1829-cu ildən 1916-cı ilə qədər olan zaman kəsiyiində ermənilərin sayının 8 dəfə artması qətiyyən o demək deyil ki, rusların erməni-hayları Azərbaycan ərazisinə kütləvi surətdə köçürməyə başlamasından öncə bu ərazilərdə erməni-haylar yaşamışdılar.
Azərbaycanda bircə dənə də olsun, erməni-hay kəndi yox idi.
Əvəzində isə İslamı qəbul etməyib, digər soydaşlarından fərqli olaraq öz əski etnik adı olan “alban” adını qoruyub saxlayan və danışdıqları dili “qıpçaq dili” və ya “bizim dil”, bəzənsə “tatar dili” adlandıran albanlar yaşamaqda idilər. Onlar da yerli xalq və qonşuları tərəfindən “erməni” adlandırılırdılar. Həmin dövrdə “erməni” adı həm hayların, həm albanların, həm də bu iki xalq kimi monofizit xristian olan xristian həbəşlərin, suryanilərin
(aramilərin), qriqoryan tatların və digər monofizit xalqların mənsub olduqları məzhəbin adı idi. Ölkədə az sayda katolik alban da yaşamaqda idi ki, yerli xalq onları “firəng” adlandırırdı. Bu ad müsəlmanlar tərəfindən bütün katolik xristianlara aid edilməkdə
idi.
Beləliklə, “ermənilərin sayı 8 dəfə artmışdı” deyəndə monofizit-qriqoryan məzhəbindən olanların sayının artması nəzərdə tutlmaqdadır. Gəlmə monofizitlər (ermənilər) haylar, yerli
monofizitlər (ermənilər) isə albanlar idi. Rusların məqsədyönlü siyasəti nəticəsində artıq gəlmə erməni – hayların sayı yerli alban türklərinin sayını 8 dəfə üstələməyə başlamışdı. Bununla belə, albanlar hələ öz etnik köklərini unutmamışdılar və özlərinin
türk mənşəli olduqlarını bilməkdə idilər. Təsadüfi deyil ki, ermən-hayların bütün dünyaya ermən-hay aşığı kimi tanıtmağa çalışdıqları alban aşığı Sayat Nova Azərbaycan türkcəsində qələmə aldığı bir şerində özünün türk olduğunu bildirməkdədir:
“Vəslinə eylədi ərk Sayat Nova,
Məcnuna görk Sayat Nova,
Aşıq Sayat Nova, Türk Sayat Nova”.
Eyni halla başqa bir alban aşığı Aşıq Qriqor Yayxanyanın bir bayatısında da rastlaşmaqdayıq:
«Əzizinəm qurd mənəm,
Yad deyiləm, Türk mənəm.
Nə olsun ki, Qirqoram,
Mən də bir turkmənəm».
Maraqlıdır ki, Sayat Nova erməni-hay dilində qələmə aldığı başqa bir şerində özünü “Mən inancına görə erməni Sayat Nova” kimi təqdim edir və erməni, yəni monofizit xristian olduğunun altını cızır.
Azərbaycana köçürülən erməni-haylar nəinki köçdükləri torpaqları özünküləşdirməyə çalışır, eyni zamanda 1836-cı ildə ruslar tərəfindən ləğv edilmiş Alban Apostol Kilsəsinin mülklərinə və mədəni mirasına, eləcə də albanların tarixinə, ədəbiyyat, incəsənət və mədəniyyətinə sahib çıxırdılar. Onlar Alban kilsəsələrində qorunan arxiv materiallarını öz dillərinə tərcümə edir, tərcümə zamanı təhrifə yol verir, tərcümədən sonra isə orijinalların bir qismini tamamilə məhv edir, digər qismini isə gizlədirdilər.
Allaha çox-çox şükürlər olsun ki, XIII-XIV əsrlərdə Kırıma köçən, köçərkən bir çox əsərin surətlərini də özü ilə aparan, yeni vətənlərində onların üzünü dəfələrlə köçürən və Kırımda daha çox erməni-qıpçaqlar kimi tanınmağa başlayan albanlar sayəsində Qafqaz Albaniyasının, eləcə də Qafan Alban Məlikliyinin elmi və ədəbi mirasının bir qismi qorunub saxlanmış və dövrümüzədək yetişmişdir.
Ermənilər Qafqaz Albaniyasını “Şərqi Ermənistan” kimi təqdim edərək təkcə onun deyil, Albaniyanın uzantısı olan Qa-
fan Alban Məlikliyinin, eləcə də Xəmsə alban məlikliklərinin tarixini öz tarixləri kimi təbliğ etməyə başlamış və bu gün də eyni şeyi edirlər. Erməni saxtakarlarının əsərlərində Qafan Alban Məlikliyi “Sünik çarlığı”, Qarabağın Xəmsə alban məliklikləri isə “Artsaxın erməni məliklikləri” kimi qələmə verilir. Çox təəssüflər olsun ki, bənzər yanaşmaya bir çox kəmsavad Azərbaycan müəlliflərində də rast gəlinməkdədir.
Bu mövzuda diskussiyalar Zori Balayanın “Ocaq” (1983) adlı əsərinin və ona cavab yazan İsa Qəmbərin dərcinə icazə verilməyən, kustar (samoizdat) yolla çap edilərək əldən-ələ paylanan əsərinin işıq üzü görməsi ilə başlamışdır. Sonrada bu elmi-siyasi polemikaya Z. Bünyadov, M. Nemətova, F. Məmmədova, İ. Əliyev, R. Göyüşov, D. və M. Axundovlar qoşuldular. Onlar Zəngəzur və Qarabağın Qafqaz Albaniyasının tarixi əyalətləri olduğunu, əhalisini albanların təşkil etdiyini, Albaniyanın da bir Azərbaycan dövləti olduğunu təkzibedilməz şəkildə əsaslandırdılar.
O dövrdə Azərbaycan alimlərinə hələ alban müəlliflərinin dövrümüzədək alban, başqa sözlə qarqar-qıpçaq dilinə yetişmiş əsərləri məlum deyildi. Onlar Zəngəzur və Qarabağda yaşayıb yaratmış alban alimlərinin əsərlərini məhz bu dildə yazdıqları və bu dilin Albaniya hökmdarları Aranşahların ana dili olduğunu hələ bilmirdilər. Albanların hay olmadığını sübut etmək üçün daha çox “udin” konsepsiyasını irəli sürür və albanların qafqazdilli olduqlarını iddia edirdilər.
Firudin Cəlilov,
Tarixçi Alim və
Sabiq Təhsil Naziri.