Ötən gün avqustun 6-dan etibarən Rusiya ilə Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasına dair razılaşma qüvvəyə minib. Virtualaz.org xəbər verir ki, razılaşmanın avqustun 6-dan etibarən qüvvəyə minməsinə dair fərmanı Rusiya prezidenti Vladimir Putin iyulun 26-da imzalamışdı. Barəsində çoxdandır müzakirələr gedən bu razılaşmanın əslində nəyə hesablandığı hələ də tam aydın deyil. Çünki onsuz da Ermənistan ərazisində Rusiyanın hərbi bazası, iri qoşun qruplaşması mövcuddur. Habelə bu iki ölkə arasında hərbi müttəfiqlik barədə müqavilə Ermənistanın sərhədlərinin və təhlükəsizliyinin qorunmasının Rusiya tərəfindən uzunmüddətli təminatını nəzərdə tuturdu.
İndiki sənəd isə Ermənistanın dövlət kimi suverenliyini daha da məhdudlaşdırmış olacaq və erməni generallarının lovğa bəyanatlarına baxmayaraq birləşmiş qoşun qruplaşmasının Serj Sərkisyanın əmri ilə mümkün müharibə zamanı Azərbaycan ərazilərinə yeridilməsinə imkan verən heç bir müddəa həmin razılaşmada mövcud deyil.
Sənədə əsasən Birləşmiş qoşun qruplaşmasının əsas vəzifələrinə aşağıdakılar daxildir: regionun sərhədləri daxilində Ermənistana və Rusiyaya qarşı birbaşa silahlı hücum hazırlıqlarını vaxtında aşkar etmək, bu hücumun qarşısını almaq; Rusiyanın və Ermənistanın quru sərhədlərinin müəyyən olunmuş məsuliyyət hüdudları daxilində qorunmasını təmin etmək; Rusiya və Ermənistanın dövlət sərhədlərinin hava-kosmik məkanda mühafizə olunmasında iştirak; qoşunların havadan müdafiə olunmasında və regionda Ermənistanla Rusiyaya məxsus kritik mühüm obyektlərin müdafiəsində iştirak etmək.
Birgə qoşun qruplaşmasını idarə etmək üçün birləşmiş komandanlıq yaradılır. Razılaşmaya əsasən birgə qoşun qruplaşmasının komandanının təyinatı, onun səlahiyyətləri, dinc və hərbi dövrdə kimə tabe olması, habelə birbaşa təcüvüz təhdidi qarşısında və ya hərbi dövrdə birləşmiş komandanlığın yaradılması məsələləri müəyyən olunub. Birləşmiş qoşun qruplaşmasının yerləşdirilməsi və tətbiqi barədə qərar Ermənistan və Rusiya ali baş komandanları tərəfindən qəbul olunur.
Başqa sözlə, Ermənistan ordusunun birləşmiş qoşun qruplaşmasının tərkibinə daxil edilən 5-ci ordu korpusunun komandanı, general Andranik Markaryanın bir müddət əvvəl lovğalandığı kimi bu qruplaşmanın erməni komandanın əmri ilə Qarabağa yeridilməsi sənədə əsasən mümkün deyil. Hansı ki, Markaryanın iddiasına görə, əgər o, birləşmiş qoşunları Qarabağa yeritmək əmri versəymiş Rusiya prezidenti Putin belə onu dayandıra bilməzmiş.
Birləşmiş qoşun qruplaşmasına dair razılaşmada isə belə məqam yoxdur, qoşun qruplaşmasının tətbiqi haqda əmri ancaq Rusiya prezidenti ilə razılaşdırıb vermək olar. Üstəlik bu qoşun qruplaşmasının Ermənistan sərhədlərindən kənarda tətbiqinin mümkünlüyünə dair heç bir müddəa mövcud deyil. Qoşun qruplaşması Rusiyanın quru sərhədlərinin müdafiəsində də birbaşa iştirak edə bilməz, çünki Ermənistanla Rusiyanın quru sərhədi yoxdur. Deməli qoşun qruplaşması Ermənistanın sərhədlərinin müdafiəsi üçün tətbiq edilə bilər.
Birgə rus-erməni qoşun qruplaşmasının şübhəsiz ki, regiondakı hərbi-siyasi vəziyyətə müəyyən təsirləri var və olacaq. Lakin Azərbaycan Ermənistan ərazilərində hərbi əməliyyatlar aparmağı planlaşdırmadığından bu qruplaşmanın Qarabağda mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu ilə toqquşmasının nəzəri əsasları yoxdur.
F.Məmmədov
Virtualaz.org