Son illərdə başda ABŞ olmaqla Qərb ölkələri ilə Rusiya arasında soyuq müharibənin yenidən başlaması və bu müstəvidə də beynəlxalq aləmdə gərginliyin artmaqda davam etməsi bəşəriyyətin gələcəyini təhlükə altına alıb. Hər halda Suriyada qlobal güclərin maraqlarının toqquşması minlərlə insanın ölməsinə, şəhərlərin, kəndlərin xarabazara çevrilməsinə gətirib çıxarıb. Bu müstəvidə də Rusiya təhlükəsinə qarşı NATO-nun genişləndirilməsi və ona yeni üzvlərin qəbul edilməsi ilə bağlı növbəti hədəfin Gürğüstan seçilməsi təbii ki, Moskvani narahat etməkdədir. Bunu məsələyə münasibətdə Rusiya prezidenti Vladimir Putinin verdiyi açıqlama da bir daha sübut etməkdədir. Fransanın Le Fiqaro qəzetinə verdiyi müsahibədə ABŞ-ı və onun Qərbdəki müttəfiqlərini NATO-nu genişləndirməklə uzaqgörməyən siyasət yeritməkdə günhlandıran Putin onları gözlərinin qabağından bir addım belə irəlini görməməkdə günahlandırıb. Putinin sözlərinə inansaq Rusiya beynəlxalq aləm, o cümlədən qonşuları üçün hər hansı təhlükə mənbəyi deyil. O Qərbi NATO-nu genişləndirmək əvəzinə Rusiya ilə səmimi dialoqa başlamağa çağırıb. Rusiya dövlət başçısının sözlərindən belə çıxıb ki, hazırda beynəlxalq aləmdə baş verən gərginliyə görə Qərb günahkardır və bu işdə Kremlin heç bir günahı yoxdur. Amma doğrudanmı Rusiya qonşuları və beynəlxalq aləm üçün təhlükə mənbəyi deyil? Bax buna inanmaq çətindir. İş orasındadır ki, beynəlxalq aləmdə gərginliyin artmasına və soyuq müharibənin körüklənməsinə səbəb Rusiyanın yenidən işğalçılıq planlarını işə salması oldu. Məhz 3 il əvvəl Rusiyanın Krımı işğal etməsi və buna paralel olaraq Ukraynanın şərqində, Donbasda və Luqanskda açıq şəkildə separatizmi dəstəkləməsi Qərb tərəfindən Rusiyaya qarşı sanksiyaların tətbiqinə gətirib çıxardı. Eyni zamanda Rusiyanın Suriyada və dünyanın müxtəlif bölgələrində Qərbə qarşı yeni savaş meydanı açması da milyonlarla insanın ölümünə, şəhərlərin xarabazara çevrilməsi ilə müşahidə olunmaqdadır. Buna paralel olaraq Rusiyanın postsovet məkanı ölkələrinə münasibətdə imperiyanı bərpa cəhdlərinə ara verməməsi də öz növbəsində həmin ölkələri xilas yolunu Qərbdə, NATO-da axtarmağa məcbur edir. Biz bunu Gürcüstanın timsalında aydın şəkildə görməkdəyik. 2008-ci ildə Gürcüstana qarşı müharibə elan edərək onun əzəli torpaqları olan Abxaziya və Cənubi Osetiyanı işğal edən Rusiya bununla da qarşı tərəfi belə demək mümkünsə xilas yolunu Qərbdə axtarmağa məcbur etdi. Nəticədə Qərblə Gürcüstan, o cümlədən NATO arasında istər hərbi, istərsə də iqtisadi və siyasi sahədə inteqrasiya genişləndi. Bu da öz növbəsində Gürcüstanın qarşısında NATO üzvü olması üçün geniş perspektivlər açıb. Hər halda NATO Parlament Assambleyasının Tbilisidə keçirilən son sessiyası göstərdi ki, Gürcüstanın bu hərbi alyansa üzv olması artıq reallığa çevrilməkdədir. Bu isə Cənubi Qafqazı özünün strateji təsir dairəsi elan edən Rusiyanın bölgədə varlığı üçün olduqca böyük təhlükə doğuracaq. Gürcüstanın NATO-ya üzv olması eyni zamanda Rusiyanın Şimali Qafqazdakı mövqeyini də zəiflədərək adı çəkilən bölgələrdə, o cümlədən Dağıstanda milli azadlıq mücadilələrinin yeni vüsət almasına yol açacaq. Buraya Gürcüstanın ardınca Ukraynanın da qarşısında NATO-ya üzv olma imkanlarının açılacağını nəzərə alsaq, onda Rusiyanın gələcəkdə öz varlığını belə qoruyub-qoruya bilməməsi şübhə altına düşəcək. Zənnimcə bu gün Rusiyanın Abxaziyanı və Cənubi Osetiyanı, o cümlədən Krımı işğal etməsi, Donbasda və Luqanskda separatizmi dəstəkləyərək Ukraynanı parçalamaq cəhdləri onun özünə qarşı çevrilən dağıdıcı silah rolunu oynayacaq. Ola bilsin ki, Rusiyada imperiyanı bərpa etmək niyyətlərindən əl çəkmək istəməyən güclər bu təhlükəni kifayət qədər qiymətləndirə bilmirlər. Hər halda Rusiya nüvə silahına malik ölkədir. Amma o da aydındır ki, SSRİ-nin dağılması prosesində olduğu kimi Rusiya da belə bir təhlükə ilə üzləşəcəyi halda belə nüvə silahından istifadə edə bilməyəcək. Çünki belə bir addım Rusiyanın özünün də dövlət kimi məhv olması demək olacaq. Yəni bütün hallarda Rusiyanın istər Gürcüstana, istərsə Ukraynaya münasibətdə işğalçılıq siyasətini davam etdirməsi, Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həllinə imkan verməməsi və onlara imperiyanı bərpa vasitəsi kimi baxması zənnimcə əks təsir göstərə və qarşı tərəfin öz altına qoyduğu barıt çəlləyinə çevrilə bilər. Yəni bu gün postsovet məkanı ölkələrinin Qərbə, o cümlədən NATO-ya qucaq açmalarının və beynəlxalq aləmdə vəziyyətin gərginləşməsinin günahkarı Rusiyadır. Şübhəsiz ki, Rusiya istər Gürcüstanın, istərsə də digər postsovet məkanı ölkələrinin NATO-ya üzv olmasına imkan verməməyə çalışacaq. Bu baxımdan Gürcüstanın NATO-ya üzvlyünün qarşısını almaq üçün adı çəkilən ölkədə terror kartına əl atıla, orada dövlət çevrilişinə baş vurula və digər ssenariləri işə salına bilər. Amma bununla da Moskva çətin ki, öz istəyinə nail ola bilsin. Zənnimizcə əgər Rusiya həqiqətən də NATO-nn Şərqə doğru genişlənməsini, Gürcüstanın, o cümlədən digər postsovet məkanı ölkələrinin bu quruma üzv olmasını istəmirsə, onda imperiya siyasətindən əl çəkməli və beynəlxalq aləmdə əmələ gələn gərginliyin günahını da özündə axtarmalıdır…