Rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır

0
1547

Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti 1988-1994-cü illər ərzində daha da kəskinləşmiş və xalqımza qarşı insanlıq tarixinə sığmayacaq formada hərbi cinayətlər törədilib:  Əsrlər, illər keçməsinə baxmayaraq xalqımız o ağır işgəncələri unutmur, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir. Böyük Ermənistan xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Ulu Öndərimiz Azərbaycan tarixinin araşdırılması və tarixi faktlara düzgün qiymət verilməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalayıb. İlk dəfə olaraq 1998-ci ildə dahi rəhbərin imzaladığı fərmana əsasən, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Ermənistan tarixən regionumuzda olan münaqişələrin birmənalı səbəbkarıdır. Birinci Qarabağ müharibəsi zamanı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Qarabağın Xocalı şəhərində baş verən soyqırım Azərbaycan xalqının çəkiləsi mümkün olmayan dərdlərindən biridir. Bu, bütün insanlığa qarşı törədilən cinayətdir. Xocalı faciəsi zamanı yüzlərlə azərbaycanlı qətlə yetirilib, itkin düşüb və girov götürülüb.  Hazırda Ermənistanın törətdiyi bütün hərbi cinayətlər sənədləşdirilir. Belə ki, Azərbaycan artıq törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlayıb. Mülki əhali, infrastruktur, dini və mədəni abidələrə dəymiş ziyanın təhlilləri aparılır. Bu gün Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. İrəvan hərbi cinayətkardır. Dinc şəhərlərə qadağan olunmuş kasetli raketlərlə hücumlar hərbi cinayət hesab edilir. Hər bir fakt sənədləşdiriləcək və buna uyğun olaraq zəruri addımlar atılacaqdır. Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən müharibə dövründə çoxsaylı humanitar hüquq normalarının kobud şəkildə pozulması halları baş verib. Beynəlxalq hüquqa görə mülki şəxslər, habelə döyüş qabiliyyəti olmayan şəxslər hədəfə çevrilə bilməz. Yalnız hərbçilər legitim hədəf sayıla bilər. Vətən müharibəsi zamanı Gəncənin, Bərdənin və digər ərazilərin hücuma məruz qalması, orada çoxsaylı vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir. Bütün hadisələr hər bir millətin qan yaddaşında əbədi yer tutmalı və gələcək nəsillərə təbliğ edilməlidir. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır. Ermənilərin törətmiş olduqları bu cinayətlər bir daha sübut edir ki, terrorçuluq bunların dövlət siyasətidir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova