Məlumdur ki, Rusiya Azərbaycanın ciddi hərbi strateji əməkdaşıdır. Lakin Belarus mətbuatı bunun əksini iddia edir. Belə ki, bu ölkənin mətbuatında dərc olunan məqaləyə əsasən, Azərbaycan tərəfi Rusiya silahlarından narazıdır. Problem isə silahların keyfiyyətidir. Hərbi ekspert Yuri Baranoviç UDF.by saytındakı məqaləsində qeyd edib ki, ötən ilin sonlarında hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-Azərbaycan komissiyasının qapalı iclasında Bakı bu məsələni qaldırıb.
Qeyd olunub ki, Rusiyanın Azərbaycana mövcud və artıq yerinə yetirilmiş müqavilələr üzrə hərbi texnika təchizatına dair üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə xüsusi diqqət yönəldib.
Bildirilib ki, T-90S tanklarının, BMP-3, BTR-82A, “Msta-S” özüyeriyən qaubitsaları, “Smerç” reaktiv yaylım atəşi sistemləri, “Tor-M2” zenit-raket kompleksi və digər Rusiya silahlarının təchizatına dair müqavilələrin şərtlərinin yerinə yetirilməsinin vəziyyətindən ciddi narazılıq ifadə olunub.
Məlumata əsasən, Bakı bu problemlərin 2018-ci il ərzində aradan qaldırılmasında israr etsə də, Rusiya tərəfi bunun mümkün olmadığını bildirir və 2021-ci ilə qədər işi təxirə salmaq lazım olduğunu deyir. Çünki Rusiyanın hərbi-sənaye kompleksində yetərli maliyyələşmə olmadığı üçün bu işləri görmək mümkün deyil.
Hərbi ekspert Azad İsazadə Modern.az saytına açıqlamasında bildirib ki, qeyd edilənlər çox inandırıcı məlumatdır:
“Bunu təsdiq edən bir neçə amil var. Doğrudan da Rusiya silahı yaxşı və keyfiyyətli silah sayılır. Amma burada söhbət onun hazırlanmasından gedir. Rusiya silahları texnologiyaya görə keyfiyyətli, müasir silahlardır, lakin zavodda istehsal edilən malla sərgidə göstərilən mal arasında sözsüz ki, keyfiyyət fərqi var. Məsələn, silahların yığılmasında hansısa nöqsanlar ola bilər. Ümumi olaraq demək mümkündür ki, Rusiyanın istehsal etdiyi silahlar, yalnız hərbi silahlardan söhbət getmir – keyfiyyət baxımdan aşağıdır. Həmçinin burada hansısa siyasi amil də mövcuddur. Rusiya öz ordusuna daha keyfiyyətli silah verir, amma satışa xarab, natamam silahlar çıxarır”.
Ekspert qeyd edib ki, Rusiya silah satmaqla həmin ölkəni özünə bağlamağa çalışır:
“Bu baxımdan Azərbaycan yalnız Rusiya silahından uzun müddətdir ki, asılı deyil. Bilirsiniz, biz alternativ olaraq digər ölkələrlə də hərbi əməkdaşlıq edirik və silahlar alırıq. Məsələn, Belarusun istehsal etdiyi silahlar Rusiya silahlarından çox da fərqlənmir. Döyüş qabiliyyətinə görə geri qalmır. Sadəcə olaraq silah qəbul edən zaman daha ciddi yoxlamaq və keyfiyyətli silahla təmin edən ölkələrlə müqavilə bağlamaq lazımdır.
Biz istər silah-sursatları, istər zirehli texnikaları Belarus və Ukraynadan alsaq, heç bir fərq olmaz. Çünki praktiki olaraq bu silahlar eyni tiplidir. Rusiya Azərbaycana keyfiyyətsiz silah verməyə davam etsə, bazarda öz rəqiblərinə məğlub olacaq və Azərbaycan alternativ mənbə tapacaq”.