Qüds məsələsində Səudiyyə Ərəbistanı ABŞ-ın girovuna çevrilib 

0
728

Qüdsün statusu məsələsi bütün dünyada olduğu kimi, islam aləmində də ikitirəlik yaratdı. Bunlardan biri Türkiyə, digəri isə Səudiyyə, Birləşmiş Ərəb Əmirlikləri və Misirin ətrafında olan müsəlman ölkələridir.
Arazinfo.com axar.az-a istinadən politoloq Nəzakət Məmmədovanın islam dünyasında yaranmış son vəziyyətlə bağlı müsahibəsini təqdim edir:
– Niyə Səudiyyə Ərəbistanı Trampın Qüds qərarına sərt şəkildə etiraz etmədi?
– Səudiyyə krallığında Qüds qərarına etirazın olmaması bir sıra səbəblərlə izah olunur. Bunlardan əsası odur ki, bir müddət öncə krallıqda sulalədaxili təmizlənmə aparılmış, həm Obamanın Demokratlar Partiyasını maliyyələşdirən sülalə nümayəndələri zərərsizləşdirilmiş, həm də Britaniya krallığı və kəşfiyyatı ilə əlaqələri olan şahzadələr hakimiyyətdən uzaqlaşdırılmışlar. Çünki ABŞ-dakı Demokrat və Respublikaçılar partiyalarını maliyyələşdirməyə məcbur edilən ölkələrdən biri Səudiyyədir. Məhz buna görə də Tramp onu impiçment ilə hədələyən rəqib partiyanı maliyyə mənbəyindən məhrum etmək üçün Obama ilə yaxın münasibətdə olan sülalə nümayəndələrinin həbsi göstərişini verdi. Hətta, bəzi iddialara görə, 11 sentyabrda terror aktını törədənlərin Səudiyyə Ərəbistanı vətəndaşları olmasına baxmayaraq, bu ölkə ərazisinə bir bomba belə atılmadı. Bunun əvəzində Əfqanıstan ABŞ tərəfindən işğal olunsa da, ABŞ bu məsələnin üstündən sükutla keçərək, Səudiyyəni elə belə bağışlamadı. Bunun əvəzində ABŞ-ın Səudiyyənin üzərinə 700 milyard dollar kompensasiya qoyduğu bildirilir. Səud sülaləsi bu məbləğin yarısını Trampın Yaxın Şərq səfəri zamanı ABŞ-dan 350 milyard dollarlıq silah almaqla ödədi. Digər tərəfdən isə Qüdsün tanınmasına səssiz qalmaq göstərişi verildi.
– Səudlar sülaləsi hakimiyyətə gələndən bəri hakimiyyət qardaşdan qardaşa keçirdisə, indi artıq atadan oğula keçməyə başladı. Minillik ənənin dəyişməsinə səbəb nə oldu?
– Çünki əvvəlki vərəsəlik sistemində ən cavan varisin 70-ə qədər yaşı olurdu. Hakimiyyətin tez-tez dəyişməsi ölkədaxili qeyri-sabitliyə səbəb ola bilərdi. Bundan narahat olan ABŞ hakimiyyətin atadan oğula, kral Salmanın 32 yaşlı oğlu gənc vəliəhdə keçməsinə şərait yaratmaqla ölkənin uzun illər etibarlı bir şəxsin nəzarətində olmasına şərait yaratdı və sabitliyin təmin olunmasına çalışdı. Gənc vəliəhdin Trampın kürəkəni Kuşnerlə dost olması, Kuşnerin bu yaxınlarda Qüdsün tanınmasına hazırlıq ərəfəsində gizlincə Ər-Riyada səfər etməsi də bildirilir. Belə bir şəraitdə husilərin Yəməndə Səudiyyəni hədəf alması ABŞ-ı bir qədər də narahat etdi. Çünki Yaxın Şərqdəki müttəfiqinin həm daxili, həm xarici təhlükəsizliyi ABŞ-ı narahat edir. “Mülayim islama” keçmək barədə bəyanat da heç şübhəsiz ki, Səudiyyənin dünyada yayılmış obrazını təmizləmək üçün idi.
– Bu yaxınlarda elan olunmuş ABŞ Milli Təhlükəsizlik Strategiyasında niyə Türkiyənin ictimai təşkilatları maliyyələşdirmək yolu ilə radikal islamın yayılmasına dəstək verdiyi barədə iddialar əks olunub?
– Bu, Səudiyyənin Türkiyə ilə yerini dəyişmək, onu müasir, radikallıqdan uzaq islam ölkəsi kimi təqdim etmək məqsədi daşıyır. Artıq bir müddətdir ki, islam dünyasında liderlik savaşına Türkiyə də qoşulub. İndiki regional şəraitdə Osmanlı imperiyasının torpaqları üzərində nüfuzunu qaytarmaq istəyən Türkiyə islam aləmindəki tarixi rolunu yenidən iddia edir. Onun buna kifayət qədər imkanları var və AKP iqtidarı dövründə qazandığı nüfuzu buna şərait yaradır. Türkiyənin iki mühüm qələbəsi – İslam Əməkdaşlıq Təşkilatının İstanbul zirvəsi və BMT Baş Assambleyasında çıxan qərar bunu bir daha təsdiq etdi. Məhz bu səbəbdən ABŞ, İsraillə yanaşı, Səudiyyə, Misir, BƏƏ kimi ərəb ölkələrinin bundan narahat olduqları aydındır.
– Artıq bir neçə müddətdir ki, ABŞ-ın Türkiyə siyasətinin dəyişdiyini müşahidə edirik. Bundan sonrakı proseslər necə cərəyan edəcək?
– ABŞ-ın müxtəlif dairələrində Türkiyə əleyhinə iş aparılır. Bunlar sırasında Konqres, Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi, Dövlət Departamentinin adını çəkmək olar. Onların Türkiyəni NATO-dan və ABŞ-dan uzaqlaşaraq Rusiya və İranla yaxınlaşdığı üçün cəzalandırmaq planları cızması sirr deyil. PKK/YPG ilə əməkdaşlıq, Gülən tərəfdarlarının mütəşəkkilliyini pozmamaq üçün Türkiyədə fəal iş aparılması, Zərrab məhkəməsi, AKP-yə alternativ partiyaların yaradılması və 2019-cu il seçkilərində iştirak planları bununla bağlıdır. ABŞ-ın bir məqsədi var: maksimum imkanlar daxilində Türkiyəni parçalamaq, imkan olmasa ən azından minimum AKP iqtidarının çevrilməsinə və ya seçkilərdə uduzmasına nail olmaq.

BIR CAVAB BURAXIN