Bu günlərdə yazıçı-jurnalist, satirik publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “İki sahil” qəzetinin əməkdaşı Qvami Məhəbbətoğlunun 60 yaşı tamam oldu. Müdriklik yaşı hesab edilən 60 yaşın işığında sabaha addımlayan Qvami Məhəbbətoğlu ilə müsahibəni oxucularımıza təqdim edirik
- Qvami müəllim, 60 yaşın işığında özünüzü necə hiss edirsiniz?
- Bəri başdan deyim ki, yaş öz sözünü deyir. Bu mənada 60 yaş cavanlığın son ili, qocalığın başlanğıcıdır fikri ilə razılaşıram. Buna baxmayaraq, özümü, əgər belə demək mümkündürsə, səhnədən silinmiş kimi hesab etmirəm.
-Bəzi insanlar anadan şair, yazıçı kimi doğulurlar. Mənə elə gəlir ki, siz anadan məhz şair, yazıçı kimi doğulubsunuz. Ona görə də maraqlıdır: Ədəbiyyata gəlişiniz necə baş verdi?
- Mənim atam filoloq olub. Uzun müddət kənd məktəbində azərbaycan dili və ədəbiyyat fənlərini tədris edib. Özü də rayonun fəal müxbirlərindən biri olub. O həm də bədii yaradıcılığı ilə digər müxbirlərdən seçilib. O zamanın dövri mətbuatında atamın yazıları dərc olunardı. Yeri gəlmişkən onu da deyim ki, atam şairlərimizlə olan görüşlərindən mütəmadi söz açardı. Amma onun ən çox sevdiyi şair Səməd Vurğun idi. Atam ondan daha çox danışar, şeirlərini əzbər söylərdi.
Mən həm atamdan, həm də onun zəngin kitabxanasından hələ uşaq vaxtlarımdan bəhrələnməyə çalışmışam. Bir sözlə, ədəbiyyat aləmimə gəlişimdə atamın rolu olub. Onu da deyim ki, hansı kitabı istəmişəmsə, atam, əgər belə demək mümkünsə boğazından kəsib həmin kitabı mənə alıb. O zamanlar atamın zəngin kitabxanasından faydalanan tək mən olmamışam. Belə ki, atamın kitabxanasına kənd sakinlərimiz də tez-tez müraciət edərdilər. Çünki kitabxanamızda elə kitablar vardı ki, onları kəndimizin, eləcə də rayonumuzun kitabxanalarında tapmaq mümkün deyildi. İndiki kimi yadımdadır, sonradan filoloq kimi yetişmiş Nizami müəllimi, Kamil müəllimi kitabxanamızda dəfələrlə görmüşəm.
Mən bədii yaradıcılığa hələ orta məktəbdə başlamışam. Hətta rayon qəzetində yazılarım, o cümlədən şeirlərim də dərc olunub.
-Deyəsən uşaqlıq illəriniz ancaq kitab oxumaqla keçib…
- Yox… Belə deməzdim. Mən, ümumiyyətlə, çox çalışqan olmuşam: çiyinlərimdə ot da daşımışam, meşədən odun da gətirmişəm, zəmilərdən başaq, yəni biçin zamanı yerə tökülən sünbül də yığmışam, alma da dərmişəm, böyürtkən də toplamışam. Yay tətili günlərində isə sovxozda fəhləlik etmişəm. Üstəlik, qoyun-quzuya da baxmışam. Yəni bəzi kənd uşaqları kimi yatağan olmamışam, həmişə aktiv olmağa çalışmışam.
-Belə başa düşdüm ki, ilk qələm təcrübələriniz lirik şeirlər olub. Bəs satira aləminə qədəm qoymağınız necə olub?
- Səttarxan adına maşınqayırma zavodda işləyərkən bu müəssisənin “Qabaqcıl texnika uğrunda” qəzetində müəyyən bir boşluq hiss etdim və fikrimi bu mətbuat orqanının redaktoru Əsəd Quliyevə (Allah rəhmət eləsin) bildirdim. O mənim fikrimi bəyəndi. Və bundan sonra bu qəzet üçün satirik yazılar yazmağa başladım. Felyetonlarımın kollektivdə yüksək rezonans doğurması məni satiraya, yumora daha çox bağladı. Yəni mənim satiraya üz tutmağım zavod mühiti ilə bağlı olub. Bu mənada bir satirik kimi yetişməyimdə bu qəzetin rolu danılmazdır. Amma indi həmin yazılardan yalnız “Dəsgahların söhbəti” yadımdadır. Hə, bir zamanlar əlyazmalarımı, o cümlədən mətbuatda dərc olunmuş yazılarımı qoruyub saxlamağa çalışırdım. Amma bir payız günü kirayə qaldığım (mən illərləl kirayədə qalmışam) evi su basdı və onları tamamilə yararsız hala saldı və mən istər-istəməz arxivimlə vidalaşmalı oldum. İndi o günü xatırlayanda dünya başıma fırlanır. Nə qədər çalışdımsa, onları bərpa edə bilmədim. Bundan sonra həvəsdən düşdüm və bir müddət heç nə yazmadım.
Sonradan “Hürriyyət” qəzetində də satirik yazılarım, o cümlədən şeirlərim işıq üzü gördü. Hətta bu qəzetdə mənə “Şillə” rubrikası altında bir səhifə də ayırmışdılar. Hər həftə işıq üzü görən bu rubrikam da yaxşı qarşılandı. Hətta həmin yazılara görə məni məhşər ayağına çəkmək istəyənlər də peyda oldular. Azərbaycan mətbuatına xüsusi çalarlar gətirmiş “Zaman-Azərbaycan” qəzetində çalışarkən isə “Şillə”m “Qəmiş”lə əvəz olundu. Yeri gəlmişkən, yeni rubrikaya bu adı tanınmış jurnalist Səməd Məlikzadə vermişdi. Elə məni “Zaman-Azərbaycan”a da işə dəvət edən də o olub. “Zaman”da bu rubrikam uzunömürlü olub, yəni qəzet kollektivdən asılı olmayan müəyyən səbəblərdən fəaliyyətini dayandırana qədər fəaliyyət göstərib. Daha sonra isə “Yeni avaz”da konkret faktlar əsasında qələmə aldığım satirik yazılarım dərc edilib. Tanınmış jurnalist İmran Bədirxanlı isə çalışdığı mətbuat orqanlarının birində mənə bir səhifə ayırmışdı. Yeri gəlmişkən qeyd edim ki, “Hərdən gülməyim gəlir” adlı ilk kitabım həmin yazılarım əsasında tərtib olunub. Onu da deyim ki, mən mətbuat aləmində digər yazılarla da mütəmadi çıxışlar etmişəm. Təkcə bir faktı qeyd edim ki, yüzə yaxın tanınmış mədəniyyət, incəsənət, o cümlədən digər sahələrdə çalışan şəxslərdən müsahibələr almışam.
-Yaradıcılığınıza bələd olan bir şəxs kimi deyə bilərəm ki, sizdə Sabir, Mirzə Cəlil ruhu çox güclüdür və bu baxımdan satira aləmində obrazlı şəkildə desək, gec parlayan ulduzu xatırladırsınız. Niyə məhz gecikdiniz, gec parladınız?
- Mən Sabiri və Mirzə Cəlili həmişə sevə-sevə mütaliə etmişəm. Elə indi də onların kitabları ilə nəfəs alıram. Yəni onları oxumaqdan doymuram. Onu da deyim ki, hər dəfə bu dahilərin əsərlərinə müraciət edəndə məndə yeni ideyalar, yeni mövzular baş qaldırır. Amma nə yazıq ki, biz Sabiri, Mirzə Cəlili hələ də lazımi səviyyədə dünyaya təqdim edə bilməmişik. Yəni onları dünya dillərinə tərcümə edib tanıtmamışıq. Mənə elə gəlir ki, onların bu gün dünya arenasında kölgədə qalmaqlarının səbəbi də budur. Əgər kifayət qədər təbliğ olunsaydılar,inid onların adları dünya ədəbiyyatının korifeyləri sırasında çəkilərdi. Mənim fikrimcə, Sabirin, eləcə də Cəlil Məmmədquluzadənin əsərləridünyanın tanınmış “Nobel” mükafatçılarının heç birinin əsərlərindən zəif deyil. Hətta deyərdim ki, daha mükəmməldir.
O ki qaldı sualınızın ikinci hissəsinə… Bəri başdan deyəm ki, mənim populyar, satira ustası, həmçinin ulduz epitetlərindən əsla xoşum gəlmir. Bəli, mən, əgər belə demək mümkündürsə, üzdə olmamışam, daha doğrusu, belə şeylərin aludəçisi olmamışam. Yalnız yazmaqla kifayətlənmişəm. Kifayət qədər də oxucu auditoriyam olub. Yeri gəlmişkən, Baba Pünhan kimi dəyərli ziyalımız təqribən qırx beş yaşınadək ədəbi mühitdə tanınmağa cəhd etməyib. Ancaq “Metro” adlı qəzetdə dərc olunmaqla kifayətlənib. Mənim fikrimcə, onun yazı tərzindən başqa, Mirzə Ələkbər Sabirlə bir oxşarlığı da var. Belə ki, 49 il ömür sürmüş Sabir “Molla Nəsrəddin” jurnalında çap olunmaqla məşhurlaşdığı sayaq Baba Pünhan da ANS-in “Qulp”unda xalqın sevimlisinə çevrilib.
Bir sözlə, bu mənada bu məsələdə özümü günahkar hesab edirəm. Əgər siz kitab məsələsini nəzərdə tutursunuzsa, haqlısınız. Bu da səbəbsiz deyil. Sözün düzü, mənim kitab çap etdirməyə maddi imkanım olmayıb. Sağ olsun, bəzi işgüzar adamlar. Bu missiyanı onlar yerinə yetiriblər. Yəni indiyədək dərc olunan kitablarım məni dərk edənlərin, yaradıçılığımı izləyənlərin əməklərinin məhsuludur. Yeri gəlmişkən, onlara sizin qəzet vasitəsilə bir daha minnətdarlığımı bildirirəm.
-Nə üçünsə siz mənə daha çox Molla Nəsrəddin yolunun davamçısı, mərhum satira ustası Baba Pünhanı da xatırladırsınız. Bu baxımdan heç Baba Pünhanla aranızda mənəvi, ədəbi, satira sahəsində yaxınlıq, oxşarlıq hiss edirsinizmi?
- Bəri başdan deyim ki, 55 yaşında dünyasını dəyişmiş və zəmanəmizin Sabiri adını qazanmış Baba Pünhan (Allah rəhmət eləsin) mənim pərəstiş etdiyim satirik yazarlardan olub. Baba Pünhan satiralarında sələfi Sabir kimi insanları narahat edən sosial problemləri çox məharətlə ictimailəşdirməyi bacarırdı. Buna görə də xalq onun yaradıcılığını çox sevir. Mən də Baba Pünhan sevdalısı kimi onun yaradıcılığını həmişə izləməyə, hətta ondan bəhrələnməyə çalışmışam. Buna “Baba Pünhan kimi lap” şeirimi misal göstərə bilərəm.
Deyirəm, dərd-sərimi çarə yox,dastan kimi lap:
Verilir qaz, su, işıq bizlərə dərman kimi lap.
Diqqət etdikdə belə öz evimə- eşiyimə,
Gözümə görünür o, guşeyi- zindan kimi lap.
Bürünüb evdə uşaq da neçə yorğan- döşəyə,
Ovçunun tələsinə düşən bir ceyran kimi lap.
Neçə dostu, tanışı bu yerdə tutdum suala
Deyən yox: “Yaşayıram adicə insan kimi lap”.
Hansı bir məmura da ərz edirik halımızı,
Yanaşır bizlərə o, tarixi Firon kimi lap.
Çoxdur kəm-kəsirimiz, amma bütün bunları mən,
Görürəm məişətdə ən böyük nöqsan kimi lap.
İşə bax ki, Qvami, bu halı şairsayağı,
Ala bildin qələmə sən Baba Pünhan kimi lap.
Amma Baba Pünhanla şəxsi tanışlığım olmayıb. Hətta onu bəzən görəndə də özümü ona təqdim etməyə cəsarət etməmişəm. Mən onu, necə deyərlər, uzaqdan-uzağa izləmişəm. Bir də55 il ömür sürmüş satirik şair Rüfət Əhmədzadəni də ustadım hesab edirəm. Yeri gəlmişkən, qeyd edim ki, bu gün Əvəz Qurbanlı Baba Pünhanın ən layiqli davamçısıdır.
Bir məsələni də qeyd etmək yerinə düşərdi. Mən daha çox tanınmış 3 satirikimizin – Sabirin, Rüfət Əhmədzadənin, Baba Pünhanın adlarını çəkdim. Onlar, yəni bizim satiriklərimiz çox yaşamayıblar. Bu sıraya Seyid Əzim Şirvanini də şamil etmək olar. Bu, ayrıca bir mövzudur. Mənə elə gəlir ki, əsl satirik öz ürəyini həmişə sənətinə qurban verir. Yəni satira və felyeton yazmaq istedadla yanaşı, ürək tələb edir. Hər adam öz ürəyini bu sahədə əridə bilməz. Belə etmədən isə cəmiyyətdəki mənfilikləri, eybəcərlikləri yazmaq müşkül məsələdir. Odur ki, bəzən satira yazanların ürəkləri bu gərginliyə dözmür. O ki qaldı mənə… Mən bu yaşa çatmışamsa, deməli hələ satirik kimi tam yetişməmişəm.
-Səhv etmirəmsə, bu günlərdə “Bibimin madonna sevizi” adlı kitabınız işıq üzü görüb və oxucular tərəfindən rəğbətlə qarşılanıb. Növbəti dəfə nə vaxt yeni kitabla oxucularla görüşməyi planlaşdrırsınız?
- “Bibimin madonna servizi” mənim sayca üçüncü kitabımdır. Bu kitaba bir hekayə və 25-ə yaxın publisistik yazılarım daxildir. Hekayədə kəndimizdə gördüyüm bəzi mənzərələri, eşitdiyim söhbətləri öz təxəyyülümdən keçirməyə cəhd etmişəm. Həmin kitaba ön söz yazmış tənqidçi Zakir Məmmədin dediyinə görə, hekayə maraqlı alınıb.
O ki qaldı növbəti kitaba… Hazırda yeni bir povest üzərində işə başlamışam. Amma indidən həmin əsər barədə söz açmaq istəmirəm. Bircə onu qeyd etmək istəyirəm ki, həmin əsərin mövzusunu real həyatda şahidi olduğum bir əhvalat təşkil edir. Bununla yanaşı, mətbuatla bağlı bir araşdırma üzərində də çalışıram. Güman edirəm ki, onu gələn ilə kimi yekunlaşdıracağam. Bunlarla paralel satirik yazılar da yazmağı planlaşdırıram. Çünki mənə elə gəlir ki, indi satiraya, yumora daha çox ehtiyac var. Bir də nə gizlədim….mən vaxtımın çoxunu jurnalistikaya ayırıram. Odur ki, vaxtdan çox gileyliyəm.
-Ötən illər ərzində həm şəxsi, həm də ədəbi-bədii həyatınızda nələri itirdiniz, nələri qazandınız?
- Sözün düzü, çox şey itirmişəm. Onları xatırlamaq istəməzdim. Qazancım isə ərsəyə gəlmiş 3 kitabım olub.
- Bir yazıçı, satirik kimi Azərbaycan ədəbi mühitinə nə arzulardınız?
- Fikrimcə, ədəbi mühitimizə qiymət vermək mənim işim deyil. Qoy bu barədə tənqidçilərimiz öz sözlərini desinlər. Amma bir məsələnı xüsusi vurğulamaq istərdim. Qoy bizim özündənrazı yazarlarımız özlərindən əvvəlki yazarlarımızın bostanlarına daş atmasınlar, onları əbəs yerə qınamasınlar. Daha doğrusu, Mikayıl Müşfiqin, Səməd Vurğunun, Mirzə Cəlilin, Sabirin ruhlarını narahat etməsinlər. Bu, çox səviyyəsiz bir işdir. Amma mənə elə gəlir ki, onlar bunu bilə-bilə edirlər. Çünki yaxşı bilirlər ki, indi populyarlaşmaq, özünü filosof kimi göstərmək, dahiləşmək üçün bu, yeganə yoldur. Yeri gəlmişkən, “Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəsin belə bir kəlamı var. Deyir ki, söz verirəm ki, qocalanda özümdən cavanlara heç bir tövsiyələr verməyəcəm”. Amma sizin sualınız məni bu andımı pozmağa vadar etdi.
Əziz Mustafa, yazıçı-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Arazinfo.com