Rəsulzadənin “ustad” dediyi şəxs… – Nadir məqalə/Foto

0
1249

Mühacir Eldəniz Qurtulan “Amcam Hamlet” adlı kitabında Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə ilə bağlı maraqlı bir qeyd verib:

“Axşam Haydarpaşadan Ankaraya getmək üçün qatara minəcəkdi. Yola salmağa təkcə mən gəlmişdim. Vağzalda xüsusi bir təlaş vardı. Çünki Səməd Ağaoğlu da eyni qatarla gedəcəkdi. Onun qələbəlik çevrəsi vardı.

“Bilirsən, iqtidar partiyasının idarə heyətinin üzvüdür. Atası Əhməd Ağaoğlu vaxtilə buraya gəlib yerləşib. 1918-ci ilin sentyabrında Azərbaycan və Osmanlı orduları Bakını xilas edərkən Osmanlı ordusunun siyasi müşaviri idi. Mövcud hökumətimizi devirməyə çalışdı, bizimlə haqsız yerə dalaşdı…”

Səməd Ağaoğlu pəncərədən onu görüncə əl elədi, Əmin bəy də salamını aldı, nəzakət əlaməti olaraq yaxınlaşıb bir neçə kəlmə danışdı”.
E.Qurtulanın yazdıqlarında bir yanlışlıq yoxdur. 1918-ci ildə, həqiqətən, Ağaoğlu ilə Cümhuriyyət liderləri arasında qarşıdurma yaranmışdı.

Vilayət Quliyev “Əhməd Ağaoğlu-Əlimərdan bəy Topçubaşov: problemli dostluq” adlı yazısında bu məsələyə belə aydınlıq gətirir: “İyunun 4-də Osmanlı hökuməti ilə imzalanmış dostluq anlaşmasına görə, Nuru Paşa torpaq bütünlüyünü təmin etməyə və Bakını işğaldan qurtarmağa can atan Azərbaycana yardım göstərməli idi. Lakin Fətəli xan Xoyskinin rəhbərlik etdiyi ilk hökumət kabinəsinin tərkibi Nuru Paşanın xoşuna gəlməmişdi.

Türk alimi, “Ağaoğlu Əhməd bəy” kitabının müəllifi Fəxri Sakal yazır:

“Paşa solçu, müsavatçı və rus tərəfdarı olaraq gördüyü şəxsləri idarəçiliyə gətirmək istəmir, panislamist və pantürkist kişilərlə bir Azərbaycan Cümhuriyyəti qurmağı düşünürdü. 1918-ci il iyunun ortalarında Nuru Paşa aralarında xoşlanmadığı nazirlər olan Xoyski kabinetini təsdiq etməyincə ciddi bir böhran yaşandı. Böhranı həll etmək üçün gələn Azəri liderlərini dinləyən Paşa özünün əsgər olduğunu və siyasətdən çox da baş çıxarmadığını bildirərək onları siyasi müşaviri Əhməd Ağaoğlu ilə görüşməyə göndərmişdi”. Nuru Paşa məramını açıq bildirməsə də, Azərbaycanı gələcəkdə çağdaş və demokratik dəyərlərə söykənən müstəqil türk dövləti kimi yox, Osmanlı imperiyasının bir vilayəti kimi görmək istəyirdi. Hadisələrin canlı şahidlərinə əsaslanan “Azərbaycan istiqlal mücadiləsinin tarixi” kitabının müəllifi, mühacir-tarixçi Hüseyn Baykaranın yazdığına görə, həmvətənləri Ağaoğlundan yardım görəcəklərini düşündükləri halda tamamilə əks mənzərə ilə üzləşmişdilər – Əhməd bəy onlara istefaya getməyi və Nuru Paşaya hökuməti istədiyi şəkildə formalaşdırmağa imkan yaratmağı məsləhət görmüşdü. Nəhayət, kompromis variant kimi Milli Şura buraxılmış və Fətəli xan Xoyskinin rəhbərliyi ilə yeni kabinə qurulmuşdu”.

Əlbəttə, daha sonra münasibətlər bir qədər yumşaldı, Ə.Ağaoğlu Parisə gedən nümayəndə heyətinin tərkibinə qatıldı, amma ünvana çatmadan İstanbulda ingilislər tərəfindən həbs edilərək Malta adasına sürgün edildi.
Bu dövrdən etibarən isə Əhməd Ağaoğlu Azərbaycanla Nəriman Nərimanova yazdığı iki məktubu çıxmaqla birdəfəlik əlaqəsini kəsdi, ömrünü Türkiyə Cümhuriyyətinə həsr elədi.

Türkiyədə qazandığı yüksək mövqelərdə olduğu zaman da Azərbaycan siyasi mühacirəti ilə münasibət qurmadı, bolşevizmlə mübarizədə onların yanında yer almadı. Biz İstanbulda Ağaoğlunun nəvəsi Təktaş bəylə də görüşərkən o da söylədi ki, babam azərbaycanlı qruplarla görüşmürdü. Amma “Azərbaycan” jurnalının səhifələrindən aydın olur ki, Səməd Ağaoğlu Kültür Dərnəyinin bəzi tədbirlərinə qatılıb.

Mühacirlər isə zamanla Əhməd Ağaoğlu haqqında çap etdikləri jurnallarda məlumat veriblər. Ölümündən sonra isə onun haqqında müxtəlif yazılar yazıblar.

O yazılardan biri də Məhəmmədəmin Rəsulzadəyə aiddir.

Ağaoğlu 1939-cu ilin mayın 19-da vəfat edib. Elə həmin ay Rəsulzadə “Xalq” qəzetində “Ağaoğlu Əhməd” adlı bir yazı yazıb. Bu yazı sonralar qısa şəkildə “Azərbaycan” dərgisində yayımlansa da, geniş şəkildə dilimizə uyğunlaşdıraraq təqdim edirik.

Qeyd edək ki, Rəsulzadə məqaləsində Ağaoğlu ilə bağlı aralarında olan mübahisəli münasibətlərə toxunsa da, onu birmənalı şəkildə “Ustad” adlandırıb.

Teleqraf.com nadir məqaləni təqdim edir:

Ağaoğlu Əhməd bəyin şəxsində türk dünyası məşhur mütəfəkkir və mühərrirlərindən birini itirdi.

Ziya Gökalp, Yusuf Akçura kimi türklük cərəyanının məşhur simaları ilə yanaşı Ağaoğlu Əhməd ismini Türk dünyasında bilməyən bir fikir adamı yoxdur. Türkiyənin “Jöntürk” inqilabından bəri keçirdiyi 30 illik vəlvələli həyatında Ağaoğlunun fikir, mətbuat və siyasət sahəsində oynadığı canlı rol ölümü münasibətilə nəşr olunan mətbuatda qeyd olunub.
Özünəməxsus mücadilə və münaqişə hərarətilə Türkiyəyə idealist Avropa nəşriyyatçılığını gətirdiyi üçün dost və məsləkdaşları arasında “ustad” namını qazanan Əhməd bəyin fikri-həyatdakı şəxsiyyətini təsbit etmək üçün Malta əsarəti əsnasında yazdığı “Üç mədəniyyət” risaləsinə müraciət etmək lazımdır.

Osmanlı imperatorluğunun hərbi-ümumi (I Dünya Müharibəsi – D.Ə) nəticəsindəki müdhiş fəlakəti Əhməd bəyi uzun zamandan bəri daşıdığı düşüncə və tənqidlərini müəyyən bir sistem halında şəkilləndirməyə sövq etmişdir. Uzaq Şərq-Budda mədəniyyəti kimi Yaxın Şərq – İslam mədəniyyətinin də Qərb mədəniyyətinə qəti surətdə məğlub olduqlarını özünəməxsus kəskin bir əda ilə yazan Əhməd bəy bu risaləsində bizə fanatik bir qərbçi kimi təqdim olunmaqdadır.

1894-cü ildə Fransadakı təhsilini bitirdikdən sonra Qafqaza dönən Əhməd bəyə yurddaşları boşuna “Firəng Əhməd” deməmişdilər. Bu ad ona Firəngistanda oxuduğundan daha çox, firəng fikir və ideallarını yaymaq yolunda göstərdiyi səyə görə qoyulmuşdu.

Bu ərəfələrdə, rusca və türkcə yayımlanan yazılarına görə biz Əhməd bəyi bir tərəfdən müsəlman qadınların düşdüyü zəlil mövqeyə, digər tərəfdən də İslam dünyasının mənəvi çöküş və çürüməsinə səbəb olan “axund”lara qarşı savaş açmış görürük.

Əhməd bəyin bu savaşda daşıdığı firəngliyi yuxarıda qeyd etdiyimiz “Üç mədəniyyət” risaləsində daha da inkişaf edib, bütün həyatı boyu daşıdığı ideologiyanın sistemli bir ifadəsini tapıb.

Şüurlu həyatının sonlarında ümumtürkçü və Türkiyəçi olan Ağaoğlu bu həyata öz nəslinin əksər nümayəndələri kimi daha çox islami yönü daşıyan mübhəm bir milliyyətçilik şüuru ilə girmişdi.

Azərbaycanın Qarabağında patriarxal bir ailə mühiti içərisində islami tərbiyə görən Əhməd bəy Parisdə təhsil aldığı Qərb metodu və mənimsədiyi liberal fikirlərlə məmləkətinə döndükdən bir az sonra mühüm bir tarixi hərəkatdan təsirlənmişdi. Yaponiyanın Port-Arturdakı qələbəsi Çarlığın qorxunc heybətini qırmışdı. Rusiya kimi Türkiyə ilə İran da daxili islahat və hürriyyət hərəkatları ilə çalxalanırdı. Bütün Rusiya müsəlmanları kimi Qafqaz müsəlmanları üçün də bu hadisə milli və siyasi oyanış dövrünü müjdələyirdi.

Çox keçmədi ki, Rusiyada 1905-ci il inqilabı baş verdi. Qafqaz müsəlmanları arasında geniş miqyasda nəşriyyat və təşkilat imkanı hasil oldu.

Bundan əvvəl ara-sıra sıx senzura altında və müxtəlif müşkülat içində meydana gələn türkcə bəzi nəşrlər istisna olmaqla, sırf rusca yazmaq zərurətində olan Əhməd bəy birbaşa milli mücadilə meydanına atılır. 1904-dən 1910-a qədər davam edən “Həyat”, “İrşad” və “Tərəqqi” kimi gündəlik türkcə qəzetlərdə Əhməd bəyin apardığı qələm mücadiləsi Azərbaycan dövlətçiliyinin istiqlalı ərəfəsində milli oyanış hərəkatımızın ən canlı və qızğın bir dövrünü təşkil edir.

Qeyd olunan qəzetlərin adlarından da anlaşılacağı kimi, bu dövrdəki nəşriyyat siyasi müsbət bir proqram və bəlli bir milli davanı dəstəkləməkdən daha çox, müsəlman əfkari-ümumiyyəsini həyat mücadiləsinə dəvət və tərəqqi yoluna irşad mahiyyətində siyasi və milli oyanış təbliğatına həsr edilmişdi. Bugünkü Azərbaycançılıq mübarizəsinin deyil, hətta ümumi türkçülüyün də mövcud terminologiyasına o zamankı mətbuatda az təsadüf olunur. Türk təbiri ilə müsəlman sözü şəxsən Əhməd bəyin məqalələrində də bugünkü təsnifini almamışdı.

Buna rəğmən, Ağaoğlu Əhməd bəyin o zamankı fəaliyyəti oyanış tarixində başlıca bir dövrdür.

Sadə Qafqaz müsəlmanları və bütün Rusiya türk-tatarları deyil, qonşu İran ilə Türkiyədəki hərəkatlarla da yaxından və candan maraqlanan Əhməd bəy adi qəzetçi deyil, eyni zamanda ictimai xadim, maarifçi, siyasətçi və inqilabçıdır!..

Bir tərəfdən o öz xalqının geriliyi ilə mücadilə edir, firəngiyanə fikirləri ilə fanatik mollaların lənət və təfkirlərinə hədəf olur, digər tərəfdən də eyni adam “müsəlmanları hökumətə qarşı mücadiləyə təhrik” töhməti ilə təqibə məruz qalır. Eyni zamanda Bakı kimi amerikanvari bir şəhərdə çarpışan müxtəlif nüfuz və rəqabətlər arasında doğan milli iqtisadın həyati mənfəətlərini qoruduğu üçün müxaliflərin şiddətli hücumlarına məruz qalırdı. Bunun kimi öz millətinin başçılarını öldürən xarici komitələrlə əlbir olan çar məmurlarına qarşı gizli təşkilat yaratmaq (Difai nəzərdə tutulur – D.Ə) işində də iştirak edir.

Bütün bu işlər arasında Əhməd bəy bir də daima müsəlmanların hüququnu rəsmi rus məhfillərinə qarşı müdafiə edən nümayəndələr arasındadır! Hələ Qafqaz müsəlmanlığının rusca mətbuatda daima müdafiə edilməsi onun əyninə biçilmişdir!..

Rusiya türk və müsəlmanlarında hər cür irfan və tərəqqi hərəkatını “İttihadi islam təhlükəsi” şəklində göstərərək, “liberal” rus əfkari-ümumiyyəsini bu “irtica” cərəyanına qarşı ayaqlandırmaq taktikasını güdən bütün düşmən təbliğatçıların o dövrdə ən çox vurduqları və hər cür ittihama hədəf aldıqları şəxsiyyət Ağaoğlu Əhməd idi.

Onunla əməkdaşlıq etmiş, mərhumun bu dövrdəki qəhrəmanca çalışmalarına yaxından aşina olan bir adam kimi söyləyə bilərəm ki, o zamankı qızğın illərdə Ağaoğlu Əhməd qədər heç bir adam milli hərəkat və milli dava cəbhəsinin atəş xəttində bulunmayıb.

1910-cu ildə Türkiyəyə ilticasından sonra İstanbuldan Bakı qəzetlərinə məqalələr göndərmək surətilə Qafqaz mühiti ilə mənəvi əlaqəsini müntəzəm surətdə davam etdirən Əhməd bəy ümumi hərb dolayısı ilə məmləkətlə bu qəzetçilik rabitəsini də kəsmək məcburiyyətində qalmışdır.
Rusiyada yenidən ixtilal baş verir. Qafqaz millətləri istiqlallarını elan edirlər. Azərbaycan Cümhuriyyəti təşəkkül edir. Bu təşəkküldə Əhməd bəyin rolu ikinci dərəcəli və epizodikdir. Azərbaycan nümayəndə heyətinin üzvü kimi Bakıdan Parisə gedərkən İstanbulda ingilislər tərəfindən tutularaq Maltaya sürgün edilmişdir.

Sonrası məlumdur. Əhməd bəy təkrarən Türkiyənin xidmətindədir. Mətbuat ümumi müdiridir. “Hakimiyyəti-milliyyə”nin baş mühərriridir. Böyük Millət Məclisinin üzvüdür. Bu vəziyyət ona məlum səbəblərə görə Azərbaycan davası ilə məşğul olmağa manedir. Onsuz da bu dava bir məsələ olaraq onu aktiv bir şəkildə çox da məşğul etməmişdir. Buna görə də istiqlalçılıq dövrümüzdən əvvəl ümumi müsəlman və türk hərəkatı şəklində olan milli oyanış həmləmizdə vulkan kimi alovlu olan bir mücahidi qırmızı rusluğa qarşı apardığımız mücadiləyə nisbətdə sönmüş və dayanmış görürük.

Fəqət ustadın hamımızı təəssürdə buraxan ölümü qarşısında Azərbaycan umu-küsüsündə olmaq niyyətində deyilik.
Onun fransız məktəbinin məhsulu olan toxundurmadığı liberalizmilə münaqişə etmək mümkünsə də, milliyyət, hürriyyət və insanlıq şərəfinə verdiyi dəyəri müqəddəs saymamaq doğru deyildir. Hələ içindən gələn qüdsi bir həmlə ilə 70 yaşının son gününə qədər sönməyən bir atəşlə dayanmadan yanan qələmini dəyərsizləşdirməyə kim cəsarət edər?!.

Əhməd bəyin şəxsində biz türk təfəkkür və təhririnin çox canlı və həyəcanlı bir simasını və Avropa qəzetçiliyinin Şərqdəki çox güclü bir nümayəndəsini, Yaxın Şərqdəki tarixi avropalılaşma hərəkatının ən səmimi ideoloqunu itirdik!

Bu acı itki qarşısında yuxarıda qeyd etdiyimiz böyük xüsusiyyətləri təqdir edənlər tərəfindən duyulan acı üzüntünü, biz eyni zamanda ustadın Azərbaycan intibahı üçün etdiyi unudulmaz xidmətlərinin yaxından şahidi olmuş bir vətəndaş olaraq tamamilə bölüşürük.

“Halk” qəzeti, may 1939.  Dilqəm Əhməd

BIR CAVAB BURAXIN