Rövnəq Abdullayevin qaz açıqlaması dillər əzbəri olur

0
643

Kənd yeri kimi, evdə hamımız – uşaqlar da, özüm də, yoldaşım da paltarları üst-üstə, 3-4 qat geyinmişik. Səhər baxıram ki, əlləri-ayaqları yenə buz kimidir. Nə qədər elektriklə qızdırasan evi? Çatdırmaq da olmur…”

Buzovnada yaşayan jurnalist Dünya Sakit qazın təzyiqi düşdüyündən son günlərdə çətinliklı qızdırdığı evindəki durumu belə təsvir edir.

Qaz plitəsinin şəklini çəkib sosial şəbəkədə yerləşdirən jurnalist sual edir: “İndi mən bu qazla necə yemək bişirim, uşaq yuyundurum, çay qaynadım, Rövnəq müəllim?!”

AzadlıqRadiosu-na danışan Dünya Sakit oktyabrın 14-dən yaşadığı ünvana gələn qazın öləzidiyini deyir: “5-6 gündür yeməyi elektrik peçində bişirirəm. Bir aydan çoxdur ki, qazın normal təzyiqi yoxdur. Hava soyuyandan sonra da lap düşüb, vəziyyət dəhşətlidir. Yemək bişirmək, çay qaynatmaq olmur”.

İqtisadi mövzularda araşdırma müəllifi Dünya Sakit yaranmış durumun səbəbini belə izah edir:

“Hakimiyyət xarici öhdəliklərin qarşısında acız qalıb. Azərbaycan qaz satışı ilə bağlı müqavilələr imzalayıb. Türkiyəyə, Gürcüstana qaz satır. Həmin ölkələrə borc yığılmasın deyə əhaliyə qaz vermirlər”.

Qazın olmamasının iki səbəbi

Son illər paytaxt Bakıda qazın təzyiqinin düşməsi haqda şikayətlər, demək olar, eşidilməz idi. Amma bu payız soyuqlar düşər-düşməz, qazsızlıqla bağlı giley-güzar da artdı. Məsələ sosial şəbəkələrdə müzakirə edilməyə başladı. Bəs səbəb nədir?

İqtisadçı Natiq Cəfərli əhaliyə verilən qazın azalmasını iki səbəblə izah edir. Əvvəla, qazın hasilatı azalıb, ikincisi də beynəlxalq öhdəliklər artıb:

“Rəsmi rəqəmlər də göstərir ki, qazın hasilatında azalma var. Tək elə SOCAR-ın payında ilin əvvəlinə nisbətən 9-10 faiz azalma müşahidə edilir. Bundan əlavə, Azərbaycanın öhdəlikləri də var. İlin əvvəlində Gürcüstanla danışıqları xatırlayırsınız. Qonşu ölkə başqa mənbələrdən qaz almağı düşünürdü. Ancaq Azərbaycan Gürcüstana əlavə 500 milyon kubmetr qaz verəcəyi ilə bağlı razılığa gəldi”.

Natiq Cəfərlinin sözlərinə görə, qaz hasilatının azalması və beynəlxalq öhdəliklərin artması, üstəlik də işin düzgün qurulmaması belə problemlərə yol açıb: “Nəyə görə bunu deyirəm. Bu günlərdə SOCAR prezidenti Rövnəq Abdullayev qəribə vəziyyəti üzə çıxardı. O, qış rejiminə hazır olmadıqlarını, havaların qəfildən soyuduğunu söylədi. Halbuki havanın soyuyacağı haqda öncədən məlumat vardı”.

 

SOCAR prezidentinin gülüş doğuran açıqlaması

SOCAR prezidenti Rövnəq Abdullayevsə “Qafqazinfo” portalına qazla təminatda hər hansı bir problemin olmadığını deyib: “İndi bir neçə gündən sonra hava istiləşəcək, temperatur qalxsa da, insanların qaza tələbatı qış rejimindəki kimi qalır. İnsanlar qazın xodunu almır, əvəzində pəncərəni açıq saxlayır. Keçən ildən anbarlarda qaz ehtiyatlarımız var. Qaz təminatında elə bir problemimiz yoxdur”.

SOCAR prezidentinin bu açıqlaması sosial şəbəkələrdə ironiya ilə qarşılanıb.

“Rövnəq müəllimin tövsiyəsindən sonra pəncərələrə klyonka çəkdim. Mətbəxdə yemək artıq öz-özünə bişir”, Mirmehdi Ağaoğlu facebookda yazır.

Samir Əliyev də Rövnəq Abdullayevə atmaca atır: “Gecə yatanda pəncərələri bağlamağı unutmayın”.

“Bizim yol”un redaktoru Bahəddin Həziyev yaşadığı “Milyoner” məhəlləsinin qazsız qalmasından şikayətlənir: “Orda yaşayan icra başçılarının, deputatların, monopolist biznesmenlərin, polis rəislərinin-filanın hesabına bizim binamızda yaşayan kasıb-kusub da “milyoner” olub. Qısası, bu “Milyonerlər məhəlləsi”ndə… qaz yoxdur. 75 yaşlı xəstə anam, ailəm soyuqda qalıb. Nə deyəsən?! Gürcüstanda erməni kilsəsinə qaz verib bunu da fərəhlə televiziya efirindən utanmaz-utanmaz deyən və əvəzində burda evimin qazını kəsib yaşlı xəstə anamı soyuqda qoyan şarlatana nə deyəsən?!”

Lalə Mehalı yazır: “Əvvəl yemək saatlarını özümüz təyin edirdik, indi sağ olsun, “Azəriqaz” müəyyənləşdirir. Məsələn, bu səhər qəlyanaltı üçün çayı 11-də qaynatdı, günorta yeməyini də yenicə yedik. Axşamı da verdik insaflarına, neçədə məsləhət bilsələr, onda yeyəcəyik”.

“Məntiqsiz açıqlama idi”

Natiq Cəfərli isə Rövnəq Abdullayevin açıqlamasının yerinə düşmədiyini düşünür. Ekspert deyir ki, SOCAR qazı əhaliyə pulsuz vermir, gəlirləri, alıcılıq qabiliyyəti azalan əhali onsuz da qaza qənaət etməyə çalışır. İkincisi də, iqtisadçıya görə, SOCAR daha çox qaz satmaqda maraqlı olmalıdır. “Əhali aldığı qazı necə istifadə edəcəyini özü bilər. Bu, ən azı ona bənzəyir ki, yumurta satan alıcının daha çox yumurta yeməsindən, onun da daha çox yumurta satmalı olduğundan gileylənir. Əslində, məntiqlə satıcı daha çox yumurta satmaqda maraqlı olmalıdır. Yəni hər iki baxımdan, Rövnəq Abdullayevin açıqlaması məntiqsiz idi”, – deməklə iqtisadçı fikrini yekunlaşdırır.

“Azəriqaz” xahiş etdi

“Azəriqaz” İB-in sözçüsü İbrahim Kərbəlayev isə günün sonunda AzadlıqRadiosu-na vəziyyətlə bağlı bütün ərazilərdə tənzimləmə işləri aparıldığını deyib. “Tək-tük yerlər qalıb ki, orda da işlər davam etdirilir. Hazırda qaynar xəttimizə elə ciddi məlumat daxil olmayıb” söyləyən Kərbəlayev əhalidən problem olarsa, onlara müraciət etmələrini xahiş etdi.

BIR CAVAB BURAXIN