“Rusiya Britaniyaya “odla oynama, peşman olarsan” deyir”

0
666

“The Independent” yazır ki, Rusiyanın BMT-dəki səfiri Britaniya rəsmilərinə Salisbury şəhərindəki ikili agentin kimyəvi qazla zəhərlənməsinə göstərdikləri sərt reaksiyaya görə onların odla oynadıqlarını söyləyib və peşman olacaqları ilə hədələyib.

Britaniyanın baş naziri Theresa May demişdi ki, keçmiş casus Sergey Skripala kimyəvi zəhər hücumunun arxasında Rusiyanın dayandığı “son dərəcə ehtimal olunur”.

Lakin Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya onun ittihamlarını “dəhşətli və əsassız” adlandırıb.

“Bundan daha yaxşı saxta əhvalat uydura bilməzdinizmi? – deyə Rusiya səfiri BMT Təhlükəsizlik Şurasının iclasında sual edib, – Biz öz britaniyalı həmkarlarımıza xəbərdarlıq etmişik ki, onlar odla oynayırlar və bundan peşman olacaqlar”

Rusiya Təhlükəsizlik Şurasının iclasını Kimyəvi Silahların Qadağanı Təşkilatında keçirilmiş səsverməni uduzduqdan sonra çağırıb.

Rusiya bu təşkilatdan Salisbury insidenti ilə bağlı aparılacaq araşdırmaya Rusiya nümayəndəsinin də qatılmasına icazə verilməsini istəmişdi. Lakin Britaniya buna etiraz edirdi. Bunun ardınca keçirilən səsvermədə Rusiyanın təşəbbüsü keçməyib.

Britaniya rəsmiləri bildirirlər ki, keçmiş casus Skripal və onun qızı Yuliya 1990-cı illərdə SSRİ-də istehsal olunmuş Noviçok adlı kimyəvi maddə ilə zəhərlənib.

Sergey Skripal və qızı Yuliya
66 yaşlı Sergey Skripal və onun 33 yaşlı qızı Yuliya ötən bazar günü , martın 4-də Zizzi restoranı yaxınlığındakı skamyada huşsuz vəziyyətdə tapılıblar.

Cənab Nebenzya deyib ki, bu kimyəvi maddənin adı aşkar rusca olsa da, onu bir çox ölkələrdə istehsal ediblər.

Nebenzya habelə Britaniyanı Rusiyanı “gözdən salmaqda və legitimsizləşdirməkdə” ittiham edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovsa deyib ki, Rusiya öz nümayəndəsinin iştirak etmədiyi təhqiqatın nəticəsini qəbul edə bilməz.

“Biz özümüzün iştirak etmədiyimiz araşdırmanın nəticələrini əvvəlcədən qəbul edə bilmərik, – nazir deyib, – Biz istənilən ədalətli təhqiqatın nəticələrini qəbul edə bilərik, amma fırıldaqçılıqla təşkil olunmuş nəticələri yox”

Britaniyanın BMT-dəki səfiri Karen Pierce Təhlükəsizlik Şurasındakı çıxışında deyib ki, onun fikrincə Moskva Kimyəvi Silahların Qadağanı təşkilatının təhqiqatını tanımamaq üçün indidən əsas yaratmağa çalışır.

ABŞ-ın BMT-dəki səfirinin müavini Kelley Currie britaniyalı həmkarına dəstək verərək bildirib ki, Birləşmiş Ştatlar Britaniya torpağında törədilmiş kimyəvi hücumun arxasında Rusiyanın dayanmasına qəti əmindir.

ABŞ Britaniya ilə həmrəylik ruhunda ötən həftə Rusiyanın Birləşmiş Ştatlardakı 60 diplomatını ölkədən qovub.

Ümumilikdə isə Qərb müttəfiqləri 150-dən artıq Rusiya diplomatını persona non grata elan edib.

Cümə axşamı Sergey Skripalın qızı Yulia zəhərlənmədən özünə gəldikdən sonra ilk dəfə açıqlama ilə çıxış edib. O deyib ki, səhhəti hər gün bir qədər yaxşılaşır. Onun atası hələlik komada qalır.

Rusiya hazırda Skripallara konsulluq xidməti vasitəsilə çıxış tapmağa səylər göstərir.

Xanım Pierce deyib ki, Rusiya səfirliyinin təklifi Yuliya Skripala çatdırılıb və indi qərar onun özününkü olmalıdır.

İnsan beyni 70 yaşda da yeni hüceyrələr yaradır

həkim müayinəsi70 yaşlı insanlarda 20 yaşlılarla müqayisədə neyronların sayı azacıq az olsa da, yaşlılar da yeni neyronlar yetişdirməyə qabildirlər

“The Guardian” yazır ki, alimlər 70 yaşlı sağlam insanların beyinlərində gənclərin beyinlərində olduğu qədər sinir hüceyrələrinin və ya neyronların olduğunu aşkar ediblər.

Bu isə o deməkdir ki, insan beyninin hippokampusu onun həyatı boyunca yeni hüceyrələr yaradır.

Bu, mart ayında açıqlanmış belə bir araşdrıma ilə ziddiyyət təşkil edir ki, hippokampusun hüceyrə yaratmaq qabiliyyəti uşaqlıq illərində dayanır.

Lakin yeni araşdırma göstərib ki, insan beyni müəyyən miqdarda yeni heceyrələri ömür boyu yaratmağa qabildir.

Əgər keçmiş araşdırmada insan yaşa dolduqca neyronların azaldığı iddia edilirdisə, yeni tədqiqat bu hüceyrələrin demək olar azalmadığını nümayiş etdirib.

Məqalədə deyilir ki, sağlam beynin zaman içində necə dəyişdiyini öyrənmək depressiya, yaddaşın itməsi və stress kimi halların qarşısının alınmasına kömək edə bilər.

Bu tədqiqatda iştirak etməmiş Stokholm Karolinska İnstitutunun neyroalimi Jonas Frisen deyib ki, beyin hüceyrələri barədə fərqli nəticələrə gəlinməsi tam təbiidir. Onun fikrincə burada əsas məsələ metodologiyada, yəni beyin hüceyrələrinin sayılması üsulundadır.

Alimlər bu nəticəyə gəlməzdən əvvəl yaşları 14-79 arasında olan 17 kişi və 11 qadının autopsiyasından alınmış məlumatları təhlil etmişdilər.

Tədqiqatçıalr bildirirdilər ki, autopsiya edilmiş bu şəxslərdən heç biri ruhi xəstəlik keçirməyib. Bundan başqa Columbia Universitetinin psixiatrı Maura Boldrini deyib ki, onlar beynin kiçik parçalarını deyil, bütövlükdə hippokampusu analiz edirdilər. Bu neyronların sayılmasını daha da dəqiqləşdirirdi.

Nəticədə alimlər autopsiya edilmiş bütün beyinlərdə yeni yaranmış neyronların izlərini tapıblar.

Beləliklə aydın olub ki, 70 yaşlı insanlarda 20 yaşlılarla müqayisədə neyronların sayı azacıq az olsa da, yaşlılar da yeni neyronlar yetişdirməyə qabildirlər.

Buna baxmayaraq ahıl yaşlarda beynin tənəzzül etməsi fakt olaraq qalır. Boldrini deyib ki, ahıl yaşlılarda yaranan yeni neyronlar hələlik funksional baxımdan öyrənilməyib.

BIR CAVAB BURAXIN