahidləri var və onlar heç də çoxlarının hesab etdiyi kimi illüziya, adam aldatma və ya mistik görüntülər adı altında cəmiyyətin başını qarışdırmaq niyyətlərinə xidmət etmirlər. Hər halda Rusiyada baş verən paranormal hadisələr dünyanın əksər ölkələrində baş verən müəmmalı sirlərin davamı təsiri bağışlayır.

Kosmonavtların NUO ilə qarşılaşması

SSRİ tərəfindən kosmosa ilk adam çıxarılmasının ardınca Yerətrafı orbitə yeni kosmik gəmilərin göndərilməsi kainatda qəribə hadisələrin baş verdiyi barədə çoxsaylı faktların ortaya çıxmasına səbəb oldu. Kosmosda olan çoxsaylı sovet kosmonavtları yerə qayıtdıqdan sonra kosmik məkanda Naməlum Uçan Obyektlə (NUO) qarşılaşdıqlarını və bunun mahiyyətini anlaya bilmədiklərindən danışmağa başladılar. Bununla bağlı iki dəfə Sovet İttifaqı Qəhrəmanı kosmonavt Vladimir Kovalyonok 1981-ci ildə “Salyut6” stansiyasında olduğu vaxt barmaq böyüklüyündə parlaq işığın yer ətrafında dövrə vurduğunu gördüyünü söyləyir. Onun sözlərinə görə, qeyri-adi hadisəni göstərmək üçün kosmonavt yoldaşı, heyət komandiri Viktor Savinıxı çağırıb. Savinıx aparatı götürərək bu naməlum obyektin şəklini çəkmək istəyərkən gözlənilmədən parlaq obyekt iki yerə bölünərək yoxa çıxıb. Naməlum obyektin şəklini çəkmək mümkün olmasa da baş verən hadisə ilə bağlı kosmonavtlar yerə- uçuşu idarə etmə mərkəzinə bu barədə məlumat veriblər.

Yerətrafı orbitdə qeyri-adi sürətə malik olan naməlum obyektlərin varlığını kosmik məkandakı “Mir” stansiyasının kosmonavtları və digərləri də dəfələrlə müşahidə ediblər. Onu da deyək ki, Naməlum Uçan Obyektlər indinin özündə də tez-tez Baykonur kosmodromunun üzərində peyda olur.

Rus Rozuelli

Həştərxanın çimal-qərbindəki Kapustin Yar kəndi yaxınlığında yerləşən hərbi raket poliqonu da naməlum uçan obyektlərin tez-tez müşahidə edildiyi yerlərdən biri hesab edilir. 1947-ci ildə ABŞ-ın Rozuell adlı yerində “gəlmələrin gəmisi” qəzaya uğradı və bu bütün dünyada böyük əks-sədaya səbəb oldu. Bu hadisədən bir il sonra 1948-ci il iyun ayının 19-da Kapustin Yar səması üzərində siqaretə oxşayan gümüşü obyekt peyda oldu. Dərhal hava həyəcanı siqnalı verilərək 3 ədəd qırıcı-tutucu MiQ təyyarəsi havaya qaldırıldı. Onlardan birinin açdığı atəş naməlum obyektin zədələnməsinə səbəb oldu. Naməlum obyekt dərhal qırıcı- tutucu təyyarəyə “şüa” zərbəsi endirdi. Zərbə nəticəsində təyyarə yerə yuvarlanaraq dəhşətli partlayışa səbəb oldu. Amma gümüşü obyekt də poliqon ətrafına düşdü. Onu əhatə edən hərbçilər dərhal naməlum obyektin qalıqlarını bunkerə apardılar. Bundan sonra naməlum obyekt barədə bir daha danışmamağa üstünlük verdilər. 1991-ci ildə SSRİ Dövlət təhlükəsizlik orqanları Kapustin Yar səmasında qeydə alınan naməlum obyektlər barədə bəzi gizli məlumatları mətbuata açıqladılar. Məlum oldu ki, Kapustin Yar üzərində qeydə alınan naməlum obyektlərin mənşəyini heç cür izah etmək mümkün olmayıb. Bu obyektlərə yaxınlaşma cəhdləri də baş tutmayıb. Çünki naməlum obyektlər ildırım sürəti ilə onları təqib edən təyyarələrdən uzaqlaşaraq gözdən itiblər. Bir müddət sonra isə onlar poliqon səmasında yenidən peyda olublar. Sanki naməlum obyektlər Kapustin Yarda nələrin baş verdiyini nəzarətdə saxlayırdılar…

Çernobılın qara quşu

1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzadan bir neçə gün əvvəl burada çalışanlar səmada qıpqırmızı alışıb yanan gözləri olan qanadlı qara böyük insan görmüşdülər. Dərhal da bu barədə müvafiq qurumlara məlumat verilmişdi. Əvvəllər insan-pərvanəni xatırladan bu qəribə varlığı ABŞ-ın Qərbi Virciniya ştatının Poynt-Plezant şəhəri üzərində də dəfələrlə müşahidə etmişdilər. Çernobılda bu qəribə varlığı müşahidə edən işçilər gecələr yuxuda olduqca qorxulu parlaq qarabasmalara məruz qalmışdılar. Onların hamısı yuxudan qışqıraraq dəhşət içində ayılmış və bir müddət özlərinə gələ bilməmişdilər. 1986-cı il aprel ayının 26-da Çernobıl AES-da baş verən qəza zamanı stansiya əməkdaşları partlayış baş verən 4-cü blokdan təxminən 6 metr uzunluğunda qara quşun çıxaraq havaya uçduğunu müşahidə etmişdilər…

Cəhənnəm quyusu

1984-cü ildə SSRİ geoloqları Kola yarımadasında elmi tədqiqat məqsədi ilə 15 kilometr dərinliyində quyu qazmağa başladılar. Məqsəd orada Yer qabığının qalınlığını müəyyən etmək idi. Quyu 12 kilometr dərinliyə çatanda dərinliklərdən insan iniltiləri və qəribə səslər eşiidlməyə başlandı. Bundan əlavə geoloqlar 12 kilometr dərinlikdə böyük bir boşluq sahəsinin olduğunu müəyyən etdilər. Orada temperatur1100 dərəcəyə çatırdı. Baş verən hadisə ilə bağlı yayılan şayiələrdə isə deyilirdi ki, guya SSRİ geoloqlarının qazdığı quyu 12 kilometr dərinlikdə cəhənnəmlə üzləşmişdi. Bunun yalani ya doğru olduğunu söyləmək çətindir. Çünki Yer altından gələn qorxunc səslər geoloqları quyunun qazılmasını dayandırmağa məcbur etdi. Sonralar Kola yarımadasında dərinlik quyusunun qazılmasına rəhbərlik edən David Mironoviç Quberman demişdi: “Məndən tez-tez bu müəmmalı hadisə barədə soruşurlar. Mən bilmirəm onlara nə cavab verim. Çünki həqiqətən də quyu qazılarkən yerin dərinliklərindən insanın ağlını əlindən ala biləcək dəhşətli səslər gəlməyə başladı. Sonra isə quyuda partlayış baş verdi. Nəticədə qazmanı dayandırmağa məcbur olduq. Yalnız bundan sonra quyudan gələn qorxunc səslər kəsildi. Bu günə kimi öz sahəmi yaxşı bilən bir alim kimi 12 kilometr dərinlikdə nə baş verdiyini və o qorxunc səslərin nə olduğunu başa düşə bilmirəm”.

Çelyabinsk müəmması

2013-cü il fevral ayının 15-də Çelyabinsk sakinləri havada qeyri-adi parıltılı göy cismini müşahidə etdilər. Sürətlə yerə doğru irəliləyən bu parıltılı göy cismi şəhər səması üzərində partladı. Onun qalıqlarının bir hissəsi Çebarkul gölünə düşdü, digər hissəsi isə böyük bir əraziyə səpələndi. Sonralar məlum oldu ki, bu böyük bir meteorit olub. Meteoritin partlayış dalğası bir çox evlərin şüşələrinin sınmasına və nəticədə 1600 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti almasına gətirib çıxardı. Baş verən hadisədən bir müddət sonra, mart ayının 20-də Çelyabinsk üzərində günəş kimi parlaq nəhəng bir şar peyda oldu. Havadan asılı vəziyyətdə qalan bu şar şəhər üzərindən doğan ikinci günəşi xatırladırdı. Onun nə olduğunu heç kim anlaya bilmədi. Bir müddət əhalini təlvişə salan və ikinci günəş təsiri bağışlayan şar müəmmalı şəkildə yoxa çıxdı. Bu günə kimi də alimlər və ufoloqlar şarın nədən və haradan peyda olduğunu aydın edə bilməyiblər…

Əziz Mustafa

BIR CAVAB BURAXIN