Qazaxıstan 2017-ci ilə yüksək rütbəli məmurların həbsləri və konstitusiya islahatlarının elan edilməsi ilə qədəm qoyub. Qalmaqallı həbslərin fonunda prezident Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev sensasion fikirlər səsləndirərək ölkədə hakim elitaya daxil olan “xalq düşmənləri”nin fəaliyyət göstərdiyi bəyan edib. Əlavə edib ki, dövlət təhlükəsizlik orqanları əməkdaşlarının onlara çoxsaylı sualları yarana bilər. Ümumiyyətlə, Qazaxıstanda nə baş verir? Rusiyanın nüfuzlu “Lenta.ru” nəşri bunu araşdırmağa çalışıb. İlk olaraq həbslərə toxunulub. Qeyd edilib ki, ötən 2016-cı ilin sonu və bu ilin əvvəlində prezident administrasiyası rəhbərinin müavini Baqlan Maylıbekov, iqtisadiyyat naziri Kuandık Bişimbekov və Vahid Pensiya Fondunun rəhbəri Ruslan Yerdenayev vəzifələrindən azad edildikdən sonra həbs olunblar.
Bundan əlavə, Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Nartay Dutbayevdən başqa yerə getməmək barədə iltizam alınıb. Saxlanılan məmurlar bir sıra cinayətlərdə günahkar bilinirlər. Konkret olaraq PA rəsmisi və Milli Təhlükəsizlik Komitəsinin rəhbəri dövlət sirlərinin yayılmasında günahlandırılır. “Bəs görəsən onlar kimə və hansı sirləri açıqlayıblar?” – deyə nəşr sual edib. Dərhal da belə bir qənaətə gəlib ki, Maylıbekovun işində əsas şübhəli Rusiyadır. Konkret olaraq qeyd edilib ki, Prezident Administrasiyasında Kremlə işləyənlər var. Dutbayev isə rəsmi Astananın əsas siyasi opponenti kimi göstərilən və hazırda mühacirətdə olan oliqarx Muxtar Ablyazovla münasibətlər qurmağa çalışıb. Keçmiş iqtisadiyyat naziri və Pensiya Fondunun rəhbəri isə təsərrüfat işləri ilə bağlı ittiham olunurlar.
Ən maraqlısı isə prezidentin nəvəsi Aysultan Nazarbayevin sosial şəbəkələrdə yazdığı qalmaqallı fikirlər olub. Onun “facebook”dakı statusu hökumətdə düşmənlərin cəm olmasına həsr olunub: “Heç bir yerdə “xalq düşmənləri” fikirləri deyilmir. Amma hakimiyyətin yüksək eşalonunda onların sayı artıb”. Hətta nəvə konkret adlar da çəkib. O, Milli Bankın rəhbəri Daniyar Akişiyevin və Prezident Administrasiyasının rəhbəri Adilbek Caksıvekovun səmimiliyinə şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, küçədə istənilən birindən soruşsanız kimlərin xalqı soyub taladığını deyəcək. Bu sırada baş nazirin müavini İmanqali Tasmaqambetovu və biznesmen Təhlükəsizlik Şurasının keçmiş katibi Bulat Utemuratovu göstərib. Maraqlısı odur ki, Utemuratov 2000-ci ildə demokratikləşmə üzrə Milli Komissiyaya (xalq arasında bu qurumu zarafatla NKVD adlandırırlar-müəl) rəhbərlik edib. Prezidentin nəvəsi əmindir ki, Milli Təhlükəsizlik Komitəsinin (MTK) indiki rəhbəri Kərim Məsimov prezidentin ətrafını korrupsioner ünsürlərdən təmizləyəcək. Sosial şəbəkələrdə dərhal 37-ci ilin repressiyaları xatırlanılıb. Qeyd edilib ki, 2000-2010-cu illərdə respublikada yüksək rütbəli xeyli məmur həbs edilib. Onların sırasında baş nazirlər -Serik Axmedov və Akejan Kajeqeldin, DİN və MTK-nin rəhbərləri, nazirlər və onların müavinləri, agentlik, dövlət şirkətləri, əyalət rəhbərləri – bütövlükdə 30-a yaxın insan olub. Qazaxıstanda jurnalistlər hətta zarafat edirlər ki, nazirlərdən ibarət bütöv bir həbsxana kabineti də düzəltmək olar.
Qazaxıstanlı politoloq Daniyar Aşimbayev hesab edir ki, yüksək rütbəli məmurların həbsi bir faktla bağlıdır: məmurların bir qismi dövlət idarəedilməsi sektorunu və iqtisadiyyatı rüşvət və korrupsiya mənbəyi kimi görür. “2017-ci illərin həbsləri müxtəlif səbəblərlə bağlıdır. Onları birləşdirən iki əsas tendensiya hiss olunur. Birincisi, dövlətin sərf etdiyi vəsaitlər üzərində nəzarəti gücləndirmək cəhdidir. Digər məsələ, ölkədə hakimiyyət uğrunda mübarizənin güclənməsidir. Dövlət başçısı “varis” planını işə salmasa da, mütəmadi olaraq onun yaxın ətrafı, oliqarxlar mübarizə güclənir”, – deyə ekspert vurğulayıb.
Qazaxıstan üçün digər vacib bir məsələ – müxtəlif regionlarda torpaq uğrunda baş verən kütləvi narazılıqlardır. Ötən il Torpaq Məcəlləsinə edilən dəyişikliklərə qarşı baş qaldıran etirazlarda hətta ölənlər də olub. Başqa bir narazılıq milli valyutanın devalvasiyaya uğraması ilə bağlıdır. Prezident isə yaranmış gərginlikdən çıxış yolu taparaq Torpaq Məcəlləsinə dəyişiklikləri təxirə saldı. Qeyd edək ki, bu dəyişiklik xaricilərə ölkə ərazisində torpaq almaq hüququ verirdi.
Ən təhlükəli məsələlərdən biri də Qazaxıstanın qərb əyalətlərində ekstremist, radikal dini təşkilatların fəallaşmasıdır. Məsələn, Aktyibinskdə terrorçuların hücumu zamanı xeyli ölən və yaralanan oldu. Silah mağazası və hərbi hissəyə hücuma görə radikal islam qruplaşması məsuliyyəti öz üzərinə götürdü. Ölkənin iqtisadi vəziyyətinə gəldikdə, bu il üçün hökumətin proqnozu qənaətbəxş göstərilir. Lakin iqtisadçılar əmindirlər ki, ümumdaxili məhsulun həcmi ən yaxşı halda maksimum 1 faiz artacaq. Bu da o halda mümkün ola bilər ki, Xəzərdəki Kaşaqan yatağı tam gücü ilə işləsin. Analitiklər açıq şəkildə bildirirlər ki, bu, Qazaxıstanın sonuncu ümididir. Belə bir vəziyyətdə isə Astana Konstitusiya islahatlarına başlayır. Ümumiyyətlə, hakimiyyətin qolları arasında səlahiyyət bölgüsü məsələsi yüksək rütbəli məmurlar arasında çoxdan idi ki, müzakirə olunurdu. Hələ 2012-ci ildə prezidentin müşaviri Yermuhammed Ertısbekov bu islahatların mahiyyətini rusiyalı jurnalistlərə belə açıqlamışdı ki, “ölkədə ikinci Nazarbayev olmayacaq. Dövlətin ikinci prezidenti kim olursa olsun, Nazarbayev qədər səlahiyyətlərə malik olmayacaq”.
Beləliklə, həbslər seriyası, Konstitusiya islahatları və vəd edilən təmizləmələr bir məsələdən xəbər verir – Astana hakimiyyətin ötürülməsinə hazırlaşır. Uzun müddət idi ki, hakimiyyət orqanları ölkədəki siyasi və sosial sabitliyi başlıca uğur hesab edirdilər. Ölkə həm xarici, həm da daxili siyasəti ilə nümunə kimi göstərilirdi. İndi isə sabitlik dövrü başa çatır və ölkə yeni dövrə qədəm qoyur. Belə görünür bu dövrdə ilk iş ölkənin korrupsioner və “xalq düşmənləri”ndən təmizlənməsidir. (Kaspi.az)