“Qüdrət Həsənquliyev Rusiyanın Azərbaycandakı “5-ci kalon”unun sözçüsüdür”

0
985
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin ittihamlarına sərt cavab verib.

S.Cəlaloğlu “Ölkə.Az”a açıqlamasında deyib ki, Qüdrət Həsənquliyev cəfəngiyyat danışır:

“Qüdrət Həsənquliyev iddia edir ki, guya mən Prezident Administrasiyasından hər ay 10 min dollar pul alıram. Bütün bunlar cəfəngiyyat və yalandır. Əgər mən pul alıramsa, Qüdrət Həsənquliyev niyə ortaya fakt qoya bilmir? Niyə mənə pul verən adamın adını çəkə bilmir? O, mənə şər-böhtan atır. Çünki mən onu ifşa etmişəm”.

Partiya sədri qeyd edib ki, Qüdrət Həsənquliyev Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən qüvvələrin və şəxslərin sözçüsüdür:

“Prezidentliyə namizədlər üçün təşkil olunan teledebatda da Qüdrət Həsənquliyev Rusiyanın Azərbaycanda maraqlarını müdafiə edən fiqur kimi çıxış edib. Mən teledebatda bildirdim ki, Azərbaycan və Türkiyə konfederasiyası yaradılmalıdır. Qüdrət Həsənquliyev dərhal mənim bu fikirlərimə qarşı çıxaraq, onu “gülünc” adlandırdı. Necə olur ki, mən qanı qanımızdan, dili dilimizdən olan Türkiyə ilə birlik yaratmaq istədiyimi bildirəndə pis oluram, amma Azərbaycan torpaqlarını işğalda saxlayan düşmən ölkəni daim açıq müdafiə edən və ona hərbi yardımlar göstərən Rusiyanı Qüdrət Həsənquliyev müdafiə edəndə yaxşı olur? Sonra da Qüdrət Həsənquliyev özünün ruspərəst mövqeyini ört-basdır etmək üçün guya mənim Prezident Administrasiyasından 10 min dollar pul aldığımı bildirir. Çıxıb gic-gic özündən sözlər uydurub danışır. Ümumiyyətlə, mənim onunla elə bir dialoqum olmayıb. Bir dəfə onun müavinin ad günündə İqbal bəy və mən bir yerdə siyasi blok olaraq seçkilərə getdiyimiz üçün Qüdrət Həsənquliyevdən nə üçün bizə qanunun tələblərinə uyğun olaraq, dövlət tərəfindən maliyyə ayrılmamasının səbəblərini soruşmuşam. Ona dedim ki, sən Milli Məclisin deputatısan, orada bu məsələni qaldır ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, nə üçün bizim partiyalara maliyyə ayrılmır. İndi Qüdrət Həsənquliyev də bu fikirlərimi götürüb ayrı cür təqdim edir. Əgər doğrudan da mən kimdənsə maliyyə aldığımı ona demişəmsə, adını açıb söyləsin. Bəs nə üçün Qüdrət Həsənquliyev həmin şəxsin adını söyləmir? Yaxşı, sən o qədər məmurlardan qorxursan ki, ad çəkə bilmirsən? Ay Qüdrət Həsənquliyev, cəsarətin varsa, həmin məmurun adını çəkib söylə, qoy həmin məmur da çıxıb açıqlama versin!”.

S.Cəlaloğlu Qüdrət Həsənquliyevlə bağlı sensassiya yarada biləcək məlumatlara malik olduğunu söyləyib:

“Qüdrət Həsənquliyev məni məcbur edir ki, onun kimin əlində alət olduğunu, kimin dilmancı və vasitəsçisi olduğunu açıb söyləyim. O, əvvəllər Əbülfəz Elçibəyin və Əli Kərimlinin müavini ola-ola Milli Məclisdə təmsil olunanda, ona kimin və nəyə görə mandat verdiyini bilirəm. Ona görə də Qüdrət Həsənquliyev tez-tez çıxıb Türkiyənin əleyhinə, Rusiyanın isə xeyrinə çıxışlar edir. Qüdrət Həsənquliyev Rusiyanın Azərbaycandakı “beşinci kalonu”nun sözçüsüdür. O, hələ Rusiyanın adamı ola bilməyib. Amma Rusiyanın Azərbaycandakı maraqlarını müdafiə edən şəxslərin sözünü deyir. Bunu deputat edən adamlar da məhz onlardır. Qüdrət Həsənquliyevi deputat etməyin əsas şərti də odur ki, Azərbaycanda Rusiyanın maraqlarını açıq şəkildə müdafiə, Türkiyənin isə əleyhinə çıxış etməlidir. Qüdrət Həsənquliyev də bu tapşırıqları kişi kimi edir. Utanmadan çıxıb investisiya qoyuluşu ilə bağlı Türkiyənin əleyhinə danışır. Halbuki, Azərbaycan Türkiyəyə cəmi 7 milyard, Rusiyaya on milyardlarla pul qoyub. Amma Qüdrət Həsənquliyevin cəsarəti çatmır ki, Rusiyadan nə isə tələb etsin. Burada sual olunur ki, qardaşa 7 milyard pul veriləndə gözünə görünür, amma düşməninə on milyardlarla pul veriləndə səsin çıxmır. Xeyr ola? Guya biz bilmirik ki, sən kimin adamısan? Prezidentin köməkçisi Əli Həsənov deyir ki, Rusiya Azərbaycanın faydalı qazıntılarından pulsuz pay verilməsini istəyir. Ay Qüdrət Həsənquliyev, maraqlarını müdafiə etdiyin dövlət həmin Rusiyadır.

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski açıq şəkildə durub deyir ki, Azərbaycan bu dövlətin muxtar vilayəti olmalıdır. Qüdrət Həsənquliyev də deyir ki, gəlin Rusiyanın qucağına gedək. Axı Rusiya 300 ildir ki, bizə qarşı düşmənçilik edir, 20 yanvar faciəsini, Xocalı soyqırımını Rusiya törədib. Azərbaycanın bütün tarixini və mədəniyyətini, torpaqlarını Rusiya parçalayıb. Bu gün tarixi torpaqlarımız olan Dərbənd hələ də əsarətdədir. Rusiyanın Azərbaycana qarşı bu qədər düşmənçiliyi olmasına baxmayaraq, qardaş Türkiyə hər zaman Azərbaycanı müdafiə edən dövlətdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsini bu gün öz məsələsi kimi gündəmə gətirir, dünya birliyinin qarşısında tələb qoyur. Türkiyə bu qədər Azərbaycana xidmətlər göstərsə də, Qüdrət Həsənquliyev qardaş ölkədən əl çəkmir. Yadınıza gəlirsə, Türkiyədə rus təyyarəsi vurulanda, Qüdrət Həsənquliyev çıxıb dedi ki, Türkiyə Rusiyadan üzr istəməlidir, Türkiyə səhv yoldadır və sairə. Ay Qüdrət Həsənquliyev, oturduğun dövlət də türk dövlətidir. Sən necə olur ki, türkün dövlətində otura-otura, türkə qarşı düşmən mövqedə olursan? Rusiyanın maraqlarını müdafiə etməkdən əl çək!”.

Xatırladaq ki, Qüdrət Həsənquliyev mətbuata açıqlamasında Sərdar Cəlaloğlunun Prezident Administrasiyasında işləyən bir məmurdan hər ay 10 min dollar pul aldığını iddia edib.

BIR CAVAB BURAXIN