“Rövşən Lənkəranski” 500 min dollara killer tutub “Lotu Quli”ni öldürmək istəyirdi…

0
832

Bu ilin avqustunda İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet, “Rövşən Lənkəranski” ləqəbli Rövşən Canıyevin barışmaz düşməni olan “Lotu Quli”ni (Nadir Səlifov) həbsxanada öldürmək üçün killer tutduğu üzə çıxıb.

Virtualaz.org xəbər verir ki, bu plan barədə təkzibolunmaz dəlillər YouTube şəbəkəsində yerləşdirilib. “Rövşən Lənkəranski”nin İlqar adlı killeri ilə bir vaxtlar “Lotu Quli”nin yaxın ətrafına daxil olan nüfuzlu kriminal element Hikmət Muxtarov (“Sabirabadlı Hikmət” kimi tanınan mərhum Hikmət Muxtarovla eyni ad-soyadı daşıyır-red) arasında telefon danışıqlarının internetdə yerləşdirilmiş audioyazısından məlum olur ki, bu iş üçün tərəflər 500 min dollara anlaşıblar. Hadisələr 2009-cu ildə cərəyan edib. Həmin ərəfədə “Rövşən Lənkəranski” özü Kiyevdə saxlanılmışdı və onun Azərbaycana deportasiyası gözlənilirdi.

Telefon danışıqlarından məlum olur ki, “Lotu Quli”nin o vaxt cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi planını “Rövşən Lənkəranski”nin klanına daxil olan İlqar adlı şəxs hazırlayıb. O, “Lotu Quli” ilə eyni həbsxanada cəza çəkən Hikmət Muxtarovla hansısa yolla yaxın münasibət qurub. Daha sonra “Lotu Quli”ni həbsxanada öldürmək üçün inanılmış adam tapdığını “Rövşən Lənkəranski”yə çatdırıb. Sonuncu bu təkliflə razılaşıb və məsələnin həllini İlqara həvalə edib.

Telefon danışıqlarından belə məlum olur ki, Hikmət “Lotu Quli”nin klanına mənsub olsa da ondan narazıdır və avtoritetin aradan götürülməsi üçün ona verilmiş sifarişi yerinə yetirməyə hazırdır. Lakin bu işi yerinə yetirmək üçün 500 min dollar haqq istəyib. Anlaşmaya əsasən əvvəlcə pulun 100 min dolları Hikmətə ( o, həbsxanada olduğu üçün ailəsinə) çatdırılmalıydı, qalanını isə sifariş yerinə yetiriləndən sonra almalıydı. Daha sonra şərtlər dəyişib və pulun 300 min dollarını əvvəlcədən vermək məsələsi qoyulub.

“Lotu Quli”nin öldürülməsi məsələsini tərəflər 2009-cu ilin dekabrında baş tutmuş bir neçə telefon danışığında müzakirə ediblər. Həmin vaxt “Rövşən Lənkəranski”nin adamı Rusiyadan Azərbaycana gəlmişdi və həbsxana ilə müntəzəm əlaqə saxlayıb “Lotu Quli”nin aradan götürülməsi ətrafında müzakirələr aparırdı.

Telefon danışıqlarına əsasən Hikmət Muxtarov 13 saylı cəzaçəkmə müəssisəsində “avroremont” kamerada tək qalan “Lotu Quli”ni zəhərləyərək öldürməli idi. Bu məqsədlə o, avtoritetlə yaxınlığından istifadə edib onun kamerasına girməliydi. Belə məlum olur ki, sifarişin şərtlərinə əsasən “Rövşən Lənkəranski” Hikməti öz himayəsinə götürəcəkdi və onun həbsxanadan buraxılması üçün çalışacaqdı.

Telefon danışıqlarında İlqarla Hikmət “Rövşən Lənkəranski”nin Azərbaycana ekstradisiyası və onun “oğru” adından məhrum edildiyi barədə “Ded Xasan”ın çıxardığı hökmdən də danışırlar. Habelə telefon söhbətlərindən birində İlqar “Lotu Quli”nin yaxın adamı, “Oleq Bakinski” kimi tanınan Oleq Krapivini Kiyevdə öldürəcəyi barədə danışır. “Sən bu işi burada həll edlə, mən də onu Kiyevdə o tərəfə yola salım” deyir.

Belə məlum olur ki, İlqar “Lotu Quli”nin öldürülməsi üçün lazım olan məbləğin 300 min dollarını Hikmətin ailəsinə çatdırıb. Lakin hüquq-mühafizə orqanları bu şübhəli pul transferindən xəbər tutub, evdə axtarış aparılıb. Habelə Hikmətin qaldığı “zon”da “şmon” olub. Bu uğursuzluğa baxmayaraq tərəflər yenə də planı müzakirə ediblər və Hikmət sifarişi yerinə yetirəcəyinə tam arxayın edib. Ancaq ona çatacaq məbləğin 100, yaxud 200 min dollarının “Rövşən Lənkəranski” tərəfindən veriləcəyinə tam əmin olmaq istəyib.  Ancaq plan baş tutmayıb, çox güman ki, “Lotu Quli”nin həbsxanada ona sui-qəsd hazırlanmasından xəbəri olub və zəhərləmə əməlyyatı alınmayıb.

Telefon söhbətlərindən məlum olur ki, həmin vaxtlar “Lotu Quli” özü də “gec-tez Rövşənin başını yeyəcəyi” haqda danışırmış…

Virtualaz.org həmin telefon danışıqlarını təqdim edir.

P.S. Oxucuların nəzərinə çatdırırıq ki, telefon danışıqlarında tərəflər kriminal jarqonlardan və senzuradan kənar ifadələrdən istifadə edirlər.

Virtualaz.org

BIR CAVAB BURAXIN