Rusiyada jurnalistin ayağına zəhərli iynə batırmamışdan əvvəl ‘incimə…’ deyiblər

0
698

11

Rusiya polisi jurnalistə qeyri-adi hücumun araşdırılmasına mane olur. On gün öncə evinin qarşısında jurnalist Sergei Mokhov-un ayağına naməlum maddə dolu şpris batırılıb. Ancaq iş, hələ də, sahə müvəkkilindədir. Polis hətta hücum haqda şikayət ərizəsini itirib.

AŞPAZIN İŞİ VƏ AYİN BİZNESİ

Jurnalistin həyat yoldaşı, hüquqşünas Lyubov Sobol Aleksei Navalny-nın korrupsiya ilə mübarizə fondunda işləyir. O, “Putinin şəxsi aşpazı” Yevgeniy Prigozhin-in fəaliyyətini araşdırmaqla məşğuldur. Mokhov-un özü sosioloq kimi tanınır. O, dəfn adətləri və ayin xidmətləri biznesi sahəsini araşdırır.

 

“İncimə, bu, şəxsi deyil”, – bu qısa ifadə və ayağına vurulmuş iynədən sonra Sergei Mokhov yaşadığı blokun qarşısında huşunu itirir. Ancaq həyat yoldaşına zəng vurmağa imkan tapır. Zəng vurub deyir ki, ona hücum edilib və yerə yıxılıb.

Noyabrın 25-də axşam jurnalist və naşir Sergei Mokhov idmandan evə qayıdırdı. Yaşadığı blokun qapısında onu tanımadığı cavan oğlan gözləyirdi. Oğlan onun buduna naməlum maye dolu şprisi batırıb və qaçıb.

Şprisdəki mayenin nə olduğunu nə Sergei, nə də həkimlər anlaya bilib. Nədənsə, Mokhov-dan qan analizini dərhal götürməyiblər və həmin maddələr bədəndən çıxıb

İŞ HƏLƏ SAHƏ MÜVƏKKİLİNDƏDİR

Polis əlamətləri bilinməyən, başında toxunma papaq, əlində gül buketi olan bu cavan oğlanın kimliyini hələ də bilmir. Gül buketi də küçə hücumlarının yeni əsas atributuna çevrilib. 2010-cu ildə jurnalist Oleg Kashin-i də yaşadığı blokun qarşısında gül dəstəsi ilə gözləyirdilər.

Mokhov-a hücumun kadrları domofona yerləşdirilmiş kameraya düşüb. “Layf” telekanalı bu videoyazını polis və Sergei Mokhov-un vəkillərindən daha tez əldə edə bilib. Artıq videoyazı işə əlavə olunub. Ancaq polis, deyəsən, hələ də təhqiqatı sabotaj etməyə çalışır. Polis baş verənlərin sabahısı günü yazılmış şikayət ərizəsini də itirib. Mokhov daha bir ərizə yazmalı olub. İşin özü isə, hələ də, istintaq komitəsində yox, sahə müvəkkilindədir.

 

Bu qeyri-adi hücumun arxasında kimin dayandığını Sergei Mokhov da bilmir. İndiyədək Rusiyada sözə baxmayan jurnalistləri bu formada qorxutmağa çalışmamışdılar. Mokhov və arvadı Lyubov Sobol-un iki versiyası var.

İKİ VERSİYA

Birinci versiya Sergey-in özünün ayin xidmətləri ilə bağlı araşdırmalarıdır. Hücumdan az öncə, noyabrda eyni vaxtda bir neçə Rusiya KİV-ində ölüm və korrupsiya haqda materiallar dərc edilmişdi. Bu materiallar Mokhov-un tədqiqatları əsasında hazırlanmışdı. “Otkritaya Rossiya” (“Açıq Rusiya”) saytı isə ayin mafiyasının işi barədə xüsusi reportaj dərc etmişdi.

İkinci versiya Sergey-in həyat yoldaşının işi ilə bağlıdır. Lyubov Sobol hesab edir ki, ərinə hücumla onu qorxutmağa çalışıblar. Sobol hətta mümkün sifarişçinin adını da çəkir.

“Son bir ildə mən korrupsiya ilə mübarizə fondunun araşdırmaçı qrupunun tərkibində Yevgeniy Prigozhin-in fəaliyyətinə fokuslanmışam. Dəqiq bilirik ki, araşdırmalarımızın dərci üzündən Prigozhin pul itirir. O, daha çox rüşvət verməli olur. Ola bilər ki, o, qisas almaq, yaxud bu nəticələri əngəlləməyə çalışır”, – deyəSobol qeyd edir.

 

“Fontanka.ru” saytı Sankt-Peterburqda liberal fəallara hücumların sifarişçisi kimi məhz troll fabrikinin sahibi və restoran maqnatı Yevgeniy Prigozhin-in adını çəkib. Müxalifətçilər hədələnib, döyülüb, avtomobilləri yandırılıb. Bu işlərin heç biri məhkəməyə belə gedib çıxmayb.

Azadliq.org

BIR CAVAB BURAXIN