Rüfət Səfərovun kamerasındakı təhlükəli dustaq köçürülüb

0
610

Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, sabiq müstəntiq Rüfət Səfərovla 1 saylı Bakı İstintaq Təcridxanasında bir kamerada saxlanılan qəsdən adam öldürməkdə təqsirləndirilən dustaq başqa kameraya köçürülüb.
Bu barədə Trend-ə açıqlamasında R.Səfərovun vəkili Bəhruz Bayramov deyib.

Vəkil bildirib ki, R.Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi ilə görüşündən sonra onun təhlükəsizliyi tam təmin edilib: “Sentyabrın 26-da Rüfətlə bir kamerada saxlanılan dustaq başqa kameraya köçürülüb. Hazırda Rüfət tək qalır. Yəqin ki, yaxın günlərdə kameraya başqa bir dustaq veriləcək”.
B.Bayramov deyib ki, R.Səfərov bu gün həmçinin valideynləri ilə də telefon əlaqəsi saxlayıb: “Telefon söhbətində Rüfət bildirib ki, saxlandığı kameranın pəncərəsinin şüşələri yoxdur və buna görə də kamera soyuqdur. Rüfət bu barədə təcridxana rəhbərliyinə məlumat verib”.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov bildirib ki, R.Səfərovun müraciətindən sonra onun saxlanıldığı kameraya baxış keçirilib: “Lakin həmin kamerada hər hansı çatışmazlıq aşkar edilməyib”.
Qeyd edək ki, bir müddət əvvəl R.Səfərovun saxlanıldığı kameraya 18 il həbs cəzası almış Samir adli bir residivistin salınması barədə məlumat yayılmışdı.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanmıışdı.
Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o azadlığa buraxılmışdı.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

BIR CAVAB BURAXIN