Qoşulmama Hərəkatına sədrlik

0
1478

Qoşulmama Hərəkatına sədrlik.

Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə üzv qəbul olunub. Azərbaycan heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirib və bütün dövlətlərlə qarşılıqlı əməkdaşlığını davam etdirib ki, bu da ölkəmizə olan etimadı, hörməti artırıb. Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir.

Qısa müddət ərzində Qoşulmama Hərəkatına üzv olmasına baxmayaraq Azərbaycanın Qoşulmama Hərəkatına sədirlik etməsi bütün dövlətlər tərəfindən yekdil şəkildə dəstəklənib. Azərbaycan dövlətinin uğurlu siyasətinin nəticəsidir ki, 2023-cü ilin sonuna qədər Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək. Azərbaycanın Qoşulmama hərəkatına sədrliyinin uzadılması Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının prinsiplərinə sadiqliyi, ölkəmizin nüfuzunun gündən günə artmasının nəticəsidir. Qoşulmama hərəkatına sədrliyi dövründə Azərbaycan dünyada sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə və dayanıqlı inkişafına öz töhfəsini verib və bu missiyanı davam etdirəcək. Qoşulmama Hərəkatına üzvlük Azərbaycan Respublikasına Ermənistanla mübarizə aparmaqda yeni güc verdi və Qoşulmama hərəkatına üzv dövlətlər Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə böyük dəstək göstərdi.

İnanırıq ki, gələcəkdə də Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələr qlobal problemlərin, müharibə və münaqişələrin həllində birgə mübarizə aparacaq.

Kəmalə Əliyeva – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin direktoru