Bir müddət əvvəl qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov işdən qovulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində aparılan araşdırma başa çatıb və kifayət qədər qanun pozuntuları, korrupsiya faktları aşkar edilib.
“Qafqazinfo” sözügedən şəxs haqda araşdırma aparıldığı ilə bağlı bir neçə gün əvvəl məlumat yaymışdı. Məlumata görə, Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalar Qüdrət Şükürovun işdən qovulması ilə nəticələnib. Artıq onun yerinə təyinat da olub.
Məlumatlara görə, qızı Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn yüksək vəzifəli məmur Qüdrət Şükürovla bağlı məsələ ölkədə ən üst səviyyədə narazılıq yaradıb. Dərhal bu məsələnin araşdırılması və ölçü götürülməsi tapşırılıb. Hətta sözügedən toyla bağlı da ayrıca araşdırma aparılıb, toyda iştirak edən şəxslər, bəylə-gəlinə mahnı həsr edənlər dindirilib. Bu işə xərclənən vəsait dəqiqləşdirilib.
Bu arada xatırlatmaq yerinə düşər ki, Azərbaycanda yüksək rütbəli məmur övladlarının dəbdəbəli həyat tərzi, bahalı toy-ad günü mərasimləri ilə dəfələrlə dövlət başçısı tərəfindən xəbərdarlıqlar edilib, məmur övladlarının harın həyat tərzinə görə onların cəzalandırılacağı qeyd olunub. Bununla bağlı kifayət qədər nümunələr də mövcuddur.
Ümid etmək olar ki, ölkənin baş “liftyor”una verilən bu dərs sözügedən qəbildən olan məmurlar üçün sonuncu olacaq…