Polkovnik qeyd edib ki, Azərbaycanla bağlı məlumatları Ermənistan cəmiyyəti izləyir və bu məlumatlar onları qorxu içərisində saxlayır: “Beynəlxalq analitiklər üstünlüyün Azərbaycan tərəfində olduğunu deyirlər. Əsaslandırırlar ki, Azərbaycan silah gücü ilə Qarabağ məsələsini həll etmək istəsə, buna nail olacaq. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin inkişafı Ermənistanla müqayisədə bunu deməyə əsas verir. Siyasi qurumlar Qarabağla bağlı məsələdə ehtiyat edirlər ki, əgər Azərbaycan güc yolu ilə torpaqlarını azad etmək istəsə, buna imkanları daha çoxdur. Azərbaycan son zamanlar ən müasir silahları alır. Həmçinin Azərbaycanın hərbi sənayesi haqqında geniş məlumatlar var. Bu yaxınlarda Azərbaycan ordusu irimiqyaslı təlimlər keçirdi. Bu təlimlərlə bağlı Ermənistanın birinci şəxsindən tutmuş digər qurumların nümayəndələrinə kimi hamısı narahatlığını bildirdi. Bununla bağlı beynəlxalq qurumlara müraciət etdilər. Təlimləri danışıqlara təzyiq kimi qiymətləndirdilər. Bütün bunlar Ermənistan rəhbərliyinin ciddi təşviş içində olduğundan xəbər verir. Gözəl bilirlər ki, bu gün Azərbaycanın beynəlxalq aləmdə öz yeri var. Həmçinin Rusiya bizim strateji tərəfdaşımızdır. Ermənilər bu cür çıxışları öz gücünə yox, üçüncü gücə arxalanaraq dilə gətirirlər”.
Ramaldanov vurğulayıb ki, ümumilikdə erməni generalın dediyinin heç bir əsası yoxdur: “Hər bir dövlətin müharibə aparmaq üçün iqtisadi potensialı olmalıdır. Bugünkü iqtisadi vəziyyətin müqayisəsi göz qabağındadır. Əhalimiz onların əhalisindən bir neçə dəfə çoxdur. Ermənistanda 1,5 milyon əhalinin qaldığı deyilir. Əhalinin sayı gələcək müharibədə vacib faktordur. Digər tərəfdən Qarabağ məsələsi Ermənistan cəmiyyətini parçalayıb. Orada keçirilən bütün mitinqlərdə bildirilir ki, Qarabağ məsələsini həll etmək lazımdır. Azərbaycan cəmiyyətində isə Qarabağ məsələsi birləşdirici rol oynayır. Hamı bir nəfər kimi Qarabağın azadlığı üçün hazırdır. Bunu bizim cəmiyyət daim göstərir. Aprel döyüşlərində bir daha sübut olundu. Bu gün Azərbaycan müxtəlif ölkələrdən ən müasir silahlar alır. Aprel döyüşlərindən sonra Sarkisyan özü də etiraf etdi ki, Ermənistan ordusu 1970-80-cı illərdə buraxılan silahlarla təmin olunub. Aprel döyüşlərindən sonra olan müddətdə onlar silah parkını müasirləşdirə bilməz. Onların bunun üçün maddi imkanları yoxdur. Rusiya hərbi parkını təzələmək məqsədilə anbarlardan çıxarılan silah və texnikanı güzəştli kreditlə Ermənistana verir. Krediti vermək imkanları olmadığı üçün mütəmadi olaraq diaspor təşkilatlarına müraciət edirlər. Heç kimə sirr deyil ki, ermənilər Qarabağda xidmət etmək istəmirlər. Erməni əsgərlərin valideynləri bununla bağlı şikayət edirlər. Bizim gənclər isə torpaqların işğaldan azad edilməsi üçün hər an döyüşə hazırdırlar”.
Ehtiyatda olan polkovnik Azərbaycanda hərbi mütəxəssislərin sayının kifayət qədər çox olduğunu diqqətə çatdırıb:
“Məsələn, tankçılar 10-15 ilin mütəxəssisləridir. Bunlarla müddətli erməni əsgərini müqayisə etmək olarmı? Həmçinin ölkəmizdə müddətdən artıq xidmət etmək üçün mürcaiət edənlərin sayı çoxdur. Bütün bunlarla yanaşı təlimlər də əsasdır. Bu il genişmiqyaslı təlimlə başlamışıq. Amma bu təlimlər Ermənistanda yoxdur. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazırdır. Ermənistanda isə belə deyil. Onların səsləndirdiyi fikirlər hər zaman olduğu kimi narahatçılıqdan irəli gəlir və daxili auditoriyanı aldatmağa hesablanıb. Azərbaycan öz torpaqlarını azad etməyə hər zaman hazırdır. Ordumuzun gücü imkan verir ki, düşməni qısa zamanda darmadağın edib, öz ərazi bütövlüyünü təmin etsin”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Movses Akopyan müsahibəsində Qarabağda yeni müharibənin başlanacağını istisna etməyib. O, erməniləri arxayın etməyə çalışıb ki, Ermənistan ordusu müharibəyə hazırdır.