Rusiya ölkəyə giriş-çıxışı pullu etmək istəyir

0
661

“Kommersant” qəzeti yazır ki, Rusiyanın Nəqliyyat Nazirliyi ölkə sərhədlərinin avtomobil və yük qatarları ilə keçilməsi zamanı ödənişin tətbiqini təklif edir.

HƏR KİLOMETRƏ 1,5 RUBL

Pullar artıq Rusiya yollarında ödəniş toplanmasında istifadə olunan “Platon” sisteminə bənzər sistem vasitəsilə yığılacaq. Toplanmış pulları sərhəd-keçid məntəqələrinin təchizatına xərcləmək təklif olunur.

“Birinci mərhələdə avtomobil və dəmiryol sərhəd keçid məntəqələrinin pullu edilməsi təklifi var. Nazirlik avtomobillərdən onların kateqoriyalarına (minik, yaxud yük) görə pul almaq istəyir”, deyə qəzet yazır.

 

İdeyanın gerçəkləşdirmə vaxtı, habelə giriş və çıxış üçün ödəniləcək məbləğ kimi detallar açıqlanmır. Hökumətdəki mənbələr bildirirlər ki, nazirlik ödənişlərin toplanması üçün vahid operator yaratmaq istəyir. Rusiya Federasiyasında ötən il noyabrın 15-dən fəaliyyət göstərən “Platon” sistemi çəkisi 12 tondan ağır olan maşınların sürücülərindən hər kilometrə 1,5 rubl alır. “Platon” sisteminə xidmət göstərənsə “RT İnvesttransportnıye sistemı” şirkətidir. Bu şirkət “Rostex” və Putinin dostu, iş adamı Arkadiy Rotenbergin oğlu Igor Rotenberg-in nəzarətindədir.

250 MİLYARD RUBL LAZIMDIR

Bu il Rosgranitsa – Rusiyanınn Sərhəd Agentliyinin ləğvindən sonra sərhəd-keçid məntəqələri Nəqliyyat Nazirliyinin səlahiyyətinə verilib. Nəqliyyat nazirinin müavini Aleksei Tsydenov məntəqələrin müasirləşdirilməsinə gərəkən xərcləri 250 milyard rubl (3,9 milyard dollardan artıq) həcmində dəyərləndirib. Onun sözlərinə görə, fəaliyyətdə olan 314 keçid məntəqəsinin ən uzağı 20%-i texniki təchizatla bağlı normativ tələblərə və sərhədi keçənlər üçün sanitar-məişət şərtlərinə cavab verir.

“Bu gün 200-250 məntəqənin yenidənqurma və müasirləşdirmə işlərinə kapital qoyuluşu tələb olunur”, deyə Tsydenov bildirib. Onun sözlərinə görə, bir məntəqənin yenidən qurulmasının orta xərci 1 milyard rubldur.

Nəqliyyat Nazirliyi bu ayın ikinci yarısında sərhədlərin keçilməsi zamanı ödənişin tətbiqinə dair geniş müşavirə planlaşdırır. Sərhəd məntəqələrindən istifadəyə görə ödənişin artıq gələn ilin ikinci yarısı tətbiq edilə biləcəyi deyilir.

BIR CAVAB BURAXIN