Rus kəşfiyyatı ABŞ-ın məxfi danışıqlarını ƏLƏ KEÇİRDİ: ABŞ-a od qoyan GİZLİ ƏMƏLİYYAT –

0
869

Rus kəşfiyyatı ABŞ-ın məxfi danışıqlarını ƏLƏ KEÇİRDİ: ABŞ-a od qoyan GİZLİ ƏMƏLİYYAT

Əzəli düşmənçiliyin əbədiyyətə qədər gedib-getməyəcəyi bəlli olmasa da, ən azından uzun illər tərəflər arasında soyuqluq, vasvasılıq, daim səksəkədə olmaq təhlükəsi qaçılmaz olur. SSRİ və ABŞ arasında soyuq müharibənin tarixi az qala bir əsrə çatır. Yeni və güclü dövlətin qurulmasına göz yuma bilməyən Amerika özünə həmfikirlər toplayaraq daim İttifaqın “büdrəməsini” gözləyib. Əslində sonda hədəfinə çatıb, amma buna qədər SSRİ-dən çəkdiyini çəkib. Xüsusən də SSRİ-nin gizli kəşfiyyatından.

:

1933-cü ilin 16 noyabrında SSRİ və ABŞ arasında diplomatik əlaqələr qurulur. Elə həmin ildən də əks-kəşfiyyatçılar Amerika səfirliyinə sızmağın yollarını axtarıblar. 1943-cü il dekabrın 1-də İranda baş tutmuş tarixi “Böyük üçlük” konfransından (İosif Stalin, Uinston Çörçil, Franklin Ruzvelt görüşü) qayıdan Stalin Lavrenti Beriyanın qarşısında çətin tapşırıq qoyur: qısa müddət ərzində ABŞ səfirliyi gizlincə dinlənilməlidir!

17 dekabr 1943-cü ildə Beriya Stalin qarşısında “raport” verir: “Tapşırıq uğurla yerinə yetirilmiş, ABŞ səfirliyinin dinlənilməsi üçün hazırlanan “böcək” sınaqdan keçirilmişdir!”

Bircə qalırdı bu “böcəy”i uğurla yerləşdirmək. İşin çətinliyi burada özünü göstərirdi, çünki səksəkəli ABŞ səfirliyi özünü elə qoruyurdu ki, hətta xadimələrini belə Amerikadan gətirmişdi. NKVD əməliyyatçıları səfirlikdə çıxmış yanğında yanğısöndürən qiyafəsində içəri girməyə çalışsalar da bacarmamışdılar. Bəs bu gizli mikrafon necə yerləşdirilməli? Stalinin iti fəhmi, kəşfiyyatın dəqiqliyi nəticəsində bu məsələ də tezliklə öz həllini tapır. 1945-ci ilin fevralında beynəlmiləl pioner düşərgəsi olan “Artek”in açılışı ən uyğun variant seçilir. Açılış ərəfəsində Çörçil və Ruzveltə pionerlər adından “Müharibə illərində köməyə görə dərin minnətdarlıq” məzmunlu dəvətnamə göndərilir. Təbii ki, işi başından aşan Çörçil və Ruzvelt açılışa gələ bilməyəcəkdilər. Uşaqların görüşünə yalnız səfirlər gələ bilərdilər ki, belə də olur. ABŞ-ın SSRİ-dəki səfiri Avarel Harriman və onun britaniyalı həmkarı ser Arçibald Con Klark Kerr açılış mərasiminə qatılırlar. Budur! Mərasimin kulminasıya nöqtəsi! ABŞ-ın himni səslənir, pionerlər canlı olaraq himni ingiliscə səsləndirirlər və minnətdarlıq rəmzi olaraq taxtadan oyulmuş ABŞ gerbini səfirə hədiyyə edirlər. Göz yaşlarını tuta bilməyən Harriman bu diqqətin qarşısında mızıltı ilə: “Belə böyük hədiyyəni nə edəcəm, hara qoyacam axı?”, – deyir. Elə bunu gözləyən SSRİ nümayəndəsi dərhal müdaxilə edir: “Cənab səfir, belə gözəl əl işini yalnız göz qabağından asmaq lazımdır. Siz onu kabinetinizin divarından asın. Qoy, ingilislərin paxıllıqdan bağrı çatlasın!”

“Dost-düşmənə görk olsun” prinsipi səfirqarışıq bütün insanların daxili qurdu olduğu üçün Harriman da bu təklifi müsbət qarşılayır. Hədiyyəsiz qalmış ingilis həmkarını yandırıb yaxa-yaxa gerbi kabinetinin divarından asdırır. Ağlına da gəlmir ki, bu taxta gerbin içinə dinləmə cihazı yerləşdirilib. Düz 8 il ABŞ-ın özü yanıb-yaxılır! Otaqda gedən bütün söhbətlərin nöqtə-vergülünə qədər qarşı tərəfin xəbərdar olduğunu tezliklə anlayan ABŞ səfirliyi kabinetdəki bütün əşlyaları dəyişdirir, hətta pərdələri və mürəkkəb qabını belə dəyişirlər. Ancaq “böcək” tapılmır ki, tapılmır. Bircə gerb ağıllarına gəlmir. Beləcə 4 səfir bu “böcəy”in əlində aciz qalır.

Nəhayət “böcəy”i ələ keçirən amerikalılar utandıqlarından 7 il bu rəzilliyi gizlədirlər. Ta ki 1960-cı ildə ABŞ-ın casus təyyarəsi vuruluna qədər. Hələ tüstüsü təpəsindən çıxan ABŞ SSRİ kəşfiyyatının gücünü etiraf etməli olur.

SSRİ tərəfinin “bəlağətli natiq” adlandırdığı həmin dinləmə cihazının eynisini ABŞ və Britaniya mühəndisləri dəfələrlə yaratmaq istəyiblər. Lakin bacara bilməyiblər. Çünki “böcəy”in unikal mexanizmini tapa bilməyiblər. Sovet konstruktorları həqiqətən də şedevr yaratmışdılar. Bu dinləmə cihazının başqalarından fərqli olaraq nə elektrik enerjisinə, nə də naqilinə ehtiyacı yox idi. Çömçəquyruğa oxşayan bu balaca cihaz amerikanlar tərəfindən üzə çıxmasaydı, hələ neçə illər işləyə biləcəkdi. Əsrin ortasında – sensor sistemin, məsafədən idarəetmənin ağla gəlmədiyi bir vaxtda sovet mühəndisləri bunu həyata keçirə bilmişdilər. Mikrodalğalı impulslar “böcəy”ə 300 metr məsafədən idarə olunmaqla ötürülə bilirdi. Mikrodalğaları ötürən generator və mühərrik isə səfirliklə üzbəüz yaşayış binasının çardağında yerləşdirilmişdi. Hazırda həmin “çömçəquyruq” Mərkəzi Kəşfiyyat İdarəsinin muzeyində saxlanılır.Publika.az

Şəfiqə ŞƏFA

BIR CAVAB BURAXIN