Rusiya kosmosdakı peyklərə qarşı silah hazırlayır

0
769

S-400

S-400

«Rusiya peyklərə qarşı hərbi imkanlarını, o cümlədən lazerlərdən kosmosda istifadə imkanlarını öyrənir, bu isə bizim peyklərə təhlükə ola bilər». Bu xəbərdarlıqla ABŞ Hərbi Hava Qüvvələrinin komandanı, general John E.Hyten çıxış edib. ABŞ Müdafiə Departamentinin yaydığı məlumata görə, general Stenford Universitetində çıxışı zamanı Rusiya və Çinin kosmosdakı planlarından danışıb, deyib ki, hazırda Rusiya ilə yanaşı, Çin də kosmosda sınaqlarla məşğuldur və bu iki ölkə gələcəkdə öz imkanlarından ABŞ-ın kosmosdakı fəaliyyətinə qarşı yararlana bilər.

«GƏLƏCƏK MÜNAQİŞƏLƏR İNDİ ÖNLƏNMƏLİDİR»

John E.Hyten-nin sözlərinə görə, kosmosdan yalnız sülhpərvər məqsədlərdən ötrü yararlandığını desə də, Çin hazırda dünyanın ən aqressiv ölkələrindəndir və sınaqlarını müxtəlif orbital rejimlərdə davam etdirir. Halbuki bu sınaqlar zamanı istifadə olunan silahlar kosmosda çoxlu tullantının yaranmasına səbəb olar, tullantılarsa kosmosa girişi əngəlləyər.

General deyib ki, kosmosda gələcək münaqişələr indi önlənməli, dünyanın bu münaqişələrdən qorunmasından ötrü tədbir görülməlidir. «Biz bunun qarşısını almalıyıq və müharibəni önləməyin ən yaxşı yolu müharibəyə hazır olmaqdır. Birləşmiş Ştatlar belə də edəcək. Hamının bizim müharibəyə hazır olduğumuzu bilməsinə çalışacağıq», –ABŞ Hərbi Hava Qüvvələrinin komandanı belə deyib.

Amerikalı general kosmosda müharibənin önlənməsi yönündə ABŞ-ın 1990-91-ci illərdən—Körfəz müharibəsindən bəri tədbirlər gördüyünü, yeni resursların yaradıldığını deyib. Hətta Koloradodakı Hərbi Hava Bazasında sınaq döyüşləri keçirməklə hərbi hava qüvvələri – oyunçular gələcəkdə kosmosda baş verə biləcək toqquşmaların necə olacağı haqda təsəvvür yaratmağa çalışıblar.

«ABŞ KOSMOSDAKI MÜNAQİŞƏLƏRƏ HAZIRDIR»

Birləşmiş Ştatların Strateji Komandanlığı – «Stratcom» 2015-ci ildə Birgə Kosmik Əməliyyatlar Mərkəzinin fəaliyyətə başlaması haqda məlumat yayıb. Bu mərkəz «Stratcom», Milli Kəşfiyyat Ofisi, Hərbi Hava Qüvvələrinin Kosmik Komandanlığı, Hava Qüvvələrinin Araşdırma Laboratoriyası, data provayderlərin əməkdaşlığını nəzərdə tutur. John E.Hyten sınaq müharibələrinin məhz bu mərkəzdə aparıldığını söyləyib. O bu və digər bilgiləri açıqlamaqla ictimaiyyətin ABŞ-ın kosmosdakı münaqişələrə hazır olduğunu bilməsinə çalışdıqlarını vurğulayıb.

General kosmik imkanların hərbdə inqilabla sonuclandığını, humanitar məsələlərdən tutmuş, böyük döyüş əməliyyatlarına qədər hər şeyin kosmik imkanlardan asılı olduğunu deyib.

Strateji Komandan kimi general iki vəzifəni yerinə yetirdiyini, həm amerikalıları qorumalı olduğunu, həm də kosmosu hər bir xalqın və hər bir nəslin istifadəsi naminə qorumaq məsuliyyətini daşıdığını söyləyib.

BIR CAVAB BURAXIN