Rus xalqının formalaşmasında ən böyük rol oynayan etnos türk-tatar etnosu olub

0
2299

Arazinfo.com Fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynlinin Teleqraf.com-a verdiyi müsahibəni oxucularına təqdim edir :

– Qabil müəllim, Rusiya lideri Vladimir Putin Konstitusiyaya təklif edilən dəyişikliklərdən danışarkən bildirib ki, SSRİ yaradılanda müttəfiq respublikaların onun tərkibindən çıxma proseduru müəyyən edilməyib. Onun sözlərinə görə, bu, nəzəri cəhətdən respublikanın rus torpaqlarını aldıqdan sonra “Rusiya xalqının hədiyyələrini” özü ilə götürərək SSRİ-ni tərk edə bilməsinə gətirib çıxara bilərdi. Prezident qeyd edib ki, belə də olub. Bəzi ölkələr SSRİ dağılandan sonra “Rusiya xalqının hədiyyələrini” özləri ilə götürərək gediblər. Sizin bu fikirlərlə bağlı mövqeyinizi bilmək istərdik.

– Əvvəla, “tarixi rus torpaqları” ifadəsini çox ehtiyatla işlətmək lazımdır. Çünki tarixi rus torpaqları dedikdə, yalnız XI əsrdə qurulan Kiyev Rus dövləti yada düşür. O zaman Kiyev Rus dövlətinin ərazisi cəmi 340 min kvadrat kilometr idi. Nə indiki Moskva vilayətində, nə indiki Sankt-Peterburqda, nə indiki Rostov-Donda, nə də indiki Nijni Novqoroddan tutmuş Ural dağlarınadək olan ərazilərdə – indi “tarixi rus torpaqları” deyilən ərazilərdə ruslar və ya rus dövləti olub. Olanlar da özlərini “rus” deyil, “ros” adlandırıblar. İndiki Rusiya ərazisində ilk mərkəzləşdirilmiş dövləti türk-tatar mənşəli xalqlar yaradıblar. İndi tarixdə monqol-tatar sözü işlənir. Amma monqol sözü uydurulmuş bir sözdür. Söhbət böyük tatar tayfaları başda olmaqla onların simasında türk xalqlarının – qıpçaqların və peçeneqlərin indiki Rusiya ərazisinə hücumu və orada Qızıl Orda deyilən nəhəng dövlətin qurulmasından gedir. Qızıl Ordanın sayəsində indiki Moskva, Nijni Novqorod şəhərləri fəth edildi. İndiki Sankt-Peterburq vilayətindən başqa Rusiyanın Avropa hissəsinin mərkəz rayonları – Smolensk, Bryansk kimi şəhərlər Qızıl Orda dövlətinin zamanında yaranıb formalaşıb.

– Bəs SSRİ-nin yaranması dövründə hansısa müttəfiq respublika RSFSR-dən torpaq alıbmı?

– 1922-ci ilə SSRİ yaradılarkən hər bir müttəfiq respublika ittifaq dövlətinin tərkibinə öz tarixi əraziləri ilə daxil olub. Bu tarixi ərazilər hər bir dövlətin sərhəd torpaqları idi. Amma SSRİ-nin dövründə həmin sərhəd torpaqları inzibati ərazi bölgü sahələri adlandırıldı. Yəni sərhədlər formal xarakter daşımağa başladı və bu sərhədlərdə kartoqrafik, geodeziya işləri aparılaraq hamısı dəqiqləşdirildi. Mən SSRİ-nin yaradıldığı dövrdə Rusiyanın torpaqlarından hər hansı ərazinin digər müttəfiq respublikalara pay kimi verilməsi faktını eşitməmişəm, oxumamışam və bunun mümkün olduğunu da təxmin etmirəm. Sadəcə, indi məsələn, Ukraynanın şərqinə – Donetskə, Luqanska ərazi iddiaları irəli sürülməsinin bir səbəbi var ki, orada ruslar yaşamağa başlayıblar. Bunlar hamısı mühacir ruslar olub. Ukrayna, Azərbaycan ərazisinə gəliblər. Onlar imperiya dövlətinin ideyalarını yaymaq və burada ruslaşdırmaq siyasətini həyata keçirmək üçün göndərilən emissarlar olublar. Aralarında sürgünə göndərilənlər də olub. Malakanlar, duxaborlar kimi dini icmalar isə pravoslav kilsəsinin əleyhinə çıxdıqları üçün imperiyanın ucqarlarına sürgün edilirdilər. Amma gələnlər daha çox rus imperiyasının maraqlarına köklənmiş adamlar idilər və burada rus milli təsirini yaymaqla məşğul idilər. Hazırda ərazi iddialarından söz düşəndə daha çox Ukraynanı qıcıqlandırırlar. Ukraynalılar isə iddia edir ki, indiki Rostov-Don vaxtilə Ukraynanın tərkibinə daxil olub və ruslar Rostova qədər olan bütün torpaqları – Krasnodar vilayətini, Soçi və sair əraziləri, ümumilikdə indiki Ukrayna ərazisindən ən azı iki dəfə böyük ərazini həm çar Rusiyası, həm də Sovet İttifaqı dövründə bizim əlimizdən alıblar. Qarşılıqlı iddialar həddən artıq çoxdur. Məsələn, ruslar Qazaxıstana qarşı da ərazi iddiaları irəli sürürlər. Siyasi səviyyədə olmasa da müəyyən yazarlar, qəzetlər səviyyəsində iddia edirlər ki, guya Orenburq ərazisinin bir hissəsi Qazaxıstana keçib. Halbuki, Oreburqdan ta şimala, düz Ural dağları boyunca olan bütün torpaqlar qazaxların, uyğurların tarixən yaşadıqları torpaqlar olub və bu torpaqları onların əlindən ruslar qoparıb alıblar. Tatarıstan indi kiçik bir əraziyə sıxışdırılıb salınıb. Halbuki, tatarlar başqırdlar və çuvaşlarla birlikdə Moskva da daxil olmaqla böyük ərazilərə nəzarət edirdilər. Onların ərazilərində demək olar ki, rus yaşamırdı. Sonrakı dövrlərdə – çar Rusiyasının ruslaşdırma siyasəti və rus imperiyasının dayaqlarını möhkəmlətmək məqsədilə bu ərazilərin hər birinə rus mühacirlər, rus missionerlər göndərildi. Onlar həmin ərazilərdə çar Rusiyasının, eləcə də Sovet İttifaqının məqsədlərinə xidmət etməkdə idilər.

– Elə indi də Rusiya Federasiyası subyektlərinin əksəriyyəti türk və müsəlman xalqlarından ibarətdir…

– Ruslar yalnız XVI əsrdən sonra Ural dağlarından o tərəfə keçiblər. XVI əsrdə və XVII əsrin əvvəllərinədək ruslar yalnız Avropaya “pəncərə açmaqla” məşğul idilər. Xüsusilə, I Pyotrun dövründə indiki Sankt-Peterburqun inşasına başları qarışmışdı. Bu, 1721-ci ilədək olub. Yalnız 1730-40-cı illərdə ruslar Ural dağlarından o tərəfdə olan torpaqlar haqqında fikirləşməyə başladılar. Bu torpaqlardakı aborigen əhalinin demək olar ki, 80-90 faizi türk mənşəli tayfalar idilər. Bu gün Rusiya ərazisində yaşayan başqa xalqların ən azı 50 milyon nəfəri türk mənşəli xalqdır. Onlar 10 federasiya subyektində birləşsələr də elə bir ciddi səlahiyyətləri yoxdur və Kreml tərəfindən çox sıx nəzarətlə idarə olunurlar. Yəni, indiki dövrdə naşı bir formada “rus torpaqları kəlməsi”ni işlətmək özü gülüncdür. Rusiya bütün zamanlarda işğalçı, imperialist bir dövlət olub. Başqa xalqların və millətlərin torpaqlarını bəzən zorakı üsullarla, qanlı müharibələrlə ələ keçirib. Bir çox hallarda isə həmin torpaqları imperiyanın tarixi əraziləri kimi öz ərazilərinə qatıb. Ona görə də bu gün “Rusiyanın tarixi əraziləri” söhbətini qaldırmaq Rusiyanın özü üçün xoşagəlməyən ciddi tarixi faktlar ortaya çıxara bilər. Belə fakt ortaya çıxa bilər ki, Rusiya XI əsrdən bu günədək, yəni Kiyev Rus dövlətinin mövcud olduğu sərhədlərdən 365 dəfə böyük əraziləri ilhaq edib öz ərazilərinə qatıb. Bu proses indi də davam edir.

– Rus xalqının bir etnos kimi formalaşması ilə bağlı da fikirlərinizi bilmək istərdik…

– Ruslar cəmi 200-300 min sayı olan xalq olub. İndi xalis rus var? Ruslar özləri kitablarında yazırlar ki, bizim damarlarımızda axan qanın 60 faizi türk-tatar qanıdır. Üz quruluşlarına, antropologiyalarına baxın. Rus xalqının tarixən formalaşması, onun mənşəyi haqqında müxtəlif alimlərin müxtəlif fikirləri var. Rus xalqının formalaşmasında bir etnos kimi türk-tatar etnosunun fəal rolu haqqında xeyli kitablar çap olunub. Həmin kitablardan birinin müəllifi vaxtilə Leninqrad Dövlət Universitetinin prorektoru olmuş Tatyana Yuliyevna Burmistrovadır. O, “Rus xalqının formalaşması haqqında” kitabında iddia edir ki, rus xalqının formalaşmasında ən böyük rol oynayan etnos türk-tatar etnosu olub.

Arazinfo.com