Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü… Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün Kulis.az “Gözü yol çəkən məzarlar” adlı yeni layihəyə başlayır. İlk təqdim edəcəyimiz Fransadakı Kokad adlı pravoslav qəbiristanlığında uyuyan həmvətənlərimizin qəbirləridir.
Teymur bəy Novruzov – fransızlardan yarıdm istəyən general
Üç mindən çox rusiyalı mühacirin əbədi rahatlıq tapdığı Kokad qəbiristanlığı (fr. Cimetière russe de Caucade) Fransada ərazisinə görə ikinci böyük rus qəbiristanlığıdır. 1860-cı ildə Nitsada ilk pravoslav məbədi tikilir və qəbiristanlıq salınmasına qərara alınır.
Kokad qəbiristanlığında məzarı olan iki soydaşımızın maraqlı tərcümeyi-halı vardır. Onlardan biri general Teymur bəy Novruzov 1880-ci ildə peşəkar hərbiçi ailəsində dünyaya gəlib. Atası rus ordusunun general-leytenantı rütbəsinə yüksəlmiş Mirzəhacı bəy Novruzov olub. Teymur bəy 1917-ci ilin fevral inqilabına qədər 17-ci Nijeqorod alayında podpolkovnik rütbəsində xidmət edib. Azərbaycanın müstəqilliyi elan edildikdən sonra polkovnik rütbəsində milli orduda qulluq edib, xidmətdə fərqləndiyinə görə tezliklə general-mayor rütbəsi alıb.
1920-ci ilin mayında Gəncədə bolşeviklərə qarşı üsyanın rəhbərlərindən biri olub. Son illərdə aşkarlanan arxiv sənədlərinə əsasən, Birinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığa görə Fransanın Fəxri Legion ordeni ilə təltif olunmuş general T. Novruzov 1920-ci ilin iyununda, Gəncə üsyanı zamanı bu ölkənin Qafqazdakı hərbi missiyasının rəhbəri podpolkovnik Emil-Avqust Korbelə məktubla müraciət edərək, Fransa hökumətinin Azərbaycanın bolşeviklərdən azad olunmasına hərbi yardım göstərməsini xahiş edib.
General həmin məktubda Azərbaycan xalqının azadlıq istəyindən söz açaraq son vaxtlar anti-bolşevik hərəkatının gücləndiyini xatırladaraq yazırdı: “Azərbaycan ordusunun generalı kimi mübarizə yoldaşlarımla və Vətənimin tanınmış siyasi xadimləri ilə razılıq əsasında xalq hərəkatına və Azərbaycanın müstəqilliyi uğrunda döyüşə qalxan nizam-intizamlı silahlı qüvvələrə rəhbərliyi öz üzərimə götürməyi özümə borc və vəzifə hesab edirəm. Hesab edirəm ki, əgər Fransa hökuməti mənim təşəbbüsümə maddi və kiçik miqdarda maliyyə yardımı etsə, bütün xalqın köməyi ilə mən uğur qazana bilərəm”. Təəssüf ki, Qafqazdan ünvanlanan bu və digər müraciətlərə baxılmayıb, Gəncə üsyanı bolşeviklər tərəfindən yatırdılıb və general Novruzov Tiflisə, ordan da Almaniyaya gedə bilib. O, bir müddət Mərakeşdə yaşayandan sonra Fransaya köçüb. 1961-ci ildə Fransada vəfat edib və Kokad qəbiristanlığında dəfn olunub.
Tatyana Hüseynovna-Martınova
Kokad qəbiristanlığı general Hüseyn xan Naxçıvanskinin qızı Tatyana Hüseynovna-Martınovanın da son mənzilidir… Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski 1863-cü ildə doğulub, rus ordusunda qulluq edib, Rusiya İmperator Ordusunda yeganə müsəlman general-adyutant olub. Ehtimal olunur ki, 1919-cu ildə bolşeviklər tərəfindən güllələnib. General Naxçıvanskinin harda dəfn olunduğu müəyyən edilməyib. Amma qızı Tatyana Naxçıvanskayanın qəbri Nitsada tapılıb. Qeyd edək ki, Hüseyn xan 1889-cu ildə o dövrün tanınmış şair və tərcüməçisi Nikolay Gerbelin qızı Sofiya ilə ailə qurub.
Bu nikahdan onların provaslavlığı qəbul edən üç övladı dünyaya gəlib. Böyük oğlu Xan Nikolay Naxçıvanski 1891-ci ildə doğulub, 1912-ci ildə naməlum şəraitdə vəfat edib. Kiçik oğlu Xan Georgi (Yuri) Naxçıvanski 1899-cu ildə Peterburqda anadan olub, hərbi təhsil alıb, çarizmin süqutundan sonra ağqvardiyaçılara qoşulub və sonralar anası və bacısı Tatyana ilə birlikdə Fransaya köçüb.
Bir neçə il sonra isə anası ilə Livanda yaşayıb və 1948-ci ildə Beyrutda vəfat edib. Tatyana Naxçıvanskya 1893-cü ildə Peterburqda doğulub. 1917-ci ildə rus ordusunun generalı Dmitri Martınovun oğlu ilə ailə qurub və bolşeviklərin hakimiyyətə gəlməsi ilə əlaqədar Fransaya mühacirət etməli olub. Tatyana Martınova-Naxçıvanskaya 1972-ci il mayın 3-də Nitsa şəhərində vəfat edib.
Hər iki soydaşımızın Kokad məzarlığındakı qəbirləri Azərbaycanın Fransadakı səfirliyinin qayğısı ilə təmir edilib və səliqəyə salınıb.
Tatyana Hüseynovna-Martınovanın sağındakı məzar isə Çar zabiti, Qacar şahzadəsi Aleksandr Petroviç Rzaqulu Mirzənin həyat yoldaşı Mariya Konstantinovna Peroqorodskayaya aiddir. Onun qəbri də Azərbaycanın Fransadakı səfirliyi tərəfindən təmir edilib.